SON XƏBƏRLƏR

Güney Azərbaycanda Ana dili gününə hazırlıq gedir

2021.10.20, 07:36
Güney Azərbaycanda Ana dili gününə hazırlıq gedir

Gunaz.tv
GünAzTv: YUNESCO Baş Konfransının 1999-cu ildə keçirdiyi 30-cu sessiyasında 21 fevral Ümumdünya Ana dili Günü kimi təsdiq olunub. Eyni zamanda tövsiyyə olunub ki, ölkələrin rəsmi dililə yanaşı ölkə daxilində yaşayan digər millətlətin dilləri də rəsmiyyətdə tanınmalı, bütün sahələrdə istifadə olunmalı və onun inkişafına şərait yaradılmalıdır. BMT Baş Assambleyası isə ana dilinin əhəmiyyətini nəzərə alaraq 2008-ci ili Beynəlxalq Dillər İli elan edib. Ana dilində tədris tələb edən Güney Azərbaycan türkləri də öz haqq səslərini beynəlxalq aləmə çatdırmaq üçün 21 fevral Ümumdünya Ana dili Gününə hazırlaşır. Artıq bununla bağlı əksər şəhərlərdə soydaşlarımıza bildirişlər paylanılıb. Bildirişlərdə fars şovinist rejiminin assimlyasiya siyasətinə etiraz səsini ucaltmaq istənilir. Eyni zamanda İran Konstitusiyasının 15 və 19-cu maddələri əsas götürülərək, hökumətdən Azərbaycan türkcəsində tədrisə şərait yaradılması tələb olunur. Ancaq kütləvi tədbirlər təkcə Güney Azərbaycanda deyil dünyanın müxtəlif ölkələrində də keçiriləcək. Belə ki, fevralın 20-də Danimarkanin Aarhus şəhərində 21 fevral Ümumdünya Ana dili günü münasibətilə tədbir keçiriləcək. Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin (DAV) təşəbbüsüylə düzənlənəcək mərasimdə Güney Azərbaycanın Urmiya şəhərindən olan Aşıq Qurban gözəl saz havalarıyla soydaşlarımızın ruhunu oxşayacaq. Tədbir yerli vaxtla saat 19.00-dan 23.00-dək olacaq. Bundan əlavə, fevralın 23-də İngiltərənin Lids şəhərində "Güney Azərbaycan gecəsi" keçiriləcək. Tədbir Yorkşirdəki Azər-Türk Assosiasiyasının (ATAY) təşkilatçılığıyla yerli vaxtla saat 16:00-dan 19:00-dək düzənləcək. Gecədə milli mahnılar ifa olunacaq, şeirlər səsləndiriləcək. Eyni zamanda fevralın 21-də Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) təşəbbüsü və təşkilatçılığıyla İngiltərənin paytaxtı London şəhərində BBS-nin mərkəzi qərargahının qarşısında etiraz aksiyası keçiriləcək. Piket yerli vaxtla saat 14:00-dan 16:00-dək olacaq. Bundan əlavə, GAİP 21 fevral Ümumdünya Ana dili Günüylə bağlı bəyanat yayıb. Sənəddə bildirilir ki, İranda 85 ildir qeyri-fars millətləri ən ibtidai hüqüqlarından, o cümlədən ana dilində təhsil almaq, mətbuat vasitələrindən yararlanmaq, dil və mədəniyyətinin inkişaf etdirmək üçün hansısa mədəni tədbirlərini keçirməkdən məhrum olub. Bütün bu haqsızlığa sivil şəkildə öz etirazını bildirən insanlar isə ən ağır fiziki və mənəvi işgəncələrə məruz qalırlar: "Fars-molla rejimi 35 milyon Azərbaycan türkünün ana dilini yasaqlamaqla bizə milli kimliyimizi, tariximizi unutdurmağa çalışır. Azərbaycan türkcəsi öz fonetik ahənginə və qrammatikasına görə dünyanın ən təkmil dillərindən biri olduğu halda, uşaqlarımız öz ana dilində yox, yabancı fars dilində məcburən təhsil alır və bu zorakılıq nəticəsində assimilyasiya olunurlar. Buna qarşı mübarizə aparan Azərbaycan türkləri bu gün də rejimin basqısına və zorakılığına məruz qalır. Qeyri-fars millətləri ayrıseçkilik siyasətinə son qoymaq üçün davamlı etirazlarını bildirməli və pozulmuş hüqüqlarının bərpası uğrunda öz mübarizələrini daha da kütləviləşdirməlidir. Biz hesab edirik ki, ana dilimizin əbədi yaşamasının və yad basqılardan qorunmasının yeganə yolu millətimizin istiqlalını qazanmasından keçir. Ona görə də Azərbaycan türkləri bir millət olaraq öz gücünə arxalanmaqla şovinist rejimə qarşı haqlı mübarizəmizi daha mütəşəkil formada davam etdirməliyik. Biz bütün dünyaya sübut etməliyik ki, milli, mənəvi və tarixi zənginliklərə sahib olan Azərbaycan türkü öz ana dilində təhsil almağa, azad, demokratik və müstəqil dövlətdə yaşamağa layiq bir millətdir". Turqut. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar