“İran problemini həll etmək istəyənlər rəsmi Bakı ilə danışıq aparmaq zorundadırlar»
2021.10.20, 07:36
GünAzTv: Sülhəddin Əkbər: “İran problemini həll etmək istəyənlər rəsmi Bakı ilə danışıq aparmaq zorundadırlar» «Azərbaycan İranla təkbaşına buraxılarsa, qanlı hadisələrin şahidi ola bilərik» Azərbaycanla İsrail arasında münasibətlər yüksək dinamika ilə inkişaf edir. Bakıdan Təl-Əvivə yüksək nümayəndə heyətləri göndərilməsə də, İsrailin rəhbərləri qısa fasilələrlə Bakıya gəlirlər. Halbu ki, rəsmi Bakı geosiyasi reallıqlara görə İsraillə münasibətlərə ehtiyyatla yanaşıb və bəlli hədddən artıq münasibətlər qurmayıb.İndi nə böaş verib? Gesiyasi reallıqlar necə dəyişib ki, Azərbaycan İran faktorunu nəzərə almadan İsraillə əlaqəlr qurur? Suallarımızı politoloq Sülhəddin Əkbər cavablandırıb. Müsahibimiz Müsavat Ali Məclisinin sədri Sülhəddin Əkbərdir. - Sülhəddin bəy, geosiyasi mənada nə baş verdi ki, İsrailin keçmiş və indiki rəsmiləri ardı-ardıya Azərbaycana səfər etdilər? - Əslində, İsraillə Azərbaycan arasındakı münasibətlər Heydər Əliyev zamanında qurulub və həmin zamandan da yəhudi lobbisi ilə özəl münasibətlər var. Son zamanlar münasibətlərin intensivləşməsinin iki başlıca səbəbi var, birincisi, Türkiyə-İsrail münasibətlərində yaranan soyuqluqla bağlıdır. İkincisi isə İran ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədardır. Azərbaycan İranın sərhədində yerləşir və Tehran ABŞ və müttəfiqlərinin zəif nəzarətində olan ölkədir. Bu baxımdan son zamanlar həm İsrailin, həm ABŞ-ın bu strateji rayona diqqətinin artması başa düşüləndir. - Siz münasibətlərin Heydər Əliyev dönəmində qurulduğunu bildirdiniz. Amma politoloq Vəfa Quluzadə qəzetimizə söyləmişdi ki, Heydər Əliyev nazir Tofiq Zülfüqarovun İsrailə getməsinə icazə vermədi. Yəni İran amilinə görə ehtiyatla yanaşırdı... - Mən bu ilişgilərin özəl səciyyə daşıdığını dedim və təbii ki, Heydər Əliyev də təcrübəli siyasətçi kimi bu münasibətlərin hansı xəttə qədər inkişaf etdirilməsini bilirdi. Son zamanlar münasibətlərin intensivləşməsinin bir səbəbi də Rusiya ilə bağlıdır. Bilirsiniz ki, rəsmi Bakı ilə Təl-Əviv arasında münasibətlərin yaxınlaşması ilə paralel olaraq Kremllə Təl-Əviv arasında intensiv danışıqlar gedir. Azərbaycanın da Xəzər regionunun ölkəsi və əsasən Rusiyanın təsirində olduğunu nəzərə alsaq bu da məsələləri anlamaq üçün əlavə arqument ola bilər. - Yəqin ki, bu ərəfədə İran televiziyalarının Azərbaycan haqqında reportajlarını izləyirsiniz...? - Xatırlayırsınızsa, biz bildirirdik ki, İran ətrafında vəziyyət gərginləşdikcə Azərbaycanda da vəziyyət gərginləşəcək. Çünki İran problemi regional və qlobal səciyyə daşıyır və mən bir dəfə də demişdim ki, İran məsələsi Azərbaycan məsələsidir. Yəni İran məsələsi Azərbaycandan yan keçməyəcək. Bunu hər kəs anlamalıdır ki, Azərbaycanın böyük bir hissəsi İranın ərazisində yerləşir və 22 milyon soydaşımız bu ölkədə yaşayır. Ona görə də İran məsələsini həll etmək istəyənlər eyni zamanda rəsmi Bakı ilə danışıq aparmaq zorundadırlar. - Gəlin, gedişata diqqət yetirək, İsrail rəsmilərinin səfərindən sonra hökumətə yaxın ATV kanalı cənub qonşumuz haqqında geniş reportaj verdi və sabiq vitse-spiker Gövhər Baxşəliyeva İran rejimin çökəcəyinə işarə vurdu. Səhəri günü isə İslam Partiyasının gəncləri ilə polis arasında toqquşma oldu. Bu hadisələr arasında bir əlaqə görürsünüzmü? - Təbii. Ümumiyyətlə, siyasətdə təsadüflərin olması mümkün deyil. İsraillə Azərbaycan arasında münasibətlərin intensivləşməsinin bir səbəbi də informasiya mübadiləsidir. Bilirsiniz ki, hər iki ölkənin geniş informasiya almaq imkanları var, ola bilsin ki, kəşfiyyat informasiya sahəsində də geniş mübadilə aparılır və İranda daxili siyasi vəziyyətin inkişaf perspektivləri də müzakirə olunur. Bu gün İranın nüvə proqramına paralel olaraq qonşu ölkənin daxili siyasi vəziyyəti müzakirə predmetinə çevrilir. Görünən odur ki, İran məsələsinə yanaşmada karrektələr var, yəni kobud hərbi müdaxilədən çox İrana qarşı sərt sanksiyaların tətbiqi və bu yöndə mümkün qədər daha geniş beynəlxalq dəstəyin əldə olunması, həm İran daxili məsələlərin gündəlikdə saxlanılması məsələlərinə öncəlik verir. Əvvəllər daha geniş hərbi müdaxilə geniş müzakirə olunurdusa son zamanlar Rusiyanın da dəstəyi ilə ABŞ İrana qarşı təsirli sanksiyaların üzərində işləyir. Sanksiyaların da əsas hədəfi İran hökuməti və inqilab keşikçiləridir. Bu gedişatda incə bir nüans var, məqsəd hər addımda İran xalqına çatdırmaqdır ki, bu sanksiyalar xalqa qarşı deyil, onun da etiraz etdiyi Tehran rejiminə qarşıdır. Heç də təsadüfü deyil ki, rejimə qarşı hərəkat artıq ciddiləşib və “diktatora ölüm” şüarları səslənir. Hətta ali dini lider Xamneyiyə qarşı açıq şüarlar səslənir. - Amma nəzərə alın ki, Tehran rejimini müdafiə edən çoxminli mitinqlər də keçirilir... - Heç kimə sirr deyil ki, İranın Azərbaycanda geniş şəbəkəsi var. Bu məsələdə Azərbaycan İsraildən dəstə istəyir və qarşı tərəf də dəstək verir. Mənə elə gəlir ki, İranın Azərbaycanda gizli fəaliyyətinə qarşı birgə əməkdaşlıq aparılır. Əsas müzakirə mövzularından da biri budur. Başqa müzakirə məsələsi isə sərt sanksiyaların tətbiq olunacağı təqdirdə Azərbaycanın bu rejimə nə dərəcədə əməl edəcəyidir. - Bəs İrandan gözlənilən təhlükələri nəzərə alırsınızmı? - İrandan gözlənilən təhlükələr ciddidir və risklər yüksəkdir. Çünki İran ciddi təhdid mənbəyidir və Azərbaycanda bu ölkənin geniş mövqeləri var. Ölkəmizə qarşı ciddi zərbələr bu dövlətdən mümkündür, həm də nəzərə alın ki, Qərbin burada geniş maraqları var. Ona görə Azərbaycanın ciddi beynəlxalq dəstəyə ehtiyacı var. Bu mənada düşünürəm ki, diplomatik səfərlər tədricən intensivləşə bilər. Bəzi səfərlər haqqında informasiyalar sızır, amma elə gediş-gəlişlər olur ki, cəmiyyətin və mətbuatın məlumatı olmur. - Bəs sizlərdə olurmu? - İddia edə bilmərəm ki, bütün gəliş-gedişlər haqqında məlumatlar olur, amma hərdən olur. - Ötən əsrin 90-cı illərində Azərbaycan hakimiyyəti geosiyasi və iqtisadi dönüş edəndə ölkədə metro və başqa ərazilərdə partlayışlar törədilirdi. Son günlər elektrik xətlərinin açılması, paytaxtın mərkəzində “Azenerji” ilə üz-üzə restoranda qaz partlaması və başqa hadisələr müşahidə olunur. Bunlar hansısa dəyişiklərə qarşıdır, yoxsa təsadüfdür? - Yuxarıda demişdim ki, İranın Azərbaycanda geniş imkanları var. Amma nəzərə alın ki, əməliyyat və hərbi-siyasi baxımdan Azərbaycan Rusiyanın nəzarətindədir. Bu mənada Tehran Rusiya amilini nəzərə almaya bilməz. Həm də Rusiyanın İranın nüvə proqramın ciddi dəstək verdiyi şəraitdə. Amma Rusiya ilə İran arasında “iplər” qırılandan sonra həm Azərbaycanda, həm də regionda fərqli və daha təhlükəli situasiya yaranacaq. Məncə, Azərbaycan məhz bu dövrə hazırlaşdığından danışıqlar intensivləşir. Məlumatıma görə Azərbaycanın potensialı İrandan gələ biləcək təhdidlərin qarşısını ala biləcək gücdə deyil. O baxımdan Azərbaycanın İsrailin, ABŞ-ın, Böyük Britaniyanın və Türkiyənin ciddi dəstəyinə ehtiyacı var. Təbii ki, Kremllə Bakı arasında özəl münasibətləri nəzərə alsaq həm də Rusiyanın dəstəyinə ehtiyac var. Əks təqdirdə Azərbaycan İranla təkbaşına buraxılarsa çox qanlı hadisələrin şahidi ola bilərik. Mən ictimaiyyəti qorxutmaq istəmirəm, sadəcə cəmiyyətin bilgiləndirilməsinə ciddi ehtiyac var. - Hansı geosiyasi dönüş olacaq ki, İranın da təhdidlərinə şərait yaransın? - Əgər Rusiya Amerikanın təklif etdiyi sərt sanksiyaları dəstəkləyəcəksə və sanksiyalar rejiminə ciddi nəzarət olacaqsa, məncə, Azərbaycan İran arasında münasibətlər kifayət qədər gərginləşəcək. O da ola bilər ki, Kreml deklorativ şəkildə dəstək versin, amma sanksiyalar rejiminə əməl etməsin. Yəni İranla qapalı olaraq əlaqələrini sürdürsün. - Son 20 ilin tarixi göstərdi ki, Rusiya öz müttəfiqlərini qurban verib, bu mənada İranla asan olacaq? - İndiki zamanda əsas müzakirə mövzularından biri də budur ki, görəsən Amerika ilə Rusiya arasında gizli sövdələşmə varmı? Ola bilərmi ki, postsovet məkanında kart-blanş almaq əvəzinə İran məsələsində ABŞ-a dəstək versin. Bu mənada hələlik irəli sürülən fikirlər ehtimallar səviyyəsindədir. Mənə elə gəlir ki, İran problemi həll olunana qədər Vaşinqton postsovet məkanında Rusiya ilə qarşıdurmaya getməməyə çalışacaq. - Ona görə Qərb Ukraynada güzəştdə getdi? - Fikir verin, ABŞ-ın son illər postsovet məkanına diqqəti nəzərəçarpacaq dərəcədə azalıb. Bu, Ukrayna, Gürcüstan və eyni zamanda Azərbaycan məsələsində də özünü göstərir. İndiyə qədər ABŞ-ın Azərbaycana səfir təyin etməməsi təsadüfü sayıla bilməz. Amma düşünmürəm ki, bu diqqətsizlik uzun müddət davam etsin. Çünki Azərbaycanın önəmi böyükdür və təkcə İranla bağlı deyil. Məncə, iyuna qədər bu məsələ həll olunmalıdır. Ona görə ki, maydan başlanaraq region kritik dönəmə girə bilir. - Ancaq politoloq Eldar Namazov ABŞ dövlət katibinin müavininin Bakıya yox, Tiflis və İrəvana getməsini əsas gətirərək qəzetimizə bildirib ki, Vaşinqton Azərbaycanla bağlı siyasətində dəyişiklik edir. Yəni Amerika Azərbaycanın yerini dəyişibmi? - Geopolitik olaraq Azərbaycan postsovet məkanına daxildir. Vaşinqtonun siyasətinin dəyişməsinə gəldikdə, bəli, müəyyən siyasi nüanslar olsa da, radikal dəyişiklik yoxdur. Sadəcə olaraq, bu vəziyyətə uyğun dəyişmədir. Təbii ki, ABŞ postsovet ölkələrindəki demokratik ölkələrlə Azərbaycanı fərqləndirir. Baltik respublikaları artıq Avropaya tam inteqrasiya olunub, Ukrayna və Gürcüstan isə tam inteqrasiya yoluna çıxıblar və NATO-ya və Avropa Birliyinə tam üzv olmaq iddiasındadırlar. Azərbaycanın Rusiyanın nəzarətində olduğunu nəzərə alsaq, təbii ABŞ-ın yanaşması Ukrayna və Gürcüstandan fərqlənəcək. Üstəgəl rəsmi Bakının prezident seçkilərində Obamanı dəstəkləməsi rejimlər arasında müəyyən bir gərginliyin yarandığını göstərir. - Bəs bu gedişatın siyasi nəticəsi nə ola bilər? - Təəssüf ki, həm ABŞ-ın, həm də Avropa Birliyinin gündəliyində Azərbaycan məsələsi yoxdur. 2008-ci ildən başlanan iqtisadi böhran dünya ölkələrinin gündəminə oturub. Bu gün Amerika və Avropada prioritet məsələ daxili sosial-iqtisad vəziyyətdir. Həm də ABŞ bu gün iki məkanda müharibə aparır. - Bütün dediklərinizdən belə anlaşıldı ki, proseslər demokratiyanın ziyanınadır? - Mən elə düşünmürəm. Əgər postsovet məkanında demokratiyaya dəstək sadaladığım səbəblərdən azala bilərsə, bütövlükdə ümumi demokratik məsələlərə Konqres tərəfindən diqqət azalsın. O cümlədən İran daxili məsələlər də Azərbaycana ciddi təsir göstərəcək. Mümkün deyil ki, Azərbaycanın bir hissəsində ciddi dəyişikliklər olsun, o biri hissəsində bunu müşahidə etməyək. Natiq CAVADLI Mushibə Bizim yol.az saytından götürülmüşdur.