SON XƏBƏRLƏR

İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib

2026.10.27, 19:29
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib

Gunaz.tv

Cəfər Pənahinin vəkili Mustafa Nili bildirib ki, Tehran məhkəməsi tanınmış azərbaycanlı kinorejissoru 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə və bütün daşınar və daşınmaz əmlakının müsadirəsi cəzasına məhkum edib.

Məhkəmə, həmçinin Pənahiyə iki il müddətinə ölkədən çıxış qadağası və sosial şəbəkələrdə fəaliyyətinə ikiillik qadağa qoyub.

Qərar qiyabi çıxarılıb. Vəkilin sözlərinə görə, hətta məhkəmə iclasının vaxtı da Pənahiyə bildirilməyib.

Bundan əlavə, rejissorun bank hesabları dondurulub. Qərarda Pənahinin ölkə xaricində olduğu göstərilsə də, o, 2026-cı il martın 30-da İrana qayıdıb.

Hazırda rejissorun barəsində üç açıq məhkəmə işi var. O, daha əvvəl ayrıca bir iş üzrə «İran İslam Respublikası əleyhinə təbliğat fəaliyyəti» ittihamı ilə bir il həbsə, iki il ölkədən çıxış qadağasına və siyasi və ictimai qruplara üzvlükdən iki il müddətinə məhrumetməyə məhkum edilmişdi.

14 illik ölkədən çıxış qadağasından sonra ötən il xaricə getməsinə icazə verilən Pənahi Avropa və ABŞ-da bir neçə ay qaldıqdan sonra 2026-cı il martın 29-da Türkiyə ilə İran arasındakı Bazərqan sərhəd-keçid məntəqəsindən İrana qayıdıb.

Güney Azərbaycanın Miyana şəhərində anadan olan Cəfər Pənahi Azərbaycan əsilli tanınmış rejissorlardan biridir.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar