SON XƏBƏRLƏR

Türkiyə prezidenti erməni həmkarına cavab verdi

2021.10.20, 07:36
Türkiyə prezidenti erməni həmkarına cavab verdi

Gunaz.tv
GünAzTv: Türkiyə prezidenti erməni həmkarına cavab verdi Türkiyə prezidenti Abdulla Gül Ermənistan prezidenti Serj Sarkisyana cavab məktubu göndərib. APA-nın Türkiyə prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, məktubda deyilir: “Əziz dostum. Türkiyə hava məkanından keçməyiniz münasibətilə göndərdiyiniz nəzakətli mesaja görə təşəkkür edirəm. Fürsətdən istifadə edərək Sizə və qonşu Ermənistan xalqına salamlarımı çatdırıram. Mesajınız vasitəsilə ifadə etdiyiniz düşüncələri məmnuniyyətlə qarşılayıram. Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılmasına yönəlmiş cəhdlərimizin münaqişələrlə yoğrulmuş coğrafiyamızda yeni bir barış ümidi doğuraraq dünya miqyasında haqlı bir marağa səbəb olduğu fikrinə qatılıram. Qonşu xalqlarımız arasında uzun müddətdir mövcud olan stereotiplərin aradan qaldırılması ilə qarşılıqlı anlayış və etimadın yaradılması bizim əsas məqsədimiz idi. Bu məqsəd və öhdəliklərdəki eynilik qorunub saxlanılarsa, bizim də bu qayələri irəli aparmaq sahəsində qərarlı olduğumuzdan şübhə etməyin. Məsuliyyətli idarəçiliyin verilən sözlərin arxasında durmaq və sözlərin əməllərlə üst-üstə düşməsini tələb etdiyi düşüncəsinə də qatılıram. Normallaşma prosesini ölkələrimiz arasında əldə edilən razılıq əsasında irəli aparmaq üçün fəaliyyətimizi davam etdirəcəyik. Bu tarixi prosesi sona çatdırmağın öhdəlikləri tam şəkildə yerinə yetirməklə bərabər yetərli siyasi cəsarət də tələb etdiyinin fərqində olmalıyıq. Bölgəmizdə yaşayan bütün xalqlar üçün daimi sülh, təhlükəsizlik, rifah və əməkdaşlıqdan ibarət bir gələcək qurulması ortaq hədəfimizdir. Ölkələrimiz üçün qaneedici nəticə əldə etmək ümidi ilə bu proseslə məşğul olmağa davam edəcəyəm”. Xatırladaq ki, fevralın 8-də Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə prezidenti Abdulla Gülə məktub göndərib. Böyük Britaniyaya gedən S.Sarkisyanın təyyarəsi Türkiyə hava məkanından keçərkən göndərilən məktubda Ermənistan prezidenti həmkarını qətiyyət göstərməyə və iki ölkə arasında münasibətlərinin normallaşmasına, bölgədə sabitliyə xidmət edəcək addım atmağa çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar