SON XƏBƏRLƏR

AKP-nin Ermənistan siyasəti uğursuzluğa düçar oldu

2021.10.20, 07:36
AKP-nin Ermənistan siyasəti uğursuzluğa düçar oldu

Gunaz.tv
Rasim Musabəyov: "Bundan sonra proseslər Ermənistan-Azərbaycan münasibətlərində irəliləyişin olub-olmamasından asılı olacaq" ABŞ prezidenti Barak Obamanın qondarma soyqırım günü ilə bağlı çıxışı zamanı bu hadisəni erməni dilində "böyük fəlakət" adlandırması Türkiyə rəhbərliyi tərəfindən birmənalı qarşılanmadı. Türkiyə prezidenti Abdullah Gül Barak Obamanın ermənilərin iddia etdiyi qondarma soyqırımla bağlı dediklərinə etiraz etsə də, ekspertlər Türkiyə üçün belə vəziyyətin yaranmasının əvvəlcədən gözlənilən olduğunu bildirirlər. Politoloq Rasim Musabəyov isə hesab edir ki, Barak Obamanın çıxışı ikili xarakter daşıyırdı. Barak Obamanın qondarma soyqırımla bağlı danışarkən ermənicə fikir söyləməsini bir növ ABŞ prezidentinin erməni diasporası qarşısında borcundan çıxması kimi dəyərləndirən Rasim Musabəyova görə, Türkiyə tərəfinin öz etirazını bildirməsi də təbii qarşılanmalıdı. "Ancaq mahiyyət ondan ibarətdir ki, soyqırım ifadəsi özündə müəyyən hüquqi nəticə daşıya bilər. Amma erməni soyqırımı adında ifadənin heç bir hüquqi əsası yoxdu və bu, ermənilər qarşısında Barak Obamanın öz vədinə əməl etməsi kimi qiymətləndirilə bilər. Ancaq bunun hüquqi və siyasi cəhətdən heç bir əhəmiyyəti yoxdur"- deyən politoloq bildirib ki, ABŞ administrasiyasının vəziyyətdən bu şəkildə çıxacağı əvvəlcədən gözlənilirdi. "Gözlənilirdi ki, hansısa yolla ABŞ administrasiyası çalışacaq bu vəziyyətdən çıxsın. Onlar iki yol tutdular. Birincisi, ermənilər və türklər arasında yaxınlaşma ilə bağlı məsələ ortaya çıxdı. Obama da öz çıxışında ermənilərə verdiyi vədə əməl etdi. O biri tərəfdən isə Türkiyəni özünə qarşı qoymadı". Qeyd edək ki, bir sıra ekspertlər 24 apreldən sonra Türkiyənin Ermənistanla bağlı apardığı yaxınlaşma siyasətində ciddi dəyişikliklər olmayacağını proqnozlaşdırsalar da, Rasim Musabəyov bu istiqamətdəki proseslərin əvvəlki tempdə gedəcəyini gözləmir. "Türkiyənin Ermənistanla yaxınlaşma siyasətinin aparıcı qüvvəsi xarici işlər naziri Əli Babacan idi. Ondan sonra da Abdullah Gül. Ancaq hiss olunur ki, onların bu mövqeyini hakim partiya tərəfindən hamı bölüşmür. Elə Əli Babacanın ayrı bir vəzifəyə keçirilməsi də onun bu istiqamətdəki fəaliyyətinə bir nöqtə qoyur. Bununla belə Rasim Musabəyov AKP-nin Ermənistanla bağlı apardığı siyasətin uğursuzluğa düçar olduğunu deyir. "Gördülər ki, bu siyasət heç də Türkiyənin istədiyi nəticə vermədi. O biri tərəfdən isə Azərbaycanı da çox narazı saldı. Hətta bununla bağlı Türkiyənin öz daxilində də ciddi narazılıq doğurub. Türkiyənin özündə də AKP-nin siyasəti əhali tərəfindən qəbul edilmir. Bunun özü AKP-nin Türkiyənin daxilində reytinqinə mənfi təsir etdi"- deyən politoloq bundan sonra Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı proseslərin hansı istiqamətdə gedəcəyini deməyin çətin olduğunu bildirib. "Bir çox hallarda bu, Ermənistan-Azərbaycan münasibətlərində irəliləyişin olub-olmamasından asılı olacaq. Eyni zamanda Ermənistanın daxili vəziyyəti də burada müəyyən əhəmiyyət daşıyır. Ermənistanın daxilində Daşnaksütyun partiyası tərəfindən ciddi narazılığın olduğunu qeyd edən politoloq bu ölkədə vəziyyətin daha da kritikləşəcəyini istisna etmir. "Əsas odur ki, bu müddətdə Türkiyə-ABŞ ilişgiləri real hansısa konkret məsələlər ətrafında birgə fəaliyyətə çevriləcəksə, düşünmürəm ki, ABŞ rəsmiləri cəsarət tapıb qondarma soyqırım məsələsinə bir də qayıtsınlar". Vüsalə Rafiqqızı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar