SON XƏBƏRLƏR

MƏNİM SADƏ SUALLARIM

2021.10.20, 07:36
MƏNİM SADƏ SUALLARIM

Gunaz.tv
MƏNİM SADƏ SUALLARIM Könül ŞAMİLQIZI [email protected]/* */ Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanın “fitnəkarlara uyub münasibətləri korlamayın” çağırışına Azərbaycan prezidenti İlham Əliyev Brüsseldən cavab verdi. “Bizim də öz siyasətimizi regionda mövcud olan yeni reallığa uyğunlaşdırmaq, regionda yarana biləcək yeni vəziyyətə uyğun addımlar atmaq hüququmuz var”. Azərbaycanın dövlət başçısı Türkiyə hökumətindən cavab tələb etdi: “Dünya, region və Azərbaycan xalqı nəyin baş verdiyini bilməlidir. Dağlıq Qarabağ nizamlanması Türkiyə-Ermənistan yaxınlaşması kontekstindən çıxarılıb, ya yox? Bu, çox sadə cavab tələb edən sadə sualdır”. Bu sualın sərt tonda və üçüncü ölkədə səslənməsinin Türkiyə-Azərbaycan münasibətlərindəki çatın dərinləşməsindən xəbər verdiyini söyləməyə ehtiyac yoxdur yəqin. Bir millətin iki dövləti öz məsələlərini öz aralarında deyil, özgə ölkələrdə verdikləri bəyanatlarla çözməyə çalışırlarsa, demək, problem hətta göründüyündən də ciddidir. Yəqin bu sualdan sonra hakimiyyətlə münasibətlərini anti-Türkiyə kampaniyası hesabına daha da istiləşdirmək istəyən, siyasi gələcəyini bu prosesin ön cərgəsində yer almaqda görən qrupların prezidentə dəstək bəyanatlarının, təşəkkür yazılarının, Ankaraya ünvanlanmış ittihamlarının növbəti dalğası başlayacaq, Ərdoğan hökumətinə suallar vermək yarışı şiddətlənəcək. Mənim də bəzi suallarım var: - Fevral ayında Türkiyə xarici işlər naziri Əli Babacanla birlikdə Bakıya gələn türkiyəli jurnalistlər Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova istinadla Qarabağda müvəqqəti hökumət qurulması məsələsində razılıq əldə olunduğunu yazdılar. Bu, yalandır, ya doğru? - Azərbaycan hakimiyyətinin 5 və ya 6 rayonun qaytarılmasına, bölgədə sülhməramlı qüvvələrin yerləşdirilməsinə razı olduğu barədə məlumatlar doğrudur, yoxsa yalan? Yalandırsa, niyə təkzib olunmur? Doğrudursa, Laçının, Şuşanın taleyi necə olacaq? - Azərbaycan hakimiyyətinin 10 (yaxud 15) il sonra Dağlıq Qarabağda referendum keçirilməsinə razılıq verdiyinə dair məlumatlar yalandırmı, doğrudurmu? Doğrudursa, hansı arqumentə əsaslanır, niyə Azərbaycan xalqına açıqlanmır, yalandırsa, niyə rəsmən təkzib olunmur? - Əgər bunun sadəcə iddia olduğu arqumentindən çıxış edilirsə, o zaman Türkiyənin Ermənistanla sərhədləri açacağına dair heç bir rəsmi bəyanatı olmadığı halda ona qarşı kampaniya nəyə əsasən aparılır? - Ermənistan “Dağlıq Qarabağ heç bir halda Azərbaycana qaytarılmayacaq” deyə israr edir. Bu halda danışıqlar hansı məntiqlə, hansı prinsiplə davam etdirilir? - Azərbaycan prezidenti Qarabağla bağlı bəzi problemli məsələlərdə irəliləyiş olduğunu bəyan edib. İrəliləyişlər nədən ibarətdir? - Qarabağ danışıqları hazırda hansı mərhələdədir? Bu mərhələdə Azərbaycanın mövqeyi nədən ibarətdir və mövqeyini qəbul etdirmə imkanları hansı səviyyədədir? - Mayda və ya iyunda Qarabağla bağlı sazişin imzalana biləcəyi deyilir. Bu xəbərlər nə dərəcədə əsaslıdır? - Konstitusiyaya edilən son dəyişikliklə prezidentə Azərbaycan qanunvericiliyinə uyğun olmayan müqavilələrə imza atmaq səlahiyyəti də verilib. Bunun Qarabağ məsələsi ilə hər hansı bağlılığı varmı? - Azərbaycan ictimaiyyətinə niyə Qarabağ danışıqları haqda heç bir məlumat verilmir? Hesab edilirsə ki, danışıqlar ictimaiyyətə açıqlanmamalıdır, o zaman hansı arqumentlə Türkiyədən başqa bir ölkəylə apardığı danışıqların detallarını açıqlamaq tələb olunur? - Türkiyənin baş naziri rəsmi şəkildə “Dağlıq Qarabağın işğalına son qoyulmamış sərhədlər açılmayacaq” deyir, Azərbaycan hakimiyyəti isə buna inanmadığını ifadə edir. Bu inamsızlıq hansı məlumata, hansı konkret fakta söykənir? Konkret məlumat varsa, bu niyə Azərbaycan ictimaiyyətinə açıqlanmır? - Türkiyə hakimiyyətinin nümayəndələri Ermənistanla danışıqların hər mərhələsində Azərbaycanın məlumatlandırıldığını deyirlər. Bu, yalandırmı? Yalandırsa, niyə rəsmən təkzib olunmur? - Türkiyə əleyhinə kampaniyada Rusiyanın rolunun olduğuna dair iddialar nə dərəcədə doğrudur? - “Bizim öz siyasətimizi regionda mövcud olan yeni reallığa uyğunlaşdırmaq, regionda yarana biləcək yeni vəziyyətə uyğun addımlar atmaq hüququmuz var” bəyanatı Azərbaycanın xarici siyasət prioritetlərinin dəyişməsi deməkdirmi? Xarici siyasət prioritetləri dəyişirsə, Azərbaycanın ən yaxın müttəfiqi və Ermənistanla münasibətlərinə Dağlıq Qarabağ şərtini qoyan yeganə tərəfdaşı Türkiyənin yerini hansı ölkə tutacaq? - Türkiyə hökumətindən açıqlıq, şəffaflıq tələb edən qruplar Azərbaycan ictimaiyyətinə Qarabağ danışıqları ilə bağlı məlumat verilməsi tələbini kampaniyaya çevirməyi düşünürlərmi? Çox sadə suallardır, deyilmi? Həm də Azərbaycan ictimaiyyətinin cavablarını öyrənməyə haqqı çatdığı suallardır...

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar