SON XƏBƏRLƏR

GÜL KİMİ YALAN?!

2021.10.20, 07:36
GÜL KİMİ YALAN?!

Gunaz.tv
Türkiyə hökuməti Ermənistanla anlaşmanın məğzini hələ də gizlətməyə çalışır İlham Əliyev Ankaradan gözlədiyi cavabı ala bilmir Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Ermənistanla yaxınlaşması ilə bağlı ilk dəfə açıq danışıb. Brüsseldə keçirdiyi mətbuat konfransında dövlət başçısı bəyan edib ki, Azərbaycan Türkiyənin Ermənistanla münasibətlər qurmasına qarışmaq fikrində deyil. Ancaq bir sadə sual var və ona sadə cavab verilməlidir: Ermənistanla yaxınlaşma Dağlıq Qarabağ məsələsi ilə paralel aparılır, ya yox? İ.Əliyev onu da deyib ki, Ermənistanla Türkiyə arasında əldə edilən “Yol xəritəsi” anlaşması haqda ziddiyyətli bəyanatlar eşidilir, bir tərəf deyir ki, bu anlaşmada şərtlər var, o biri tərəf isə heç bir şərtin olmadığını deyir. Prezident İrəvan və Ankaradan səslənən bu bəyanatları “söz oyunu” adlandıraraq deyib ki, Azərbaycanın, regionun və dünyanın ortada nə olduğunu bilməsi vacibdir. Bu bəyanat dünən Türkiyə mediasında da geniş yer alıb. Azərbaycan dövlət başçısının bəyanatından belə görünürdü ki, İ.Əliyev əslində Türkiyə ilə Ermənistan arasında anlaşmanın bütün detallarından xəbərdardır və dövlətin siyasətini buna uyğun redaktə etməyə başlayıb. Lakin Azərbaycan üçün məyusedici və anlaşılmaz olanı budur ki, Türkiyə rəhbərliyi anlaşmanın məğzini hələ də nəinki ictimaiyyətdən, hətta dövlət başçısından da gizli saxlayır. Xəbər verildiyi kimi, Ermənistanla “Yol xəritəsi” anlaşmasının elan olunmasının ertəsi günü prezident Abdullah Gül İ.Əliyevə zəng vurub. Həmin telefon söhbəti haqda Çankaya sarayından yayılan açıqlamada deyilirdi ki, prezidentlərin danışığı qarşılıqlı anlaşma şəraitində keçib. Lakin bir gün sonra Azərbaycan prezidentinin administrasiyası həmin telefon söhbətində qarşılıqlı anlaşmadan söhbət getmədiyini göstərən qısa açıqlama yaydı. İndi isə bəlli olub ki, hətta prezident A.Gül də Azərbaycan rəhbərliyini, şəxsən dövlət başçısını Ermənistanla anlaşma barədə dürüst şəkildə məlumatlandırmayıb. Gizli anlaşmanın və danışıqların detallarının ictimaiyyətlərə açıqlanmamasını diplomatiyada başa düşmək olar. Amma bir dövlətin başçısının digər dövlətin başçısına kifayət qədər həssas məsələ ilə bağlı düzgün məlumat verməməsi başa düşülmür. Xüsusən də əgər söhbət Türkiyə kimi Azərbaycanla qardaş ölkədən gedirsə. YA “HƏ”, YA “YOX” Xatırladaq ki, “Yol xəritəsi”nin elan olunmasından cəmi bir gün əvvəl Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edirdi ki, Qarabağ münaqişəsinin nizamlanmasında konkret addımlar atılmadan Ermənistanla anlaşmadan söhbət gedə bilməz. Eyni məzmunlu bəyanatlar Türkiyə prezidenti və parlament rəhbəri səviyyəsində də səslənmişdi. Nəticədə Azərbaycan ictimaiyyətində bu bəyanatlara etibar etməyə üstünlük verərək narahatlıqlar azaldı. Ancaq gözlənilmədən və gecəyarısı elan edilən “Yol xəritəsi” Türkiyə iqtidarından verilən bəyanatların yalan olduğunu göstərdi. İndi Türkiyə iqtidarı Azərbaycanı inandırmağa çalışır ki, “Yol xəritəsi”nin həyata keçirilməsi Qarabağ məsələsinə bağlıdır. Ermənistanda isə prezident və xarici işlər naziri səviyyəsində bəyan olunub ki, anlaşmada heç bir ilkin şərtdən söhbət getmir, üstəlik türklər danışıqlar zamanı heç vaxt Qarabağ məsələsini qaldırmayıb. Belə ziddiyyətli bəyanatların fonunda ictimaiyyətlərin Türkiyə iqtidarı tərəfindən doğru-dürüst məlumatlandırılmaması bir yana, hətta bu ölkənin prezidenti də “Yol xəritəsi”ndən bir gün sonra zəng vurduğu Azərbaycan dövlət başçısına nə baş verdiyi haqda məlumat verməyib. Azərbaycan Türkiyə iqtidarından “Ermənistanla anlaşmada Qarabağ şərti yer alır, ya yox” sualına “hə” və ya “yox” şəklində çox sadə cavablardan birini eşitmək istəyir. Belə cavab isə yoxdur. Azərbaycan rəhbərliyinin danışıqların detalları haqda başqa mənbələrdən məlumatlandırılması isə artıq fərqli məsələdir. “YOL XƏRİTƏSİ”NİN YENİ PƏRDƏARXASI Bu arada Türkiyə mətbuatı “Yol xəritəsi” anlaşmasının pərdəarxası ilə bağlı bəzi məlumatlar yayıb. “Hürriyet” qəzetinin yazdığına görə, aprelin 23-də elan edilən anlaşmada baş rolu ABŞ oynayıb. Bildirilir ki, həmin günlər ABŞ-ın vasitəçiliyi ilə saatlarla davam edən gərgin danışıqlar aparılıb. Türkiyə hökuməti Azərbaycanın etirazları nəticəsində Ermənistanla anlaşmadan geri addım atmağa hazırlaşdığını görən Vaşinqton işə qarışıb və Ankaraya belə mesaj göndərilib: əgər anlaşma əldə edilməsə, prezident Barak Obama “soyqırım” ifadəsini işlədə bilər. Qəzetin yazdığına görə, aprelin 23-də dövlət katibinin köməkçisi Metyu Brayza İrəvanda danışıqlar aparmaqda ikən ABŞ-ın Ankaradakı səfiri Ceyms Ceffri xarici işlər nazirinin müavini Ərtoğrul Apakanla intensiv təmasda olub. Gecə saatlarına qədər davam edən təmaslar zamanı Türkiyə tərəfi İrəvan və Ankaradan eyni anda açıqlanacaq bəyanata Qarabağ münaqişəsi ilə bağlı ifadə daxil olunmasını istəsə də Ermənistanda bunu rədd ediblər. Nəticədə geri çəkilən tərəf Ankara olub. Ankaradan təklif edirlər ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonlardan 5-ni boşaltsın. Lakin Ermənistanda deyiblər ki, Dağlıq Qarabağın statusunu təmin edən anlaşma əldə edilmədən bu mümkün ola bilməz. “Hazırda danışıqlarda əsas fikir ayrılığı Dağlıq Qarabağda referendum keçirilməsi ilə bağlıdır. Ermənilər bölgədə tək referendum keçirilməsini istəyir, Azərbaycan isə iki ayrı səsverməyə tərəfdardır. Laçın dəhlizinin statusu, Kəlbəcərin boşaldılması da danışıqlarda əsas maneələrdir”- deyə qəzet yazıb. AZƏRBAYCAN İSTANBULDAKI ENERJİ KONFRANSINI BOYKOT ETDİ Gözlənilir ki, sabah baş nazir Rəcəb Tayyib Ərdoğan Bakıya səfər edə bilər. Hələlik Gül-Əliyev telefon danışığı istisna olmaqla iki ölkə siyasi rəhbərliyi arasında heç bir təmas olmayıb. Bu da münasibətlərin kifayət qədər soyuq olduğunu, Türkiyə iqtidarının qəbul etdiyi qərarı Azərbaycana izah edə bilmədiyini göstərir. Xəbərlərə görə, Azərbaycan İstanbulda Hərbi Akademiyalar Komandanlığına bağlı Strateji Araşdırmalar İnstitutunun təşkil etdiyi enerji konfransını da boykot edib. Azərbaycandan sənaye və energetika naziri Natiq Əliyev bu konfransa dəvət olunsa da ora getməyib. Konfransda iştirak edən Türkiyənin enerji naziri Hilmi Gülər deyib ki, Natiq Əliyev ona “özünü yaxşı hiss etmədiyi üçün” konfransa gələ bilməyəcəyini deyib. Ancaq mətbuat yazır ki, bu jest Ankara-Bakı münasibətlərindəki gərginliyin göstəricisidir. Fərhad Məmmədov

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar