SON XƏBƏRLƏR

Rusiya və Türkiyə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının qarantı statusunu itirir – Təhlil

2026.02.09, 23:07
Rusiya və Türkiyə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının qarantı statusunu itirir – Təhlil

Yüz il öncə Sovet lideri İosif Stalin tərəfindən həyata keçirilən ən taleyüklü etnik mühəndislik layihələrindən biri olan Azərbaycanın muxtar bölgəsi olan Naxçıvanın statusu dəyişmək üzrədir. Belə ki Muxtar respublikanın parlamenti Bakıdan 1921-ci il Moskva və Qars müqavilələrinə hər hansı bir istinadı aradan qaldıran yeni konstitusiya mətnini təsdiqləməsini istəyib. Bu müqavilələr Moskva və Ankaranı Naxçıvanın statusu və sərhədlərinin qarantoru edirdi. Azərbaycan parlamenti bu qərarı 2 fevralda qəbul edib.

Gunaz.tv

Bu "Eurasia Review" saytında dərc olunan təhlildə qeyd olunub.

Bildirilib ki, bu addım, muxtar bölgənin statusunu və sərhədlərini yalnız Bakının səlahiyyətinə tabe edir.

GünazTV həmin təhlilin tam tərcüməsini təqdim edir:

"Naxçıvan Azərbaycanla Qərbi birləşdirən Trampın Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP) üzərində yerləşir və bu onun önəmini daha da artırır. Bu konstitusiya dəyişikliyi gələcək dəyişikliklər üçün yol açır. Türkiyə hökumətinin bu addımdan narahat olması ehtimalı azdır, çünki onun Azərbaycanda mövqeyi daha yeni ikitərəfli müqavilələrlə təmin edilib. Lakin Moskva, ehtimal ki, bu hadisəyə Azərbaycanın getdikcə daha müstəqil mövqe nümayiş etdirməsinin və Rusiyanın Cənubi Qafqazda təsir gücünü itirməsinin başqa bir əlaməti kimi qarşı çıxacaq. Bu itki, ABŞ vitse-prezidenti J.D. Vensin bölgəyə səfəri ərəfəsində baş verməsi məsələni Rusiya üçün xüsusilə hiddətləndirici edir.

Naxçıvanın son yüzildəki tarixi çox mürəkkəb olub. Qırmızı Ordu 1920-ci ilin iyul ayında Moskvanın bölgə üzərində nəzarətini bərpa etdikdə əvvəlcə ərazini Ermənistana vermiş, lakin sonradan onu Azərbaycana qaytarmışdır. Cənubi Qafqazda Sovet nəzarətini təmin etmək və Türkiyənin Azərbaycana və Orta Asiyaya fasiləsiz quru yolunun qarşısını almaq üçün o dövrdə Sovet Rusiyasının Millətlər üzrə Xalq Komissarı olan Stalin bölgədə sərhədləri elə çəkdi. Bununla da, Naxçıvan Azərbaycanın əsas hissəsindən Ermənistanın Sünik vilayəti vasitəsilə ayrı düşdü.

Bu vəziyyəti qalıcı etmək üçün Kreml 1921-ci ildə Sovet Rusiyası ilə Türkiyə arasında iki müqavilə, Moskva və Qars müqavilələrinin imzalanmasını təşkil etdi. Bu müqavilələrdə Naxçıvanın Azərbaycanın bir hissəsi olduğu bildirilsə də, Moskva və Ankaranın Naxçıvanın həm statusunun, həm də sərhədlərinin qarantı olduğu bildirilirdi. 1922-ci ildə Sovet İttifaqı qurulduqdan sonra Naxçıvan rəsmi olaraq Azərbaycanın bir hissəsi oldu. Bu tənzimləmə Sovet dövrünün sonuna qədər davam etdi, suverenlik paradı zamanı (Sovet imperiyası çökən zaman) Naxçıvan özünü müstəqil respublika elan etdi. 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra, Azərbaycan ərazisinə bitişik olmasa da, Azərbaycanın bir hissəsi oldu.
 

Hətta Sovet dövründə belə, bir çox azərbaycanlı Azərbaycanla Naxçıvan arasındakı Zəngəzur dəhlizini bərpa etməyi arzulayırdı, bir çox erməni isə etnik ermənilərin əksəriyyətinin yaşadığı Qarabağı Ermənistana birləşdirməyi ümid edirdi. Lakin 1988-ci ildə Azərbaycanla Ermənistan arasında münaqişə başlayana qədər azərbaycanlılar Ermənistandan keçməklə Naxçıvana, Qarabağdakı etnik ermənilər isə Ermənistana səyahət edə bilirdilər, çünki bütün bölgə Sovetlərin nəzarəti altında idi. Birinci Qarabağ müharibəsindən sonra isə vəziyyət dəyişdi. Müharibənin böyük bir hissəsində, 1988-ci ildən 1994-cü ilə qədər Ermənistan Qarabağı və qonşu Azərbaycan bölgələrini nəzarətə götürdü, Azərbaycanın isə Naxçıvana çıxmaq, Türkiyə və Qərblə ticarət etmək üçün Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizindən istifadə etməsinə mane oldu.

1994-cü ildən 2020-ci ilə qədər Dağlıq Qarabağ faktiki olaraq müstəqil idi, lakin iqtisadi, siyasi və hərbi cəhətdən Ermənistandan asılı idi. Bölgədə Ermənistanla Azərbaycan arasında təkrarlanan toqquşmalar davam edirdi. 2020-ci ildə, altı həftəlik İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan qüvvələriQarabağın böyük hissəsini geri aldıqda, Zəngəzur məsələsi, xüsusən də Çin Xalq Respublikası (ÇXR) və Avropa İttifaqı da daxil olmaqla bir çox tərəf üçün daha vacib hala gəldiyindən yenidən gündəmə gəldi.

Beynəlxalq sistem dövlət sərhədlərində baş verə biləcək hər hansı dəyişikliyi narahatlıqla qarşılayır. Bu səbəbdən Rusiya və İran Cənubi Qafqazdakı dəyişikliklərə qarşı xüsusi olaraq müxalifətdədirlər. Onlar Azərbaycanla Naxçıvan arasındakı dəhlizin siyasi statusunda hər hansı bir dəyişikliyə qarşı çıxmış, əvvəllər ərazi mübadiləsi məsələsini rədd etmiş və İrandan keçən marşrut da daxil olmaqla alternativlər təklif etmişdilər. Buna baxmayaraq, bir çox müşahidəçi nə Bakının, nə də Ankaranın Zəngəzur dəhlizini tam olaraq Azərbaycanın nəzarəti altına almaq ümidindən heç vaxt əl çəkməyəcəyinə əmindir.

Bu barədə şayiələr 2025-ci ilin avqust ayında Vaşinqtonda Bakı ilə İrəvan arasında keçirilən görüşdən sonra daha da güclənib. Qərbdə bir çoxları sammitdə Ermənistanla Azərbaycan arasında sülhə doğru addımlar atıldığını düşünürdülər və Azərbaycanla Naxçıvan arasında ABŞ tərəfindən tənzimlənən nəqliyyat marşrutu (TRIPP) planlarını həll yolu kimi görürdülər.

Digər tərəfdən, Moskva və Tehranda bəziləri bunu təkcə şimal-cənub ticarəti üçün deyil, həm də ABŞ-ın genişlənmiş rolunu nəzərə alaraq bölgədəki təsirləri üçün təhlükə kimi görürdülər. Bəziləri bunu sadəcə olaraq bu marşrut üzərində Azərbaycanın nəzarətinin qurulması və nəticədə Azərbaycanın suverenliyinin təmin edilməsi istiqamətində növbəti addım kimi görürdülər. Regionun tarixi, xüsusən də son ilin hadisələri, Naxçıvandakı konstitusiya dəyişikliyi kimi addımları anlamaq üçün imkan yaradır.

Bu dəyişikliklərin təsirləri, şübhəsiz ki, ən çox Azərbaycanda hiss ediləcək. Lakin, Bakı 1921-ci il müqavilələrini rəsmi olaraq denonsasiya etməyib və şərait tələb edərsə, Azərbaycan hökuməti son addımlarından geri çəkilə bilər. Lakin qısa perespektivdə bu hərəkət, şübhəsiz ki, Bakının getdikcə daha müstəqil beynəlxalq rol oynamağa davam edəcəyinə işarə kimi qəbul ediləcək, bu rol Rusiyanın Azərbaycan siyasətinə nəzarət etmək səylərini və başqalarının ona hakim olmaq səylərini rədd edir. Bu, faktiki olaraq, Bakını Rusiya İnqilabından sonrakı dövrdə qurulmuş və birinci dərəcəli müstəqil regional aktyor olmağa çalışan Birinci Azərbaycan Respublikasının mövqeyinə qaytarır. Uzunmüddətli perspektivdə baş verənlər Bakının Naxçıvanın muxtariyyətini ləğv etməsinə, onun statusunu ölkənin digər bölgələrinin statusu ilə eyniləşdirməsinə, Muxtar Respublikanın sərhədlərində və hətta bütövlükdə Azərbaycanın sərhədlərində dəyişikliklər etməsinə yol açır. Azərbaycanda bir çoxları bunu son nəticə olaraq Azərbaycanı bütöv etmək öhdəliyi kimi görə bilərlər.

Bundan başqa beynəlxalq oyunçular da təsirlənəcək. Şübhəsiz ki, Rusiya, təkcə Bakını geri çəkilməyə məcbur etmək üçün deyil, həm də Ermənistan hökumətinin Azərbaycanla artan əməkdaşlığını pozmaq üçün təhdidlərdən istifadə edəcək. Moskva həmçinin İrəvandakı mövcud hökuməti dəyişmək üçün daha geniş addımlar ata bilər. Çünki əks halda Ermənistan Azərbaycanla daha sıx münasibətlər qurmağa və hətta Gümrüdəki Rusiya hərbi bazasını bağlamağa çalışa bilər. Hazırkı İran hökuməti, çox güman ki, ABŞ-ın Azərbaycanla Naxçıvan arasındakı dəhlizdə iştirakını əngəlləmək üçün əlindən gələni etməyə davam edəcək. Naxçıvanın Bakının dəstəyi ilə atdığı son addımların (bəziləri bunu bir növ diplomatik ev təmizliyi kimi görür) Cənubi Qafqazın geosiyasətinə indi və gələcəkdə böyük təsir göstərəcəyi şübhəsizdir."

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar