SON XƏBƏRLƏR

Türkiyədə silahlı qüvvələri və siyasi hakimiyyət arasında nə baş verir. - Müsahibə

2021.10.20, 07:36
Türkiyədə silahlı qüvvələri və siyasi hakimiyyət arasında nə baş verir. - Müsahibə

Gunaz.tv
GünAzTv: Müstəqil siyasi analitik Novruz Novruzovun son dövrlər Türkiyədə silahlı qüvvələr və siyasi hakimiyyət arasında cərəyan edən proseslər haqqında GunAz. TV Mətbuat Xidmətinin ünvanladığı sualları cavablanıdırıb: - Türkiyə Silahlı Qüvvələrinin Qərargah rəisi İlkər Başbuğ orduya qarşı aparılan antitəbliğata bir müddət əvvəl sərt reaksiya verdi. Hüquqi dövlət quruculuğuna malik ölkədə antiinformasiya təbliğatına nə üçün ordu rəhbərliyi qanunla- məhkəmə ilə cavab vermir? - Hüquqi dövlət quruculuğu inkubator vasitəsilə çoxaldılıb yayılmır ki, hamisi eyni struktur quruluşuna malik olsun. Hüquqi dövlət anlayışı ilk növbədə hər hansı dövlətin malik olduğu idarəetmə qanunlarının onun idarə etdiyi ərazidə bərqərar olması, başqa sözlə qanunun daşıdığı mahiyyət və nizamlama prinsiplərinin heç bir halda pozulmadan tətbiq edilməsidir. Digər ölkələrdən fərqli olaraq Türkiyənin hüquqi dövlət strukturunda ordunun özünəməxsus yeri və üstünlüyü var. Türkiyə hüquqi dövlət quruculuğunun özünə məxsusluğu da məhz ordunun malik olduğu özəlliklə bağlıdır. Yəni, əgər Türkiyə dövlət başçıları Ana Yasa qanunlarında təsbit olunmuş inkişaf yolundan çıxmağa cəhd edərsə, onda ordu malik olduğu hüquqa istinadən onu rəhbərlikdən uzaqlaşdıra və seçkilər yolu ilə yeni rəhbərlik yarananadək ölkəni idarə edə bilər. Bu olay ilk baxışda çevriliş anlayışına gəlsə də, qüvvədə olan qanunlar daxilində baş verə bildiyinə görə çevriliş hesab olunmur. Bu mənada Türkiyə ordusunun tək texniki və taktiki yox, həm də hüquqi-strateji yükü ağırdır, onun məhkəmə çəkişməsinə ehtiyacı yoxdur, sadəcə fikrini bəyanatla bildirməsi kifayət qədər nüfuzlu təsir bağışlayır. - Hazırda, Türkiyə ordusunda aparılan axtarışlarda polis mühum rol oynayır. Sizə elə gəlmir ki, Türkiyədə hansısa görünməyən qüvvələr Polislə- Ordunu qarşı-qarşıya qoymaq istəyirlər? - İndi Türkiyə Cümhuriyyəti tarixin çox gərgin və məsuliyyətli, bəlkə də həlledici dövrlərindən birini yaşayır. Qərbin çoxdan onun əleyhinə əlaltdan hazırladığı milli və siyasi təxribatlar artıq sənəd şəklində kağız üzərindədir. Bu sıxıntıdan çıxmaq yolayrıcında qalmaq qədər ağır məsələdir. Təbii ki, bu təxribatlar kənardan istiqamətləndirilsə də daxili pozucu qüvvələr də yetişdirilib. Amma Türkiyənin dövlətçilik təcrübəsinin kökləri çox dərindir, onu məhv etmək heç kimə müyəssər olmayacaqdır. - Polis-Ordu qarşıdurması barədə fikir yürütmək isə cəfəngiyyatdır. Ordu dövlət strukturunda bir qurumdur, onun saf və sədaqətli olması dövlətin yaşamasının başlıca şərtlərindəndir. Əgər orduya qarşı bir şübhə varsa, təbii ki, bunu yoxlayıb üzə çıxarıb, sonra da ləğv etmək üçün ixtisaslı və təcrübəli müstəntiqlər cəlb olunmalıdır, daha hansısa dövlət məmuru yox. Düzdür, bu işə hərbi polisi cəlb etmək daha düzgün mövqe olardı, amma burda kənar qüvvələrin bir məqsədi var: Türkiyə Ordusunun malik olduğu Konstitusional özəlliyi müxtəlif basqılarla aradan qaldırmaq. Məsələnin kökü bundadır. Çünki, ordunun malik olduğu həmin hüquq ölkəni separatizmə aparan milli (kürd açılımı) və siyasi (erməni açılımı) təxribatları əngəlləyir. Bu isə, aydındır ki, Türkiyəni istəməyənlərin istəyinə cavab vermir. - Ola bilərmi ki, belə qüvvələr ölkədə hərbi çevriliş üçün zəmin yaratmaq istəyirlər? Və həmin qüvvələr xüsusilə ölkədə gərgin olan siyasi proseslərə, ordunu cəlb etmək istəyirlər? - Tamamilə mümkündür. Amma iş bu yerə çatarsa onda ordunun adından daha qanlı faciələr törədilər ki, Ana Yasadan ordunun malik olduğu hüquqları çıxartsınlar. Çünki, Qərb bunu istəyir. Ancaq, gəlin, sadəlövh olmayaq, Türkiyə ağır çəkili dövlətdir, banan ölkələrdən deyil. Onu hansısa siyasi xadim, yaxud siyasi partiya çalxalaya bilər, amma yolundan döndərə bilməz. Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar