SON XƏBƏRLƏR

Ana dili problemi

2021.10.20, 07:36
Ana dili problemi

Gunaz.tv
GünAzTv: Azərbaycanın Güneyində ana dilində məktəbin olmasının vacibliyi barədə çox düşünmüşəm. Və sual etmişəm ki, nə üçün fars şovinizmi israrla məktəblərdə ana dilində tədrisin qarşısını almağa çalışır. Bir halda ki, fars şovinistləri öz dillərini Tacikstanda, Əfqanıstanda, Hindistanda, hətta Banqladeşdə tədris etməyə milyonlarca vəsait xərcləyir, o zaman nədən türk dilinə bu qədər biganəlik göstərirlər və bir millətin varlığına həqarətlə yanaşırlar. Nəhayət, uzun illərin təcrübəsindən bu qənaətə gəlmişəm ki, Azərbaycan türkcəsinin qadağan olunması bir hakimin, bir mollanın, yaxud bir rejimin işi deyil, bütövlükdə böyük geopolitik siyasətin tərkib hissəsidir. İngilislər istəyiblər elə bir divar çəksinlər ki, öz müstəmləkələri ilə Sovetlər Birliyi (Rusiya) arasında bufer zona yaradılmış olsun. Bu prosesdə əsas zərbə isə Güney Azərbaycan türklərinə qarşı yönəldilib. İngilis imperializmi qərar verib ki, bir güllə ilə iki hədəfi vursun: Güney Azərbaycan türklərinin dilini, mədəniyyətini əlindən almaqla Türk dünyasının birləşməsini əngəlləsin. Başqa sözlə, Orta Asiya Türkiyə və Balkan dövlətlərinə birləşməsin. İkinci hədəfi isə fars şovinistlərinin hakimiyyətini qüdrətləndirməklə Xəlic körfəzinə və onun ətrafındakı ərəb dövlətlərinə hakim olmaq olub. Bununla Rusiyanın keçmiş arzularını gerçəkləşdirməsinə, onun isti sulara çıxmasının qarşısını almağa çalışıblar. Nəticə isə budur ki, baş verən siyasi proses fonunda qədim bir millətin – Azərbaycan türklərinin varlığı, taleyi təhlükə altına qoyulmuşdur. İran adlanan ölkədə yazıçıların, alimlərin, ictimai-siyasi xadimlərin, ümumən fikir sahiblərinin illər boyu həbs, sürgün və işgəncələrə məruz qalması ondan ötrüdür ki, onlar öz dillərini və ədəbiyyatlarını yazıb inkişaf etdirməyə çalışmışlar. İllər boyu İranın bütün çətinliklərini Azərbaycanın üzərinə yazıblar. Səttarxanı bir quldur, Xiyabanini ruspərəst, Pişəvərini kommunist adlandırıblar. Bu, işin siyasi tərəfidir. Ana dilinə münasibətdə isə bundan daha amansız olublar. Heç kəsə sirr deyildir ki, ana dilinin tədris olunması və inkişaf etdirilməsi uşaqların və gənc nəslin formalaşmasında mühüm əhəmiyyətə malikdir. Uşaqları ana dilindən məhrum etməklə yalnız mənəvi aləmi deyil, həm də maddi dünyanı onların əllərindən alıblar. Məsələn, “çörək” deyəndə gözlərimin qarşısında bir mənzərə canlanır. Təbrizdəki məhəlləmizi, anamı, təndiri, odun-ocağın hərarətini hiss edirəm. Ancaq “bred”, yaxud “nan” deyəndə dilin enerjisi hiss olunmur. Dil haqqında digər yazılarımda dəfələrlə bu barədə danışmışam və ana dilinin əhəmiyyətini vurğulamışam. Bu gün İranda insanlar fars şovinizminin əlində alətə çevriliblər. Fars dilini bilməyənə iş verilmir, belələri mövqe, məqam sahibləri ola bilmirlər. Beləliklə, minlərlə, milyonlarla insan mənəvi baxımdan imperiya siyasətinin qurbanına çevrilirlər. İranda Azərbaycan türkü olmaq cahil, avara, işsiz, perspektivsiz olmaq anlamına gəlməkdədir. İllər boyu millətimizə qarşı yürüdülən bu siyasət bizləri düşünməyə, problemlərimizi hansı yolla olursa-olsun həll etməyə səsləyir. Milli hərəkatın ön sıralarında gedən Səttarxan, Xiyabani, Pişəvəri kimi fikir və düşüncə sahibləri bu həqiqəti anlayıblar ki, Azərbaycan türkləri qanı, ruhu ilə İrana xidmət ediblər. Ancaq təəssüf ki, Azərbaycana heç bir zaman qiymət verilməyib, xalqımıza həmişə müttəhim surətində münasibət bəslənilib. Biri “pantürkist” adlandırıb, o biri “bolşevik”, digəri “kommunist”. Bir başqası “təziyətələb” adını qoyub. İndi ziyalılar bu qənaətə gəliblər ki, millət öz ayağı üstündə dayanmalıdır. Millət özünün müstəqil dövlətini formlaşdırmalıdır. Başqa yol – fəlakət, köləlik, qulçuluq yoludur. Millətin ana dilində məktəbi olarsa, tədricən milli dəyərlərini qoruyub saxlaya, öz problemlərini həll edə bilər. Fevral ayının 21-i Ana dili günüdür. Bu gün münasibəti ilə biz Güney Azərbaycanda yaşayan millətimizin problemlərini yüksək səviyyədə qaldırmalıyıq. İran adlanan ölkədə yaşayan bütün xalqların öz dillərində təhsil almaq hüququ bərpa olunmalı, fars şovinstlərinin assimilyasiya siyasətinə son qoyulmalıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar