SON XƏBƏRLƏR

İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib

2026.10.28, 22:30
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib

Gunaz.tv

İran Əmək Nazirliyinin rəsmisi iqtisadi durğunluğun və mənfi iqtisadi artımın davam edəcəyi təqdirdə, 1405-ci ilin sonunadək (2027-ci ilin mart ayının sonunadək) ölkədə təxminən 1 milyon 400 min iş yerinin itirilə biləcəyi barədə xəbərdarlıq edib.

İran Əmək, Əməkdaşlıq və Sosial Rifah Nazirliyinin Sahibkarlığın və Məşğulluğun İnkişafı üzrə müavini Malik Hüseyni ILNA xəbər agentliyinə bildirib ki, ötən ilin Esfənd ayından (2026-cı ilin fevral-mart ayları) bu ilin Mordad ayının sonunadək (2026-cı ilin avqust ayının sonunadək) 1 milyon 150 min nəfər icbari sığorta olunanların siyahısından çıxarılıb. Bununla belə, onların yalnız təxminən 300 min nəfəri işsizlik müavinəti alanların sırasına qoşulub.

O, müharibə, Yanvar ayında baş verən etirazlar, internetin kəsilməsi, sanksiyalar, xroniki inflyasiya və enerji çatışmazlığını məşğulluq böhranını dərinləşdirən əsas amillər kimi göstərib. Hüseyninin proqnozuna görə, İran iqtisadiyyatı 2026-ci ili 7–8 faizlik mənfi artımla başa vurarsa, əmək bazarında genişmiqyaslı iş itkisi baş verə bilər.

İranın rəsmi statistikasına əsasən, 2026-cı ilin yazında ölkədə məşğul əhalinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 450 min nəfər azalıb. Həmin müddətdə rəsmi işsizlik səviyyəsi 7,3 faizdən 9,1 faizə yüksəlib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar