SON XƏBƏRLƏR

İranda yaşayan millətlər arasında ana dili tələbi ildən-ilə artır

2021.10.20, 07:36
İranda yaşayan millətlər arasında ana dili tələbi ildən-ilə artır

Gunaz.tv
GünAzTv: Azərbaycanlı Məhbusların Hüquqlarının Müdafiəsi Assosiasiyasının sözçüsü Vahid Qarabağlı deyir ki, indi İranda əsas tələbi ana dili olan azərbaycanlılardan ibarət hərəkatın həbsdə olan üzvü təkcə Səid Mətinpur deyil. «Hazırda İranda azərbaycanlı fəalların birinci tələbi ana dilidir. Elə məhz bu tələblərinə görə insanlar həbs olunur, işğəncələrə məruz qalırlar. Bu cür fəalların dəqiq sayını belə demək mümkün deyil. Amma aralarında hətta mollalar da var, başqa sözlə, ana dilini tələb edən dindarlar da var». Vahid Qarabağlı deyir ki, təzyiq və işgəncələrə baxmayaraq, İranda ana dilindən istifadə edən etnik qrupların fəallığı ildən-ilə artır. Gizli yolla da olsa bu dil tədris olunur, insanlar gizli yolla kitablar paylayırlar. Amma indi fəalları həbslərlə yanaşı bir məsələ də ciddi narahat etməyə başlayıb:«Son vaxtlar öz hüquqlarını tələb edənlərin, ictimai fəallıq göstərənlərin şübhəli ölümləri məsələsi ortaya çıxıb. Ana dili tələb edənlər arasında müəmmalı ölənlər var. Bilmək olmur ki, bu ölümlərdə İran xüsusi xidmət orqanlarının əli var, ya yox». İrandan olan hüquq müdafiəçilərinə gəlincə isə, Vahid Qarabağlı deyir ki, ana dili məsələsində onlar da susmağa üstünlük verirlər:«İranda azadlıq, demokratiya, insan haqlarını müdafiə edən iranlılar da ana dili məsələsinə gələndə susurlar və bunu İranın parçalanmaması üçün etdiklərini deyirlər. Amma bizə görə millətlərin kültürlərinin, dillərinin ölməsindənsə, bölünüb ayrı yaşamaq daha yaxşıdır».Bunula belə, Vahid Qarabağlı və eləcə də həbsdə olan azərbaycanlı fəal Səid Mətinpurun həyat yoldaşı Ətiyyə Tahiri inanır ki, artıq on illərdir davam edən mübarizənin nəticəsi olaraq bir gün fevralın 21-i Beynəlxalq Ana Dili gününü İranda yaşayan etnik qruplar da azad şəkildə bayram edə biləcəklər. Fevralın 21-i 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə YUNESKO tərəfindən Beynəlxalq Ana Dili günü elan edilib. Bu tarix isə 1952-ci il 21, 22 fevralda baş vermiş hadisə ilə bağlıdır. O dövrdə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 3 nəfər ölüb. Banqladeş nümayəndələri fevralın 21-ni məhz onların xatirəsinə ehtiram əlaməti kimi Ana Dili günü adlandırılması haqqında müraciət ediblər. azadliqradiosu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar