SON XƏBƏRLƏR

Təbrizdə doktorantın dissertasiya müdafiəsi türk dilində danışdığı üçün dayandırılıb

2026.08.05, 11:37
Təbrizdə doktorantın dissertasiya müdafiəsi türk dilində danışdığı üçün dayandırılıb

Təbrizdə şəhərsalma ixtisası üzrə doktorantura təhsili alan bir tələbə bildirib ki, Memarlıq fakültəsində dissertasiya müdafiəsi zamanı sual-cavab hissəsində özü və bir neçə elmi rəhbər və rəyçi ana dilləri olan türk dilində danışdıqları üçün müdafiə prosesi dayandırılıb.

Gunaz.tv

Sosial şəbəkələrdə yayılan səs yazısında azərbaycanlı tələbə deyir ki, aylarla davam edən tədqiqat, çəkilən xərclər və müəllimlərin iştirakı üçün görülən hazırlıqlardan sonra universitetin elmi-tədqiqat bölməsinin məsul şəxsi iclasa müdaxilə edib və türk dilindən istifadə edildiyini əsas gətirərək müdafiənin davam etdirilməsinə mane olub.

Tələbənin sözlərinə görə, iclasda iştirak edən müəllimlər müdafiənin davam etdirilməsində israr etsələr də, buna icazə verilməyib və müdafiə ilə bağlı sənədlər də müəllimlərin imzalaması üçün onlara təqdim olunmayıb.

Bu addıma etiraz edən tələbə bildirib ki, bütün universitet təhsilini fars dilində almasına baxmayaraq, müdafiə zamanı özü ilə türk müəllimlər arasında türk dilində aparılan söhbətə belə mane olunub.

O, baş verən hadisənin geniş şəkildə işıqlandırılmasını və araşdırılmasını tələb edib.

Türk azərbaycanlı yazıçı və fəal Həsən Raşidi bu hadisəyə münasibət bildirərək yazıb:

"İranda əhalinin təxminən 40 faizini təşkil edən türklərin ana dili görməzdən gəlinirsə və onlara ibtidai məktəbdə həftədə cəmi iki saat belə ana dilində təhsil almaq imkanı verilmirsə, doktorluq dissertasiyasının ana dildə müdafiəsi də 'cinayətə' çevrilir."

Qeyd edək ki, son yüz il ərzində İranda hakimiyyətdə olmuş Pəhləviİslam Respublikası rejimləri fars dilini təhsil sisteminin əsas dili kimi tətbiq edərək milyonlarla türkə bu dili məcburi şəkildə qəbul etdiriblər. Nəticədə milyonlarla türk vətəndaşı ana dilində təhsil almaq hüququndan məhrum edilib.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar