SON XƏBƏRLƏR

İranın Azərbaycanda təxribat törətmək imkanı varmı?

2021.10.20, 07:36
İranın Azərbaycanda təxribat törətmək imkanı varmı?

Gunaz.tv
GünAzTv: Bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən ibadətin yalnız məscidlərin içində edilməli olduğu barədə dini icmalara tövsiyə verilib. Qurumun şöbə müdiri Gündüz İsmayılovun sözlərinə görə, buna səbəb son vaxtlar müəyyən təxribat hallarının baş verəcəyi barədə daxil olan məlumatlardır. Abşerondakı Müşfiqabad qəsəbə məscidinin imamı Mübariz Qaçayev isə “Azadlıq” radiosuna açıqlamasında icra nümayəndəliyindən onlara İrandan təxribatçı dəstələrin Azərbaycana keçdiyi barədə məlumat verdiklərini söyləyib: “Onlar adamların sıx olduğu yerlərdə, o cümlədən məscidlərdə təxribatlar törətmək istəyirlər. Ona görə də ehtiyatlı olun”. Bu arada üstəlik, Azərbaycanın İrandakı səfirliyinin yumurta atəşinə tutulması, dövlət bayrağımızın təhqir olunması və “Səhər” telekanalının qərəzli mövqeyini davam etdirməsi də istər-istəməz sual doğurur: İranın ölkəmizdə təxribat törətmək ehtimalı varmı? Politoloq Qabil Hüseynli qonşu ölkədən bura gələn dindarların bəzilərinin İran dövlətinin ideologiyasını təbliğ etdiyini deyir: “Bu il vəziyyət daha da gərginləşib. Çünki Azərbaycan-İsrail yaxınlaşması İranı qəzəbləndirib. Onlar Azərbaycanın addımlarına siyasi rəng verməyə çalışırlar”. Politoloq İran telekanallarında Azərbaycana qarşı aparılan təbliğatın əsassız olduğunu düşünür: “ İran bir tərəfdən İslam birliyi və həmrəyliyindən danışır, digər tərəfdən isə Ermənistana dəstək verir, onu silahla, qazla təmin edir. Halbuki Azərbaycanla İran arasında bütün əlaqələr yüksək səviyyədədir. Azərbaycan İranla öz maraqları çərçivəsində münasibət qursaydı, bu gün Ermənistan İran tərəfindən dəstəklənməsəydi, Qarabağ probleminin həlli daha asan olardı. Biz susduqca İrandan psixoloji təzyiq güclənir. Azərbaycan bunları haqq etmir”. Ekspertin fikrincə, İranın apardığı siyasət bu mərhələdə anlaşılan deyil: “Ona görə də yeni təxribat mənbəyi axtarırlar. Biz isə təmkinli olmalıyıq. Bəzi adamların fitvasına getmədən İranla dostluq münasibətlərimizin saxlanılmasına çalışmalıyıq. Üstəlik Azərbaycan hökuməti də İranla loyal münasibətlər saxlayır”. Azərbaycan İslam Partiyasının mətbuat xidmətinin rəhbəri Akif Heydərli İrandan gələn insanların təxribat törədə biləcəyi haqda fikirləri rədd edir: “İran televiziyasında çıxışların olmasını bilirik. Hesab edirik ki, 13 fevralda dindarlara qarşı baş verən təzyiq və təqiblər, onlara yetirilən xəsarət faktlarını real həmin televiziyalar göstəriblər. Ona görə İranın təxribat törədə biləcəyi ehtimalı sıfıra bərabərdir. İslam hər hansı təxribat törədilməsinə, törədənlərə qarşıdır. Bu cür təxribatlar ola bilər. Amma sionist rejimin arxasında duran dövlətlərdən onu gözləmək lazımdır. İsrail prezidenti Şimon Peresin gəlişindən sonra Azərbaycanda məscidlərin sökülməsi prosesi oldu, məscidlər bağlandı. Libermanın gəlişindən sonra dindarlara qarşı amansız təqiblər baş verdi”. Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruca görə, hansısa dövləti dini ixrac etməklə təsir altında saxlamaq olmaz: “Heç bir halda dinin təbliği kimi ilahi bir işdən bu məqsədlə istifadə etmək yaramaz. Son hadisələr də onu göstərir ki, Azərbaycana qarşı münasibət İranın rəsmi qurumlarından qaynaqlanır. O baxımdan Azərbaycanda təxribatların törədilə biləcəyi mümkündür. Bu ssenarilər düşünülüb. Amma Azərbaycan dövləti bu illər ərzində güclənib. Ona görə də təxribat yalnız İranın maraqlarına zərbə vura, regionda yad maraqların cücərməsinə səbəb ola bilər”. Ümid Partiyası Ali Məslisinin sədri Ənvər Ağazadə də rəsmi qurumların təxribat olacağı barədə fikirlərinin əsassız olmadığını düşünür: “Bu o deməkdir ki, həmin təxribat törədən qrupların İrandan gəldiyi açıq deyilməsə də, hüquq-mühafizə orqanlarında məlumat var”. musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar