SON XƏBƏRLƏR

Güney Azərbaycan problemi BMT konfransında qaldırılıb

2021.10.20, 07:36
Güney Azərbaycan problemi BMT konfransında qaldırılıb

Gunaz.tv
Güney Azərbaycan problemi BMT konfransında qaldırılıb Faxtə Zamani Azərbaycan türklərinə qarşı aparılan irqi ayrı-seçkilik siyasətilə bağlı geniş məruzəylə çıxış edib İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiəsi Assosiasiyasının (ADAPP) prezidenti Faxtə Zamani İsveçrənin Cenevrə şəhərində BMT-nin təşkil etdiyi "Dünya İrqçiliklə Mübarizə Konfransı"na ("Durban II") qatılıb. O, aprelin 23-də "Voices: Everyone affected by racism has a story that should be heard" (İrqçiliyə məruz qalmış hər kəsin anladacaq bir hekayəsi var) panelinde İranda Güney Azərbaycan türklərinə qarşı aparılan irqi ayrı-seçkilik siyasətilə bağlı geniş məruzəylə çıxış edib: "Mən üç ildir İranda qeyri-fars millətlərinin ana dili və mədəni haqlarını əldə etmək üçün verdikləri mücadiləyə diqqət çəkmək məqsədilə müxtəlif toplantılarda bu məsələni qaldırmışam. Turqut Bu işi dayandırmaq üçün çoxlu təhdidlər almağıma baxmayaraq, insan haqları pozulanları və onların ailələrini təmsil etmək üçün əlimdən gələni edirəm. Bu insanlar sadəcə ana dillərini istifadə etdikləri və ya ana dilində təhsil tələb etdikləri üçün həbs olunaraq işgəncəyə məruz qalırlar. Bütün bunlar İrandakı toplumadak yayılmış irqçilik siyasətinin bir nəticəsidir. Nə yazıq ki, İranda böyümüş bir azərbaycanlı olaraq irqçiliyə bir neçə dəfə şahid oldum. Bunun bir nəticəsi olaraq irqçiliyə məruz qalan digər bütün toplumları anlayır və hisslərini paylaşıram. Bəhs etdiyim irqçilik sadəcə dövlət deyil, İrandakı toplumun hamısı tərəfindən mənimsənilib. İran nüfuzunun yarısından çoxunu təşkil edən qeyri-fars millətlərinin məruz qaldığı bu ayrı-seçkilik uşaqlıqdan etibarən insanların həyatında öz təsirini göstərməkdədir". O daha sonra İranda bir azərbaycanlı olaraq yaşadığı təcrübələrdən söhbət açıb: "Azərbaycanlıların əksəriyyəti kimi, evdə ana dilində danışar və dilimiz, mədəniyyətimiz və tariximizlə qürur duyan ailəmdən azərbaycanlıların İran toplumunda böyük önəmini açıqlayan hekayələr dinləyərəek böyüyürdüm. Bu hekayələr mənə güclü və dəyərli bir xalqın nəslindən gəldiyimi hiss etdirirdi. Bütün bunlar məktəbdə ibtidai təhsil aldığım zaman irqçiliyi tanıyandan sonra dəyişdi. Bu irqçiliyi sinif yoldaşlarımdan deyil, müəllimlərimdən görməyim durumu daha da pisləşdirdi. Məktəbdə fars dilində danışmağı öyrənməyə məcbur edilirdik və ana dilimizdən istifadə etmək böyük bir günah sayılırdı. Tarix kitablarımızda bütün olaylar fars irqinin üstünlüyünün nümayiş etdirildiyi şəkildə verilmişdi. Heç birimiz ana dilimizdə yazılmış kitabları oxuya bilmirdik və fars mədəniyyəti bizə bütün iranlıların ortaq kimliyi kimi göstərilirdi. Azərbaycan türklərinin İran tarixindəki önəmli rolları görməzdən gəlinirdi. Bir çox yerdə Azərbaycan türklərindən pers mədəniyyətini yandırıb-yaxan vəhşi barbarlar olaraq bəhs edilirdi. Təhsil Nazirliyinin müfəttişləri siniflərimizə girərək müəllimlərin dərsin məzmununu ardıcıl təqib edib-etmədiklərini yoxlayardılar. Əks təqdirdə müəllimlərimiz əksəriyyəti azərbaycanlı olmalarına baxmayaraq, işlərini itirə bilərdilər. Ona görə də sistemə uyğunlaşmışdılar. Təhsil Nazirliyi fars dilindən başqa dillərdə danışan uşaqların sinifdə döyülmək və ya məktəbdən kənarlaşdırılmaqla cəzalandırılmasına icazə verirdi. Fars dilindən başqa dildə ayaq yoluna getmək üçün icazə istəyən şagirdlər belə cəzalandırılırdı. İrqçilik sadəcə məktəbdə deyildi, mənsubu olduğum millətin mütəmadi olaraq radiolarda, televiziya kanallarında və rəsmi mətbu orqanlarda təhqir edildiklərinə şahid olurdum. Bu gün bu durum hələ də davam edir. Azərbaycanlılar yerli radiolarda və qəzetlərdə ağılsız, insanlıqdan uzaq "hamamböcəkləri" olaraq təsvir edilirlər. Qeyri-fars millətlərinin çoxluq təşkil etdiyi bölgələrin iqtisadi inkişafı əngəllənir. Əksəriyyətinin azərbaycanlılar olduğu məhəllələrdə mağaza və dükanlar üçün fars dilindən başqa dillərdə ad seçilməsinə belə maneçilik törədilir. Əks təqdirdə, dükanlara zərər verilir və ya qapadılır". Faxtə Zamani bildirib ki, İranın qeyri-fars millətlərinə yönəlik irqçilik siyasəti sadəcə ölkə sərhədləri çərçivəsində bitmir: "Şəxsən mən İranın xaricində qərbləşmiş iranlılar tərəfindən bir çox irqçi danışıqlara şahid oldum. Bu irqçi tərzin təhsil səviyyəsinin yüksəlməsilə sona çatmaması təəssüf doğurur. Elit təbəqələr, professorlar, doktorlar və başqaları hələ özlərinə son dərəcə təbii gələn bu tərzi davam etdirirlər. İranın siyasi müxalifət təşkilatları da eyni vəziyyətdədirlər. İrandakı mövcud rejimə müxalif olan Xalq Mücahidləri Təşkilatının İraqdakı düşərgəsində azərbaycanlıların ana dillərində danışmalarının yasaqlandığı məlumdur. Bir çox insan bu məsələyi İranın nüvə proqramı, ya da insan haqları pozuntularının yanında daha əhəmiyyətsiz görür. Ancaq İranda qeyri-fars millətlərinin məruz qaldığı irqçilik siyasəti ən azı mövcud rejimin üzləşdiyi digər məsələlər qədər ciddiyə alınması vacib olan son dərəcə əhəmiyyətli bir mövzudur. Qeyri-fars millətləri İran əhalinin yarısından çoxunu təşkil etdikləri üçün bu problem əslində ölkədəki toplumun əksəriyyətinin problemidir". ADAPP prezidenti bildirib ki, İran əhalisinin 1/4-dən çoxunu təşkil edən azərbaycanlılar Azərbaycan Respublikasının əhalisindən təxminən üç dəfə çoxdurlar: "Sərhədin iki tərəfindəki azərbaycanlılar ortaq dili və mədəniyyəti paylaşırlar, ancaq Azərbaycan Respublikası 1991-ci ildən bəri istiqlaliyyətini qazanıb kültürəl olaraq inkişaf edərkən Güney azərbaycanlıları 80 ildən çoxdur farslaşmaya məruz qoyulur. İranda assimilyasiya siyasətinə boyun əyməyən azərbaycanlılar təzyiqlərlə üzləşir və toplumsal inkişafları əngəllənir. Fars şovinist rejiminin ayrı-seçkilik siyasətinə qarşı səsini yüksəltməyə cəsarət edənlər isə tutulur, işgəncə görür və hətta öldürülürlər. Bu vəziyyət 2006-cı ilin may ayında "İran" adlanan rəsmi qəzetdə dərc olunmuş bir fars uşağıyla Azərbaycan türkcəsində danışan bir "hamamböcəyi" arasındakı dialoqun baş tutmamasını anladan karikaturalar nəticəsində açıq-aşkar ortaya çıxdı. Buna etiraz əlaməti olaraq azərbaycanlıların sıxlıq təşkil etdiyi Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Xoy, Sulduz (fars şovinistləri Nəqədəyə dəyişdirib) və digər şəhərlərdə xalq küçələrə çıxaraq nümayişə başladı. İrandakı mövcud rejimin bu aksiyalara münasibəti çox sərt oldu. Nəticədə yüzlərlə insanın həbs edildiyi və onlarla silahsız nümayişçinin təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirildiyi məlumdur. Tanınmış siyasi fəal ("vicdan məhbusu") Abbas Lisani bu nümayişlər vaxtı tutulmuş və məhkəməyə çəkilmişdi. Onun cəzası dükanının Azərbaycan türkcəsindəki adını dəyişdirməyi rədd etməsi səbəbilə barəsində çıxarılmış digər cəzayla birləşdirildi. Milli fəalın həbs müddəti təxminən 6 ay öncə bitdi. Abbas Lisani həbs müddətində həbsxana məmurlarının kobud davranışlarına etiraz əlaməti olaraq bir neçə dəfə aclıq aksiyası keçirməsinə baxmayaraq, ancaq ona təzyiqlər davam etdi. Abbas Lisanilə eyni aqibəti yaşayan çoxlu sayda fəal var. Məsələn, 17 yaşlı Məhəmməd Rza Əvəzpur ana dilində təhsil tələb etdiyi üçün barəsində çıxarılmış 15 aylıq həbs cəzasını yaxında çəkməyə başlayacaq. Ötən aylarda Hüseyn Hüseyni, Əsgər Əkbərzadə, Ərdəşir Kərimi, Behruz Əlizadə, Vədud Səadəti və Rəhim Qulami adlı fəallar ana dillərilə bağlı mədəni fəaliyyətləri ucbatından sürgündə çəkilməklə 5 il həbs cəzasına məruz qoyuldular. Karikatura etirazlarının ildönümündə həbs olunmuş 25 yaşlı mədəni fəal Fərhad Möhsüni 20 gün müddətində gördüyü şiddətli işgəncələr ucbatından həyatını itirdi. Bunlar yaşananların sadəcə məlum olan tərəfləridir. İrandakı məhkəmə sisteminin fəaliyyəti demək olar gizli olduğu üçün əksər insanlar bəhs etdiyim durumları yaşaya bilər. İranda adət halını almış irqçilik və etnik ayrı-seçkilik siyasəti əsla daha önəmli görünən digər məsələlərin kölgəsində buraxılmamalıdır. İrqçilik mənim kimi insanlar üçün həyatı boyunca ayrı-seçkilik və irqçi fikirlər eşitmək, ana dilinə və mədəniyyətinə yadlaşmağa məcbur edilmək anlamına gəlməkdədir. İranda açıq-aşkar irqçilik siyasətinə qarşı səsini yüksəltməyi seçmiş olan daha cəsur insanlar üçünsə bu, həbs olunmaq, işgəncə görmək və hətta öldürülmək deməkdir. Bunlar İran toplumunda yer almış problemlərin görüntüləridir. Əgər bu yad düşmənliyi (ksenefobiya) fəlakətini müalicə edə bilsək, digər dilləri eşidəcək, mədəniyyətlərin və toplumun inkişafına şahid olacağıq. İranda öz mədəniyyətlərini ana dillərində öyrənmələrinə və milli qəhrəmanlarını anmalarına şərait yaradacağıq. Hər şeydən önəmli isə əsan insan haqları üçün mücadilə edən fəalların işgəncə verilərək öldürülməsinin qarşısını alacağıq. Bütün bunlara gedən ilk addım bu irqi ayrı-seçkilik siyasətini dünyaya çatdırmaqdır. Hamımız birlikdə kiçik bir qıvılcımı irqçilik divarlarını yandıracaq şiddətli yanğınlara çevirə bilərik. Bu səbəbdən bütün dünyanı İran toplumunun əsas probleminə çevrilmiş irqi ayrı-seçkilik siyasətindən xəbərdar etməli və bunun sona çatması üçün səy göstərməliyik".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar