SON XƏBƏRLƏR

İran və Rusiyadan gizli təhdid

2021.10.20, 07:36
İran və Rusiyadan gizli təhdid

Gunaz.tv
GünAzTv: Son illər Azərbaycanın süni şəkildə "federallaşma"sı siyasətinin tərkib hissəsi olaraq, ölkədə "Ləgzistan", "Avarıstan", "Talışstan" və "Artsax" kimi bölücü hərəkatlara İrandan və Rusiyadan dəstək verildiyi artıq sirr olmaqdan çıxıb. Artıq bəlli olub ki, hər iki qonşu dövlətin Azərbaycana olan münasibətində "zəif region" strategiyası üstün səviyyədə bir marağa çevrilibdir. Hələ 2003-cü ildə Rusiyanın sabiq prezidenti Vladimir Putinin imzaladığı "keçmiş sovet vətəndaşlarının istənilən an ərizə yazmaqla Rusiya Federasiyasının vətəndaşlığını ala bilmək hüquqları var" sərəncamı hələ də qüvvədədir. Separatçı Abxaziya və Güney Osetiyada həmin siyasət bu gün artıq rəsmiləşdirilib. İndi onlar üçün sırada separatçı Dağlıq Qarabağ və Pridnestrovye (Moldova) var. Doğrudur, bu işə bir az fərqli rakursda baxılır, amma mahiyyət eynilə qalır. İran da boş dayanmır. Məsələn, biz görürük ki, mənşəcə gilək olan Mahmud Əhmədinejad prezident kürsüsünə yiyələndikdən sonra Azərbaycana qarşı "Talışstan ssenarisi" aktivləşib. Tehran rejiminin "Arran" baxışları 1991-ci ildə dövlət müstəqilliyini qazanan Azərbaycana qarşı İranın Xarici İşlər Nazirliyi nəzdində "Qafqaz-Orta Asiya Strateji Baxışları" mərkəzi yaradıldı. Bu mərkəzə sabiq xarici işlər naziri Əliəkbər Vilayəti rəhbərlik edirdi. Mərkəzin rüblük dərgisi "Risalət"in hər sayında İranın Azərbaycanla bağlı hədəfləri açıq şəkildə ifadə olunur. Bu dərgidə qeyd olunan strateji hədəflərin doktrinası belədir: "Azərbaycanı İranın təsir dairəsində saxlamaq üçün şiəlik ən üstün səviyyəyə qaldırılmalıdır. Türk milliyyətçiliyi dövlət siyasətinin tərkib hissəsinə çevriləcəyi təqdirdə, gənclər narkomaniya xəstəliyinə mübtəla olunmalıdır. Bütün bunlara nail olunmadıqda isə separatçı regionları alovlandırmaq lazımdır". İranda uyuşdurucu alverçilərinin vaxtaşırı olaraq asıldığı barədə xəbərlərin gəldiyi bir zamanda, elə həftə olmur ki, İran-Azərbaycan sərhədində növbəti narkotik qaçaqmalçısı zərərsizləşdirilməsin. Bu təzadlı vəziyyət özü bizə nələrsə deyir... Bizə bəllidir ki, İran rəsmiləri çox zaman dövlət strukturlarında, eləcə də elmi ədəbiyyatda Azərbaycanı "Qədim İran dövlətinin Arran vilayəti" adlandırırlar. Hal-hazırda Azərbaycana qarşı "Təhlil və Araşdırma Beynəlxalq Konqresi" təşkilatını qurmaqla, Tehran və Ərdəbil şəhərlərində xüsusi mərkəzlər yaradılıb. Bu yöndə "Dağlıq Qarabağ" və Talışstan" ssenarilərinin metodologiyası hazırlanır. Həmin mərkəzlərin hədəflərində açıq şəkildə qeyd olunur ki, Azərbaycanda bu ölkənin İranın tərkib hissəsi kimi "Arran anlayışı" formalaşdırılmalı, bunun coğrafi sərhədləri ictimailəşdirilməli, bura dil və dialektlərin araşdırılması, xalqların zərdüştilik, xristianlıq, islam və şiəlik inanclarının bir din kimi inkişafına baxışları araşdırmaq, milli azlıqlar olaraq talış, tat, ləzgi, avar, tsaxur, rutul və digər xalqların həyat tərzinə diqqəti artırmaq; ənənəvi mədəni qatları, xüsusilə aşura, novruz, cümə axşamları məsələsində İranın nüfuzunu artırmaq, bölgədə mövhumatı (cindarlıq) geniş yaymaq, regionun tarixini saxtalaşdırmaq, İran və Arran mədəniyyətinin identik nəzəriyyəsini, mədəni dəyərləri formalaşdırmaq, farsdilli xalqlarda dil, mədəniyyət qatlarına xüsusi qayğı göstərmək, İranın konstitusional və etnoqrafik hadisələrdə rolunu artırmaq, Arranda siyasi və sosial hərəkatları daim təqib etmək və digər sahələr daxildir. Ənvər Börüsoy Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzi (AMSTM)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar