SON XƏBƏRLƏR

İran Azərbaycanın ərazi sularına soxulacaq!

2021.10.20, 07:36
İran Azərbaycanın ərazi sularına soxulacaq!

Gunaz.tv
İran Azərbaycanın ərazi sularına soxulacaq! Azərbaycan XİN hələlik rəsmi reaksiya verməkdə tələsmir İran və Azərbaycan arasında Xəzərdə yaranan mübahisəli yataqlar məsələsi yenidən gündəmə gəlmək üzrədir. Buna səbəb mayın 15-dən İran hökumətinin Xəzər dənizindəki neft yataqlarında qazma işlərinə başlamaq niyyətidir. Bu ölkənin kütləvi informasiya vastələrinin yaydığı məlumata görə, bu barədə İranın "North drilling company" şirkətinin icraçı direktoru Əsgər Rafii bəyan edib. Onun sözlərinə görə, prezident Mahmud Əhmədinejad qazma işlərinə başlamaq barədə göstəriş verib. İlkin mərhələdə 2 kəşfiyyat quyusu qazılacaq, daha sonra isə iri həcmli hasilata başlanılacaq. Qeyd edək ki, Xəzər şelfinin İrana aid hissəsi karbohidrogen ehtiyatları baxımından o qədər də zəngin deyil. Lakin məsələnin daha maraqlı tərəfi İranın neft hasilatını özünün hesab etdiyi 20 faiz ərazidə aparmasının mümkünlüyünə dair yayılan məlumatlardır. Digər maraqlı məqam isə İranın yenidən özünün hesab etdiyi ərazilərə hər hansı xarici qüvvənin buraxılmayacağını bildirməsidir. İran Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qəşqavi jurnalistlərlə söhbətində Xəzər dənizinin İran sektorunda xarici şirkətlərin qazıntı aparmasına icazə verməyəcəklərini bildirib. H.Qəşqavi Xəzər dənizinin hüquqi statusu barədə müzakirələrin davam etdiyini vurğulayıb: "Xəzər dənizilə bağlı müzakirələrin aparılması işində 1921 və 1940-cı illərin müqavilələri kimi baza prinsipləri var. Amma qapalı dəniz və göllərin vəziyyətilə bağlı müəyyən beynəlxalq konvensiyalar olmadığından, bu sahədə fəaliyyət Xəzəryanı ölkələrin birgə razılığı ilə aparılmalıdır". H.Qəşqavi də İranın may ayında Xəzər dənizinin özünə məxsus hesab etdiyi hissəsində neft və qazın çıxarılması üçün qazıntılara başlayacağını vurğulayıb. O, qazıntıların konkret hansı məntəqədə aparılacağını deməyib. Lakin bundan əvvəl İranın Milli Neft Sirkəti bildirib ki, Xəzər dənizində İranın neft hasil edən ilk platforması - "İran-Alborz" tezliklə istismara veriləcək. Qeyd edək ki, "Alborz" İranda "Alov" yatağının adıdır. Bu isə ondan xəbər verir ki, İran sözügedən platformanı istismara verməklə "Alov" yatağının işlənməsində israrlıdır. Qeyd edək ki, "Araz-Alov-Sərq" yataqlarına görə Azərbaycanın İranla mübahisəsi davam edir və həmin yataqların işlənməsi hələ də "dondurulmuş" vəziyyətdədir. Ekspertlər qeyd edir ki, Xəzərin cənub hissəsinin statusu müəyyən olunmadığından, İranın burada irimiqyaslı neft hasilatına başlaması da yolverilməzdir. Rəsmi Bakı isə hələlik məsələyə reaksiya verməyə tələsmir. Bununla bağlı XİN sözçüsü Elxan Poluxov "Exo" qəzetinə verdiyi açıqlamada qeyd edir: "Hazırda söhbət KİV-də yayılan və rəsmi təsdiqi olmayan informasiyalardan gedir. Ona görə də bu məsələyə rəsmi şərh vermək məqsədəuyğun deyil. Yalnız onu xatırladım ki, Xəzərin statusu barədə danışıqlar hələ başa çatmayıb. Azərbaycan, Türkmənistan və İran arasında dəniz sərhədləri müəyyən olunmayıb". Xatırladaq ki, status məsələsilə bağlı sayca 25-ci Xəzər dialoqu iki həftə əvvəl Moskvada keçirilib. Lakin bu dəfə də Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazağıstanın xarici işlər nazirləri müavinlərinin dənizin bölüşdürülməsi üzərində müzakirələri nəticəsiz başa çatıb. Xəzərin hüquqi statusunun təyinilə bağlı nəticələr olmadığı kimi, dənizdə təhlükəsizlik mexanizminin təmini barədə də tərəflər ortaq məxrəcə gələ bilməyib. Konkret statusa gəlincə, Moskvadan enerji təhlükəsizliyi məsələləri üzrə ekspert Aleksandr Pikayev bu yöndə müzakirələrə skeptik yanaşır: "Məncə, bu, problemin ssenarisi artıq çoxdan bəllidir. Şadəcə olaraq, problem 18 il əvvəl - xəzəryanı ölkələrdən 3-nün öz müstəqilliyini elan etməsindən sonra böyüməyə başladı. Yəni bu ərazilər yeni dövlətlər üçün tanınmaz idi. Belə bir vəziyyətdə İran dənizin sabiq Şovetlər Birliyilə ortaq şəriki qismində öz yerini genişləndirməyə girişdi. Məsələ bundan ibarətdir. Ancaq hər kəs öz payını yaxşı bilir. Xəzərdə enerji layihələri icra olunur, kəmərlər çəkilir və sair və ilaxır. Beləliklə də indi ortalıqda dialoq üçün heç bir yenilik yoxdur. Əslində dialoq özü də yoxdur. Hamı rahatca işini görür və əlbəttə ki, heç kəs bu vəziyyətin dəyişməsini istəməz". Bir sıra ekspertlər isə diqqəti buna yönəldir ki, Xəzər hövzəsində neft və qazın hasilatı da ildən-ilə sürətlə artmaqdadır və məhz bu baxımdan bölgədəki enerji siyasəti, təhlükəsizlik məqamları və karbohidrogen ehtiyatların daşınma yolları məsələsi xüsusi əhəmiyyət alır. Xəzərdə nəql marşrutlarına gəlincə, Pikayev qeyd edir: "Rusiyanın yanaşması belədir ki, əməkdaşlıq ilk növbədə iqtisadi məqsədəuyğunluğa söykənməlidir, geosiyasi maraqlara, kimisə yan keçmək məqsədlərinə söykənməməlidir. Bu səbəbdən Rusiya, Xəzərə əlavə qüvvələrin gəlməsinə qarşı olduğu kimi, buradan çıxan neft-qaz kəmərlərinin də ondan yan keçməsini istəmir. Eyni mövqeni İran da nümayiş etdirir". // "Bakı-xəbər"

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar