SON XƏBƏRLƏR

Ermənistan-İran əməkdaşlığının genişlənməsi regiona nə vəd edir?

2021.10.20, 07:36
Ermənistan-İran əməkdaşlığının genişlənməsi regiona nə vəd edir?

Gunaz.tv
GünAzTv: İranın nüvə proqramı ətrafında gərginlik alovlanarkən regionda diqqət çəkən digər bir proses də Ermənistan-İran münasibətlərinin yüksələn xətt üzrə davam etməsidir. SSRİ-nin dağılma mərhələsində başlayan bu münasibətlər daim müsbət addımlarla yadda qalmışdır. Ermənistan 1990-cı illərin əvvəllərində Azərbaycan ərazilərini işğal edərkən, Rusiyanın hərbi dəstəyi ilə yanaşı qonşu Müsəlman ölkə İranın da maddi və mənəvi dəstəyini daim arxasında hiss etmişdi. Sonrakı illərdə, Ermənistan İran əməkdaşlığı daim yeni istiqamətlər və dərinlik qazanaraq inkişaf etməyə davam etmişdir. Son illərdə münasibətlərin enerji istiqaməti daha sürətlə inkişaf etdirilmişdir. İki ölkə arasında enerjinin müxtəlif istiqamətləri üzrə iri layihələr həyata keçirilsə də xüsusilə İranın Ermənistanın qaz və neft ehtiyacının ödənilməsi üçün atdığı addımlar diqqət çəkmişdir. İran Ermənistan ilə enerji əməkdaşlığında nəinki daim özünün irəli sürdüyü “Müsəlman qardaşlığı” və oxşar prinsipləri pozmuşdur, hətta bir çox halda adi qonşuluq və qonşularının ərazi bütövlüyünə hörmət prinsiplərini də gözləməmişdir. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində İranın işğalçı ölkə ilə enerji layihələri həyata keçirmə təşəbbüsü buna sübutdur. Xatırladaq ki, bir neçə dəfə belə təşəbbüs göstərilmiş, amma Azərbaycanın sərt etirazından sonra geri addım atılmışdır. İki ölkə arasında yüksək səviyyəli rəsmilərin səfərlərində də daim sıxlıq müşahidə olunmuşdur. Təkcə 2008-ci il noyabrın 24-də Ermənistan Milli Təhlükəsizlik Şurasının rəhbəri Artur Bağdasaryanın İrana səfərində əsasən siyasi, təhlükəsizlik, iqtisadi sahələrə aid 10 əməkdaşlıq sənədi imzalanmışdı. Səfərdə İranda keçirdiyi görüşlərin çox faydalı olduğunu bildirən Bağdasaryan, Ermənistanın “İranın sivil nüvə proqramını dəstəklədiyini” bildirmişdir. O eyni zamanda İranın “Qafqazdakı təhlükəszilik məsələlərinin həllindəki fəallığını” müsbət qarşıladıqlarını da qeyd etmiş və İranı daha da fəal olmağa çağırmışdı. “İİR” Ali Təhlükəsizlik Şürasının Sədri Səid Cəlili isə öz növbəsində bildirmişdir ki, iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi üçün yetərincə səbəb mövcuddur: “Müzakirələrdə bizim və Erməni xalqının xeyrinə olan bir çox mövzular haqda razılıq əldə olunub və sazişlər imzalanıb”. O eyni zamanda bildirib ki, Tehran-İrəvan əməkdaşlığı “adi ikitərəfli əməkdaşlıq deyil, adi münasibətlərdən daha yüksəkdə dayanan münasibətlərdir”. Bağdasaryan İrandakı bütün çıxışlarında İran və Ermənistanı “iki dost və mehriban qonşu” adlandırmışdı. Belə səfərlərdən biri də 2009-cu ilin aprelində Ermənistan prezidenti Serj Sarkisyanın İrana səfəri olmuşdu. Səfərdə iki ölkənin qarşılıqlı əlaqələrinin genişləndirilməsi üçün birgə əməkdaşlığa dair aşağıdakı sahələrdə 8 sənəd imzalanmışdı:1. Dəmir yolu nəqliyyatı üzrə əməkdaşlıq və İran İslam Respublikasından Ermənistana birbaşa dəmir yolu xəttinin çəkilməsi;2. Araz Su Elektrik Stansiyasının tikintisi üçün kapital qoyuluşu;3. Azad ticarət rejiminin yaradılması;4. Enerji sahəsində əməkdaşlıq;5. Bank fəaliyyətinə nəzarət;6. Neft məhsullarının nəqli üçün boru kəmərinin çəkilişi;7. Sığorta sahəsində əməkdaşlıq;8. İxracatın genişlənməsi. Səfərlə bağlı xüsusi diqqət çəkən məqamlar arasında Sarkisyan ilə Əhmədinejad arasındakı xüsusi səmimiyyət, liderlərin 1 saatlıq qapalı görüşü və görüşdən sonra verilən açıqlamalardakı bəzi nüanslar idi. Sarkisyan açıqlamasında “İranın həmişə Ermənistana dar günlərdə kömək etdiyini, 1990-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı və ötən ilin avqustunda Gürcüstanda baş verən hadisələr zamanı Ermənistandan dəstəyini əsirgəmədiyini” xüsusi vurğulayaraq, İrana təşəkkürünü bildirmişdir. Sarkisyan, daha sonra İranda yaşayan ermənilərlə Tehrandakı “Ararat” idman kompleksində görüşü zamanı isə daha da cəsarətlənərək özünü “məzlum müsəlmanların hamisi” kimi qələmə verən İslami İranın paytaxtında “Dağlıq Qarabağın heç vaxt Azərbaycanın tərkibinə qaytarılmayacağını” bəyan etmişdi. Bilindiyi kimi, qonşularına qarşı ərazi iddiaları və işğalçılıq siyasətinə görə Ermənistan əsasən təcrid vəziyyətindədir. Xüsusilə Azərbaycan ərazilərini işğal etdiyi 1990-cı illərin əvvəllərində və 2008-ci ilin avqust hadisələri zamanı Ermənistan təcriddən daha çox əziyyət çəkib. Hər iki halda da Ermənistanın öz siyasətinə yenidən baxması və bütün qonşuları ilə normal münasibətlər qurması üçün siyasətini dəyişdirməsi şansı yaranıb. Fəqət, Ermənistan üçün bir anda açılan “həyat qapıları” bu prosesə mane olub. 2008-ci ilin vqustuna qədər təcridi daha çox hiss edən və bu hadisələr zamanı “boğulmaq üzrə olan” Ermənistanda müxtəlif təbəqələr siyasi kursu kifayət qədər sərt şəkildə tənqid etməyə başlamışdılar ki, İranın açıq köməyi işğalçı dövlətin imdadına yetişdi. Sarkisyanın 2009-cu ildəki səfəri zamanı İranın köməyini xüsusi vurğulaması və bundan cəsarətlənərək işğal altında saxladıqları Azərbaycan torpaqlarını azad etməyəcəklərinə dair bəyanatı İranın həm daim vurğuladığı “İslam qardaşlığı” pirinsipi ilə, həm də “sülh və ədalət tarafdarı” olması fikri ilə heç cür uyğun gəlmir. İranın bu siyasətinin sadəcə qonşu Türk və Müsəlman dövlətlərdə yox, bu ölkənin daxilində də xoş qarşılanmadığı bilinir. Qeyd edək ki, İran mətbuatı Sarkisyanın səfərini geniş işıqlandırmaqdan çəkinmişdi. Çünkü İİR ictimaiyyətinin, xüsusilə də Azərbaycanın maraqlarının qorunmasında daha həssas olan Türk əhalinin buna qarşı olduğunu bilir. Bu yaxınlarda isə “Ermənistan-İran qardaşılığının” növbəti addımları atılıb. Eyni həftə içərisində Ermənistanın keçmiş prezidenti Koçaryan Tehrana, İranın Xarici İşlər Naziri Manuçöhr Mottaki isə İrəvana səfər etmişdi. Ermənistan prezidenti Serj Sərkisyan Mottakini qəbul edərkən belə demişdi: “Bilirsiniz ki, İranla münasibətlərə necə böyük əhəmiyyət veririk. Bölgədə vacib rolu olan İran Ermənistanın sadiq tərəfdaşıdır”. Sərkisyan İranın Dağlıq Qarabağ probleminin həllində tutduğu balanslı mövqeyə görə minnətdarlığını bildirib. Sarkisyanın bu fikri təsadüfi deyil. Son dövrlərdə Qarabağ problemi ilə əlaqədar vasitəçilik təşəbbüslərini dayanmadan təkrarlayan İranın əvvəlki iki təşəbbüsünün Müsəlman əhali üçün necə nəticələndiyi Erməni liderlərin yaxşı yadındadır. Əvvəlki iki təşəbbüsün əsas nəticəlri arasında XOCALI SOYQIRIMI, Şuşa və Laçının işğalı kimi hadisələrin olması Azərbaycan əhalisinin də yadındadır. Maraqlıdır ki, yaşlı, körpə, qadın demədən minlərlə Müsəlmana qarşı acımasızlığın ən vəhşi nüminələrinin sərgiləndiyi XOCALI SOYQIRIMInın qeyd olunması üçün müxtəlif məhdudiyyətlər tətbiq edən Tehran, uydurma “Erməni soyqırımı”na dair tədbirlər üçün bütün imkanlarını səfərbər edir. Görəsən Xocalı soyqırımını törədən Koçaryanın əvvəllər olduğu kimi bu il yenə XOCALI SOYQIRIMInın ildönümü ərəfəsində həm də heç bir rəsmi titulu olmadığı halda Tehranda ən yüksək səviyyədə qarşılanması hansı mənaya gəlir? Bütün bunlar azmış kimi, İran-Ermənistan əməkdaşlığına yeni çalarlar hələ də əlavə olunur. Hər iki ölkənin rəsmiləri yeni istiqamətlər üzrə müqavilələr imzalanacağını, xüsusilə enerji sahəsində əməkdaşlığı dərinləşdirəcəklərini bildirirlər. Erməni tanklarına benzin tökməklə, eləcə də Erməni əsgərlərini ərzaq, geyim və s. əşyalarla təmin etməklə Xocalı soyqırımının baş verməsinə, orada Müsəlman qadın və uşaqların qətlə yetirilməsinə yaxından köməklik göstərmiş İran, bu gün də qeyd olunan istiqamətdə fəaliyyətini davam etdirməkdə görəsən hansı məqsədi güdür? Bəlkə yeni bir faciənin yaşanmasını istəyir? Bəlkə Azərbaycandakı, o cümlədən hal-hazırda Ermənistanın işğalı altındakı Qarabağ topraqlarının sakinləri olan Müsəlmanların Fələstindəki Müsəlmanlardan fərqi vardır?. araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar