SON XƏBƏRLƏR

Arif Kəskin: Problem rejimlə bağlı görünsə də, əslində, təfəkkürdə yatan milli ayrı-seçkilikdir (MÜSAHİBƏ)

2021.10.20, 07:36
Arif Kəskin: Problem rejimlə bağlı görünsə də, əslində, təfəkkürdə yatan milli ayrı-seçkilikdir (MÜSAHİBƏ)

Gunaz.tv
GünAzTv mətbuat mərkəzi Əslən Güney Azərbaycanlı, Türkiyənin tanınmış siyasi ekspertlərindən biri Arif Kəskinin “Azadlıq” radiosuna verdiyi Müsahibəsini ixtisarla təqdim edir. - İranı qaynar qazana bənzədirlər. Bir qayda olaraq bir neçə onillikdən bir bu ölkə qaynayır. İslam inqilabının 31-ci ildönümündə baş verən bu hadisələr mahiyyətcə demokratik dəyişikliklər ehtiyacından doğur?- Bu gün İranda yaşanan mübarizəyə «demokratik mübarizə deyil» demək olmaz. İndi İranda demokratik hərəkat var. Ən gözəçarpan hərəkat isə prezident seçkisindən sonra formalaşmış «Yaşıllar» hərəkatıdır. Ancaq bu ölkədə qeyri-fars millətlər, xüsusən də Azərbaycan türkləri belə düşünür ki, bu «Yaşıl» hərəkat demokratik mübarizə aparsa da, onun demokratik sistem qura biləcəyinə inanmaq sadəlövhlükdür. - Ümidsizlik nədən qaynaqlanır?- İran monoetnik bir ölkə deyil. Qeyr-fars millətlər, xüsusilə də Azərbaycan türkləri düşünürlər ki, İranda demokratiya olacaqsa, bu, yalnız bütün etnik və dini qrupların siyasi sistemdə təmsil olunması nəticəsində baş verəcək. Azərbaycan türkləri 20-ci əsrin əvvəllərindən, Məşrutə inqilabından ta günümüzədək bu fikrə sadiqdir və onu müdafiə edir. Onlar haqlı olaraq deyirlər ki, İranda fars mərkəziyyətçi sistem heç bir zaman demokratik nəticələr verə bilməz və onların təfəkkürü ilə «demokratik mübarizə» də diktatorluqla nəticələnər. İran tarixində bunu təsdiq edən misallar saysızdır. Misal üçün, Məşrutə inqilabı fonunda siyasi arenaya çıxan Azərbaycan türklərinə qarşı mərkəzçi fars millətçiliyinin apardığı mübarizə və nəticədə Rza şahın hakimiyyətə gəlişi.İslam inqilabından sonra da İran Azərbaycanında dünyəvi dövlət uğrunda mübarizə başladı. Bu hərəkat «Xəlqi Müsəlman» adlanırdı, rəhbəri dinin dövlətdən ayrılmasını təbliğ edən Şeyx Şəriət Mədari idi. Hələ o dövrdə bu hərəkat açıq deyirdi ki, İranda demokratiya olacaqsa, bu, yalnız Tehranla kifayətlənə bilməz. Demokratik ideyalar qeyri-fars millətlərə də şamil edilməli, onların da mədəni haqları tanınmalıdır. Nəinki bu demokratik istəyə hörmət edildi, əksinə, bütün fars aydınlar dini rəhbər Xomeyninin ətrafında toplandı və «Xəlqi müsəlman» hərəkatı yatırıldı. Dərhal da Ayətullah Xomeyni totalitarizmi başladı. «PROBLEM REJİMDƏ YOX, TƏFƏKKÜRDƏDİR» - Tarixdə yaşanmışları bir kənara qoysaq, necə etmək lazımdır ki, bu hərəkat İranda yaşayan bütün millətləri, dini rejimdən narazı bütün insanları özündə birləşdirsin? - Problem rejimlə bağlı görünsə də, əslində, təfəkkürdə yatan milli ayrı-seçkilikdir. Tutalım, «vətəndaş anlayışı» məsələsi. İranda yaşayan qeyri-fars millətlər İran xalqının 2/3-ni təşkil edir. Bu millətlər tarix boyu bu dövlətə fars millətindən az xidmət etməyib. Ancaq təbliğat elə bir formada qurulub ki, «İran» deyəndə, fars ölkəsi, «İran vətəndaşı» deyəndə isə, farslar nəzərdə tutulur. Sanki, bu ölkənin əsil sahibi farslardır, başqa millətlər isə ordan-burdan gəlmədirlər. Tutalım, futbol üzrə İran milli komandasının üzvlərini daşıyan avtobusun üzərində «fars ulduzları» yazılır. Axı, bu milli komandada oynayan futbolçuların əksəriyyəti qeyri-farslardır. Bu cür işlərlə qeyr-fars millətlər yadlıq hiss edir, özlərinə haqlı olaraq milli kimlik axtarmağa başlayır. Buna görə İranda demokratik hərəkatın uğur qazanacağına inamım azdır. Demokratiya kollektiv kimliyi qəbul edən quruluşdur. Kollektiv kimlik qəbul olunmursa, fərdi kimlikdən söhbət gedə bilməz. İranda aparılan müxalif mübarizənin, «Yaşıllar» hərəkatının demokratiya anlayışı bu deyil. Onların tək bir kollektiv anlayışı var: İranlı, yəni farslar. Demokratiyaya bu cür yanaşıldığı üçün təbii ki, qeyri-fars millətlər bu hərəkatı boykot edir. «İRANDAKI MÜBARİZƏ İNSAN HAQLARI UĞRUNDA DEYİL, DÜNYƏVİLİK UĞRUNDADIR» - Arif bəy, ancaq böyük bir ölkədə xalqın əksəriyyətinin qəbul etmədiyi bir siyasi rejimə qarşı bir hərəkat varsa, mümkün deyil ki, bu hərəkat bu müxalif insanların haqlarını nəzərə almasın. Yəni, bu qədər əminsiniz ki, müxalif hərəkat özündə insan haqlarını tamamilə ehtiva etmir?- İranda gedən siyasi mübarizə haqqında düşünərkən 2 məsələni unutmamalıyıq. Onlardan biri budur ki, «Yaşıl» hərəkat insan haqları deyil, dünyəvilik uğrunda mübarizə aparır. Hərçənd, demokratiya uğrunda mübarizə apardığı deyilsə də, İranda yaşayan fərqli millətlərə mənsub milyonlarla insanın ifadə azadlığı tanınmır. Onun tələb etdiyi şey sadəcə, «dövlət dindən ayrılmalıdır» şüarıdır. İkincisi isə, fars millətçi aydınlar bu islam ölkəsini fars dövləti olaraq tanımırlar. Onlar düşünür ki, fars kimliyi şiə kimliyinin tapdağı altında əzilir. Buna görə ayağa qalxıb ali irq olan fars kimliyini ərəb əsilli şiə kimliyinin əsarətindən xilas etmək lazımdır. «Yaşıl» hərəkat əslində iranlı kimliyini, fars kimliyini dini kimlik maskalarından xilas etmək, onu təmizləmək və yenidən ucaltmaq məqsədi ilə mübarizə aparır. - Onda belə düşünmək olarmı ki, belə vəziyyətdə siyasi rejim dəyişilərsə, İranın ikinci Balkan olmaq ehtimalı var.- Təəssüf ki, bu ehtimal var və mümkün proqnozlar içində o, daha çox real görünür. Özünüz düşünün, qəfildən rejim dəyişilir və əsrlər boyu bir yerdə yaşamağına baxmayaraq bir-birinə elə də hörməti olmayan millətlərin əlinə azadlıq və arzularını reallaşdırmaq imkanı düşür. Kim deyə bilər ki, İran Balkan ola bilməz? Çünki Balkan olmaq şəraiti mövcuddur. Millətlər arasında nifaq, eləcə də bu millətlərə hörmət bəsləyəcək demokratik sistem yoxdur. Təbii ki, fars-türk , kürd-fars, fars-ərəb savaşları çıxa bilər. İranın Balkan olmaması üçün ən azı müxalif hərəkatların içində əsl demokratiya olmalıdır. Heç olmasa müxaliflər insan haqlarına, millətlərin mədəni haqlarına hörmət bəsləməlidir. Siz fikir verin, müxalif liderlər bütün hüquqlar haqqında danışır, amma növbə qeyr-fars millətlərin aqibətinə, onların mədəni haqlarına yetişəndə, susurlar. «İRANDA MƏDƏNİ HAQLARDAN DANIŞANI AMERİKA CASUSU ADLANDIRIRLAR» - Sizin bu fikirlərinizə alternativ olaraq İran müxalif liderləri də qeyd edir ki, qeyri-fars millətlərin mədəni haqları konstitusiyada nəzərdə tutulduğu formada reallaşsa, ölkə parçalanar…- Bunu hamı bilməlidir ki, heç bir demokratik ölkədə ölkə bölünər deyə, millətlərin haqları əlindən alına bilməz. Demokratiya könüllü , arzulu iştirakdır. Bir yerdə təzyiq, təhrik, qorxu varsa, könüllü birlikdən, demokratiyadan söhbət gedə bilməz. Tutalım, bir millət öz haqlarına qovuşmaq üçün ayrılmaq qərarına gəlib. Nə vaxta qədər topla-tüfənglə onun üzərinə gedib fikrindən daşındırmaq olar? Onların sözlərindən belə çıxır ki, insan haqlarına hörmət edilsə, qeyri-fars millətlərin haqları tanınarsa, ölkə parçalanar. Axı, tarixin hansı bir kəsimində bu fars millətçiləri, idarəçiləri İranda yaşayan fərqli toplumlara eyni gözlə baxdı və İran parçalandı? Bu tarixin hansı dövründə baş verdi ki, indi bunlar belə qorxurlar? Onların qorxusu İranın parçalanması deyil. Bütün millətlərə bərabər haqlar verilərsə, ari-fars təfəkkürü millətlərə təzyiq gücündən məhrum olar. Onların qorxduqları budur. Deməli, kiçik xalqları daim təzyiq altında saxladıqlarından indi də qorxurlar ki, birdən azadlıq verərik İran parçalanar. Buna görə kimsə mədəni haqlardan danışanda onu Qərbə, Amerikaya işləyən casus adlandırırlar.- İranda İslam rejiminə qarşı mübarizə aparan müxalif aydınların, hərəkatın uranın zənginləşdirilməsi məsələsinə münasibəti necədir?- Rejim müxaliflərinin dilindən nüvə silahı əldə etməməklə bağlı heç bir fikir eşitməmişik. Burda qəribə bir şey yoxdur. Bu faktdır ki, İranda nüvə proqramının təməli şah dönəmində atılıb. İranda da ilk nüvə reaktoru 1956-cı ildə qurulub. İran şahı belə o dövrdə bölgənin ən güclü nüvə ölkəsi olmasını istəyirdi. Bu gün adı tez-tez hallanan Buşehr nüvə stansiyası da 1975-ci ildə tikilib. Bu prizmadan baxdığımızda açıq görünür ki, istər şahçıların, istər islamçıların, istərsə də kommunistlərin timsalında nüvə arsenalına sahib olmaq fars dövlətinin tarixi ehtirasıdır. Əslində, onların hamısı üçün məqsəd eynidir, amma məqsədə yetişmə taktikalarında fərqliliklər var. Misal üçün, rejim müxalifləri fikirləşirlər ki, nüvə arsenalına sahib olmazdan əvvəl Qərb ölkələri ilə olan inamsızlıq problemlərini həll etmək lazımdır. İndiyədək İslam rejiminə müxalif hərəkat içində heç kimdən «mən istəmirəm İran nüvə silahına sahib olsun» kimi fikirlər eşitməmişəm. Qısaca, istər rejim olsun, istərsə də müxalifət, onların mübarizəsinin məğzi imperial təfəkkürdür. www.azadliq.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar