SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı İranla daha sərt rəftara çağırır

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanı İranla daha sərt rəftara çağırır

Gunaz.tv
GünAzTv: Səudiyyə Ərəbistanının xarici işlər naziri deyib ki, İran üzərinə yeni sanksiyalar qoymaqla nüvə mübahisəsini tez həll etmək olmaz. Şahzadə Səud əl-Feyzal deyib ki, İranın yaratdığı təhlükə sanksiyalardan "daha sürətli çözüm" tələb edir. O bunları Riyadda, Amerikanın dövlət katibi Hillari Klintonla danışıqlardan sonra deyib. Xanım Klinton İranın "hərbi diktaturaya" çevrilməsindən danışıb. Lakin İranın xaric işlər naziri Mənuçehr Mottəki Hillari Klintonun bu sözlərini "yeni aldatma" kimi təsvir edib. Mətbuat konfransında çıxış edən şahzadə Səud deyib: "Sanksiyalar uzunmüddətli çözüm vasitələridir. Onların təsiri ola bilər, biz mühakimə yürütmək istəməzdik. Lakin biz bunu qısa müddətdə həll edilməli məsələ kimi görürük, Yəqin ona görə ki, təhlükə bizə daha yaxındır. Ona görə də bizə məsələnin dərhal həlli lazımdır, nəinki tədricən çözülməsi." Xarici işlər naziri çevik çözümün nədən ibarət olmasından ictimaiyyət arasında danışmasa da, Amerikanın dövlət katibi ilə birgə səyahət edən BBC müxbiri Kim Qattas güman edir ki, həmin variantlar bağlı qapılar arxasında xanım Klinton və kral Abdulla arasında müzakirə ediliblər. Bəzi regional ekspertlər hesab edirlər ki, nə sanksiyalar, nə də dialoq bir xeyir verməyəcəklər. Buna görə onlar müxtəlif istiqamətlərdən təzyiq etməyi təklif edirlər. Bura İranın qonşuları tərəfindən iqtisadi təzyiqlər daxildir. Xanım Klinton həmçinin istəyir ki, Səudiyyə Ərəbistanı öz münasibətlərindən istifadə edərək, Çini İrana qarşı daha sərt mövqe tutmağa razı sala bilsin. Pekin İrana investisiyalarından götürdüyü qazancı itirməkdən ehtiyat etsə də, eyni zamanda Səudiyyə neftinin ən böyük alıcısıdır. Çin bu ölkədən gündə 400 000 barrel neft alır. Şahzadə Feyzal deyib ki, İrana qarşı tədbirin vacibliyini dərk etməsi üçün Çinə Səudiyyə tərəfindən dirsək vurulması lazım deyil. Səudiyyənin xarici işlər naziri əlavə edib ki, Yaxın Şərqi nüvə silahından azad etmək məramına İsrail də daxil edilməlidir. BBC müxbiri Kim Qattas yazır ki, səudiyyəli rəsmilər çox zaman ehtiyatlı, dipomatik ifadələrlə danışırlar. "Xarici işlər nazirini sözlərindən belə çıxır ki, krallıq neftdən istifadə edərək, Çini BMT sanksiyalarını dəstəkləməyə inandırmaq fikrində deyil. Amma bu bəyanatı Çinə üstüörtülü bir xəbərdarlıq saymaq da olar. Əgər Çin BMT sanksiyalarını dəstəkləməsə, onda özünün bir nömrəli neft təchizatçısını məyus edəcək." Bu arada Rusiya hökuməti İrana xəbərdarlıq edib ki,Moskva yeni sanksiyalara razı ola bilər. Kreml sözçüsü deyib ki, İran BMT ilə əməkdaşlığı yaxşılaşdırmalıdır. O əlavə edib ki, beynəlxalq birlik İranın nüvə proqramının dinc olduğuna əmin olmayınca, heç kim sanksiyaların tətbiqini istisna edə bilməz. Xəbər mənbəi:BBC Azeri News

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar