SON XƏBƏRLƏR

Bir millətin haqqını verməsən, ayrılmaq istəyər

2021.10.20, 07:36
Bir millətin haqqını verməsən, ayrılmaq istəyər

Gunaz.tv
Bir millətin haqqını verməsən, ayrılmaq istəyər Heç təbrikə imkan da vermədi(Höccətülislam Əzimi Qədim), tez-tələsik dedi ki, milləti zindandaykan özünün həbsdən buraxılmağını azadlıq hesab etmir. Bircə ailəmə görə sevinirəm deyir, uşaqlar başsız qalmışdılar. Güney Azərbaycan Milli Hərəkatının fəalı, din xadimi Əbdüləziz Əzimi Qədimi Qum şəhərindəki “Ləngəvud” həbsxanasından bir neçə gündür buraxıblar. Bu, fəalın üçüncü həbsi idi. Sonuncu ittihamı isə molla paltarı geymək qadağan olunubmuş, o da bu qərarı ədalətli saymayıb, ana dilində təhsil tələbi ilə keçirilən aksiyalara molla paltarında gedib. Höccətülislamın “Azadlıq” radiosuna müsahibəsini sizlərə təqdim edirik.- Əbdüləziz bəy, İran adlanan yerdə həm molla, həm də türkçü olmaq nə dərəcədə çətindir? - Bilirsiniz, bu libas məsələsi üzdə təqdim olunan bəhanədir ki, kənardan baxıb siyasi məhbus qiyməti verməsinlər. Əslində, məqsəd milli hüquqları qoruyan fəallara təzyiq etməkdir. Bundan başqa, İran adlanan yerdə türkçü olmaq o demək deyil ki, biz radikal millətçiyik, hədəfimiz ancaq haqlarımızı müdafiə etməkdir. Onlar istəyirlər göstərsinlər ki, azərbaycanlıların istəkləri islam dinindən uzaqdır. Əslində, biz sübut edəcəyik ki, fars şovinizmi islamdan uzaqdır. Hesab edirik ki, mollalıq müstəqil bir fəaliyyətdir və bunun hökumət tərəfindən tənzimlənməsi hüquq pozuntusudur. - Axırıncı bir ili həbsdə idiniz, nədir təəssüratınız, bu bir ildə İran adlanan yerdə azərbaycanlı fəalların vəziyyətində dəyişiklik varmı?- Fəallıq getdikcə artır. Təbrizdə, Ərdəbildə, Sulduzda, Urmiyada, Qoşaçayda fəallıq daha da yüksəkdir.- Bəs sadə xalq arasında necə?- Sadə xalq arasında da əvvəlki illərə nisbətən fəallıq çox yüksəlib. Əvvəllər ana dili haqda çox da danışmaq istəmirdilər, deyirdilər ki, dövlət dili bir olar. İndi heç olmasa deyirlər ki, onlar ana dilində təhsil istəyirlər, sadəcə, hökumətə qarşı çıxmaqdan çəkinmirlər.- Belə bir arqument də vaxtaşırı səslənir ki, İran adlanan yer təbii olaraq separatçılıqdan çəkinir, ona görə də azərbaycanlılara ana dilində təhsil haqqı vermir. - Bir millətin haqqını versən, ayrılmaz, verməsən, ayrılmaq istəyər. Hökumət də bunu bilir. Amma bir qrup fars şovinisti var ki, hökumətə təsiri yüksəkdir, bu adamların məqsədi Azərbaycan xalqını farslaşdırmaqdır, bizi farslara assimilyasiya etməkdir. Haqqını alan millət ayrılıq istəməz, odur ki, inanmıram ki, təzyiqlərin səbəbi ayrılıq qorxusudur. - Əbdüləziz bəy, milli mətbuatla bağlı vəziyyət necədir?- İran adlanan yerdə problem təkcə ana dili təhsili ilə bağlı deyil. İran adlanan yerdə haqqı istəmək də qadağandır. Bizim millətlə danışmaq imkanımız yoxdur. Fəalların kiçik qəzetlərini də bağlayırlar, özlərini həbs edirlər. Gedin Təbriz televiziyasına baxın, adı Azərbaycan türkcəsində televiziyadır, əsas verilişlər farsca verilir. Azərbaycan türkcəsində olan verilişlər də hökuməti təbliğ edirlər. - Təbrizdəkilərin Bakıdan gözləntisi nədir? - Rəsmi Bakıdan ciddi dəstək hiss etmirik. Amma hökumətdən intizar çox olmaz. Çünki yeni müstəqillik qazanmış dövlətdir, qonşusu ilə münasibətləri pisləşdirmək istəmir. Azərbaycan hökumətindən bir istəyimiz var ki, Qarabağ problemini Güney azərbaycanlıları arasında təbliğ eləsin. Buradakı azərbaycanlılar Qarabağ haqda az məlumatlıdırlar. Amma əsas intizarımız Azərbaycan xalqından, ictimai təşkilatlardan, televiziyalardandır. İstərdik ki, bizi özgə yox, özlərindən bilsinlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar