SON XƏBƏRLƏR

BİR İL Bəxtiyar Vahabzadəsiz

2021.10.20, 07:36
BİR İL Bəxtiyar Vahabzadəsiz

Gunaz.tv
GünAzTv: Türk dünyası Cingiz Aytmatovdan sonra daha bir itki ilə üzləşdi. Türk dünyasının ünlü şairi Bəxtiyar Vahabzadə fevralın 13-də 84 yaşında dünyasını dəyişdi. Onun ölümündən ötən bir il onu bizə daha da yaxınlaşdırdı. Onun milli mənəvi fikir tariximizdəki obrazı daha əzəmətli göründü. Hələ 1959-cu ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirən, 20 Yanvar qırğınını törədənlərin üzünə tüpürməyi özündə cəsarət tapan Bəxtiyar müəllim yenə “Millətin Bəxtiyarı” kimi anıldı. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən bu anım mərasimində türk dünyasının dəyərli övladları da qatıldılar. Və sözləşibmişlər kimi, nə qədər Türk dünyası var, Bəxtiyar Vahabzadə həmişə beləcə yad olunacaq dedilər. Türk dünyasının görkəmli şairi Bəxtiyar Vahabzadənin əbədiyyətə qovuşmasından bir il ötür. Onun vəfatı təkcə Azərbaycanı deyil, bütün türk dünyasını sarsıtdı. Çünki Bəxtiyar Vahabzadə həm zəngin yaradıcılığı, həm də ictimai fəaliyyəti ilə xalqının istiqlal mücahidinə və türk dünyasının birlik carçısına çevrilmişdi. O, bu yolda ömrünü qoydu. “O, xalqı üçün özünü şam kimi əritdi” 1Srağagün Dövlət Gənc Tamaşaçılar Teatrında xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr edilmiş “Millətin Bəxtiyarı” adlı anma gecəsində onun Vətən, millət, türk dünyası qarşısındakı böyük xidmətləri bir daha yada salındı. Azərbaycan Yazıçılar Birliyinin (AYB) və “Dialoq Avrasiya” Platforması (DA) Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə düzənlənən tədbirdə professor Nizaməddin Şəmsizadə dedi: “İstiqlal şairimiz Bəxtiyar Vahabzadənin ölümündən bir il keçib. Amma bu bir il onu bizə daha da yaxınlaşdırdı. Onun milli-mənəvi fikir tariximizdəki obrazı daha əzəmətli göründü”. Bəxtiyar Vahabzadənin 65 illik yaradıcılığında daim mənsub olduğu xalqın içində olduğunu, əlini xalqın əlindən heç zaman üzmədiyini, millətin sevinc və kədərini poetik dillə ifadə etdiyini vurğulayan N. Şəmsizadə onun bu millətə necə yaşamağı, necə yanmağı öyrətdiyini və özünü də bu yolda şam kimi əritdiyini dedi. Nizaməddin müəllim əlavə etdi ki, o, min ildən çox poetik ənənələri olan Azərbaycan poeziyasının XX əsrdəki layiqli davamçısı oldu, fəlsəfi intellektual poeziyanın önündə getdi, sovetlərin qılıncının dalının da, qabağının da kəsdiyi illərdə ürəyinin hökmü ilə “Gülüstan”ı yazdı. İki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirdi: “Bir sözlə, o, XX əsrdə Azərbaycan poeziyasını özünəməxsus yolla aparan bir sənətkar oldu. Şairin azərbaycançılıq məfkurəsi ilə dərindən bağlı olan və milli özünüdərkə çağıran əsərləri ədəbiyyatımızın inkişafına çox dəyərli töhfələrdir”. “Xalqını həmişə öndə görmək istəyirdi” “Böyük sənətkarların doğum tarixləri olur, ölüm tarixləri olmur; Bəxtiyar Vahabzadə də belə şəxsiyyətlərdəndir”,- sözləri ilə çıxışına başlayan AYB-in sədri, xalq yazıçısı Anar dedi ki, o, şeirlərinin birində yazırdı ki, sən gərək baharın gəlişini qaranquşdan, torpaqdan əvvəl duyasan. Şair bu fikri ilə Azərbaycanın siyasi baharının da gələcəyini proqnozlaşdırmışdı: “Bəxtiyar Vahabzadə arzuladıqlarını - Azərbaycanın müstəqilliyini, Türkiyə-Azərbaycan qardaşlığını gördü. Bu mənada o, həqiqətən də, bəxtiyar şairdir”. O məlum dəhşətli günlərdə başsız qalmış parlamentin etiraz yığıncağını keçirməyə təşəbbüs göstərməsini, buna nail olmasını, bu yolla da Azərbaycan xalqının haqq səsini dünya ictimaiyyətinə çatdırmasını da xatırlatdı, onu həm də fəal ictimai xadim olduğunu bildirdi. Daha sonra şairin türk dünyasının birliyi uğrunda mücadiləsindən söz açan Anar onun bu dünyada həmişə hörmətlə yad olunacağını vurğuladı. Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, Milli Məclisin mədəniyyət məsələləri komitəsinin sədri, DAP-ın Azərbaycan Milli Komitəsinin sədri Nizami Cəfərov Bəxtiyar Vahabzadənin, sadəcə, şeir yazmadığını, öz fikrini ruhi və idrakı ilə ifadə etdiyini vurğuladı: “O, ruhu etibarı ilə üsyançı idi, sözün yaxşı mənasında, millətçi idi. O, öz millətini həmişə öndə gedən millətlərin arasında görmək istəyirdi. Bu istiqamətdə çalışırdı. O, ana dilinin saflığı uğrunda mübariz oldu. Bu yoldan dönməz oldu”. Daha sonra: “Bəxtiyar müəllimdə qəribə duyğu var idi”, - deyən Nizami Cəfərov onun nəyin uğrunda mübarizə apardığını yaxşı dərk etdiyini və bu mübarizələrdən qalib çıxacağına əmin olduğunu dilə gətirdi. “O, Türkiyəni Azərbaycan qədər sevirdi” Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Bəxtiyar Vahabzadəni millət qəhrəmanı adlandırdı və şairlə son görüşündən söz açdı. DAP-ın həmsədri Harun Tokak Bəxtiyar Vahabzadənin yalnız Azərbaycanın, türk dünyasının şairi olmadığını, onun dünyəvi bir sənət adamı olduğunu vurğulamaqla yanaşı, bir gileyini də dilə gətirdi: “Nə yazıq ki, biz onları hələ də dünyaya yetərincə tanıda bilməmişik. Bəxtiyar Vahabzadə bütün dünyada tanınmağa layiqdir. Bu istiqamətdə türk yazarları da əllərindən gələni əsirgəməyəcəklər”. Harun Tokakın sözlərinə görə, Türkiyədə Mehmet Akif Ersoy kimi sevilən Bəxtiyar Vahabzadənin bu məmləkətə sevgisi bambaşqa olub. Harun bəy belə tədbirlərin Türkiyədə də təşkil olunacağını söylədi. Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Mustafa Kabakçı da Bəxtiyarı türk dünyasının şairi kimi xarakterizə etdi. TBMM-in millət vəkili Mehmet Müəzzinoğlu isə: “Önəmlilər gəlib gedər”, - dedi, - lakin dəyərlilər qalar. Bəxtiyar dəyərli olmağı bacardı. Onun bütün əsərlərində Vətən, ana, türk dünyası ana xətt təşkil edir”. Egey Universitetinin professoru Yavuz Akpınar da öz çıxışında Bəxtiyar sevgisinin təməl prinsiplərindən söz açdı. Xalq şairi Zəlimxan Yaqub son bir ildə Bəxtiyar Vahabzadənin adının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən söz açmaqla yanaşı, onun hələ sağlığında heykəlləşdiyini bildirdi: “Ona görə ki, Füzulidən heyrət, Sabirdən qeyrət, Səməd Vurğundan qüdrət alan söz ustadı kökə, yaddaşa, tarixə, saza, muğama, milli şüura, milli yaddaşa, Turana addımlayan yolda gənclərə düzgün istiqamət göstərirdi. O, doğulandan ölənə kimi “Türkiyə”, “Vətən”, “Ana dilim” dedi. Deyə-deyə yandı, yandırdı. Şam kimi əridi, əritdi...”. Çıxışını isə bu sözlərlə tamamladı: “Gələndə bir eldə doğulan Bəxtiyar, gedəndə bu dünyanın Bəxtiyarı kimi getdi”. Anım gecəsində Bəxtiyar Vahabzadənin əsərlərindən parçalar səsləndirildi, müğənnilər - Azərini və Ərtoğrul Ərkişinin ifalarında onun sözlərinə yazılmış mahnılar ifa edildi. QVAMİ MƏHƏBBƏTOĞLU, RƏŞAD ZALOV . Zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar