SON XƏBƏRLƏR

Türkiyə-Ermənistan arasında protokol böhranı dərinləşir

2021.10.20, 07:36
Türkiyə-Ermənistan arasında protokol böhranı dərinləşir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ermənistan Konstitusiya Məhkəməsinin (Anayasa məhkəməsi) qərarından sonra Ankara-İrəvan yaxınlaşmasına dair ötən ilin oktyabrında Sürixdə imzalanan protokollarla bağlı böhran dərinləşir. Xəbər verdiyimiz kimi, yanvarın 27-də Londonda Əfqanıstana dair beynəlxalq konfransın gedişində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ dövlət katibi Hillari Klintonla görüşərək ondan erməni tərəfinə təsir göstərməyi xahiş etmişdi. Lakin Ermənistan Konstitusiya Məhkəməsinin protokolların mahiyyətinə zidd qərarına dəstək verən Amerika tərəfi bu xahişi müsbət qarşılamayıb. Xanım Klinton məsələnin mürəkkəb və mühüm olmasına baxmayaraq Davudoğluna görüş üçün cəmi 15 dəqiqə vaxt ayırıb. Ermənistan Konstitusiya Məhkəməsinin qərarına görə protokollar yerinə yetirilərkən Türkiyə ərazilərinin bir hissəsinin erməni torpaqları olması, “soyqırım”ın tanınmasının dövlət siyasəti təşkil etməsi barədə müstəqillik bəyannaməsinin müddəaları əsas götürülməlidir. Eyni zamanda sərhədlər açıq olmadan qarşılıqlı olaraq sərhədlərin tanınmasını nəzərdə tutan birinci protokol işləyə bilməz. Xəbər verildiyi kimi, Ermənistanda artıq prezidentə protokolların altındakı imzanı ləğv etməsi üçün səlahiyyət verən qanun layihəsi də hazırlanıb. Türkiyə qaynaqlarının xəbərlərinə görə, Davudoğlu yanvarın 28-də Londonda protokollarla bağlı yaranan böhrandan sonra ilk dəfə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanla görüşüb. Bu görüşün Türkiyə tərəfinin müraciəti əsasında baş tutduğu bildirilir. Belə ki, cəmi bir gün əvvəl Ermənistan XİN Londonda Nalbəndyanın Davudoğlu ilə görüşməyəcəyini açıqlamışdı. Bildirilir ki, Nalbəndyan-Davudoğlu görüşü kifayət qədər gərgin keçib. Türkiyə xarici işlər naziri Ermənistan Konstitusiya Məhkəməsinin qərarının protokolların məğzinə və iki ölkə arasında barışıq prosesinin özünə zidd olduğunu onun diqqətinə çatdırıb. Davudoğlu bildirib ki, İrəvan protokollardan kənara çıxmayacağına dair yazılı hüquqi təminat verməlidir. Lakin Ermənistan xarici işlər naziri qərarın protokollara zidd olduğu haqda deyilənləri qəbul etməyib və bildirib ki, İrəvan heç bir əlavə hüquqi təminat vermək fikrində deyil. Türkiyə mənbələri nazirlərin gərgin keçən görüşünün xeyli qısa olduğunu xəbər verir. Belə ki, Nalbəndyanla Davudoğlu cəmi 15 dəqiqə sonra görüşü tərk ediblər. Türkiyə tərəfi nazirlərin gələn ay Münhendə beynəlxalq təhlükəsizlik konfransı zamanı yenidən görüşmək və məsələni müzakirə etmək barədə anlaşdıqlarını xəbər verib. Lakin dərhal Ermənistan XİN bu xəbəri təkzib edərək açıqlayıb ki, Nalbəndyan ümumiyyətlə Münhen konfransına qatılmağı planlaşdırmır. Türkiyə mətbuatının xəbərlərinə görə, Londonda Ankara-İrəvan yaxınlaşmasında yaşanan böhranla bağlı Rusiya xarici işlər naziri də dövrəyə girib. Sergey Lavrov Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdükdən sonra Nalbəndyanla bir araya gəlib. Bu vaxt görüş üçün Nalbəndyanı gözləyən Davudoğlu Ermənistan xarici işlər nazirinin Lavrovla görüşə getdiyini görərək Məmmədyarovla daha sonraya planlaşdırılan görüşünü tezləşdirməli olub. Davudoğlunun Məmmədyarova Türkiyənin Ermənistan Konstitusiya Məhkəməsinin qərarı ilə bağlı Ankaranın mövqeyinin qəti olduğunu çatdırdığını, həmçinin Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan bu protokolların ratifikasiya edilməyəcəyinə dair Türkiyə rəhbərliyinin vədlərini çatdırıb. Məmmədyarov isə prezidentlərin Soçi danışıqları ilə bağlı Davudoğlunu məlumatlandırıb. Londonda protokollar ətrafında yaranmış durum Nalbəndyanla Hillari Klinton arasında da müzakirə edilib. Ermənistan XİN-dən yayılan açıqlamaya görə, görüş zamanı ABŞ dövlət katibi Ankara-İrəvan yaxınlaşmasını dəstəklədiklərini bildirib və protokolların tezliklə ratifikasiyasında maraqlı olduqlarını bildirib. Nalbəndyan isə deyib ki, Ermənistan protokolların ratifikasiyasında maraqlıdır və Konstitusiya Məhkəməsinin qərarı bunu təsdiq edir. Ancaq Türkiyə tərəfi prosesi ləngidir və əngəllər yaradır. Diplomatik mənbələrdən yayılan məlumatlara görə, London təmasları zamanı ABŞ dövlət katibi Ermənistan Konstitusiya Məhkəməsinin qərarı ilə bağlı İrəvana təzyiq göstərmək fikrində olmadıqlarını ifadə edib, eyni zamanda bildirib ki, tərəflərin artıq imzalanmış protokolları dəyişdirməsi də qəbul edilə bilməz. Protokollar ətrafında yaranmış vəziyyəti şərh edən təcrübəli türk diplomatı, CHP milət vəkili Şükrü Ələkdağ hesab edir ki, hökumət prosesin iflasa uğradığını etiraf edərək protokolları parlamentdən geri çəkməlidir. Əks halda onların ratifikasiyası üçün Türkiyəyə təzyiqlər artacaq. Ələkdağa görə, ermənilər “Böyük Ermənistan” ideyalarından əl çəkmək niyyətində deyil. Keçmiş diplomat qeyd edib ki, Ermənistan Konstitusiya Məhkəməsinin qərarından sonra məsələ bitmiş sayıla bilər. Çünki bu qərar protokollardan daha üstün hüquqi qüvvəyə malikdir və heç bir instansiya tərəfindən ləğv edilə bilməz. Ələkdağ bildirib ki, vaxtilə o parlamentdə debatlar zamanı xarici işlər naziri Əhməd Davudoğlunun diqqətinə protokollarda Qars anlaşmasından bəhs edilməməsini Türkiyə üçün faciəvi səhv olduğunu çatdırmışdı. “Təəssüf ki, mənim xəbərdarlığım gerçəkləşdi. Əgər Ermənistan Konstitusiya Məhkəməsinin bu qərarından sonra Türkiyə protokolları parlamentdə ratifikasiya etsə iki ölkə arasında sərhədləri müəyyənləşdirən Qars anlaşmasından, Türkiyənin Naxçıvan üzərindəki qarant hüququndan, habelə Qars anlaşmasının Ermənistanın Türkiyəyə qarşı ”soyqırım" ittihamlarını əngəlləyən 15-ci bəndindən vaz keçməsi demək olacaq “. Keçmiş diplomata görə, Ermənistan Konstitusiya Məhkəməsinin qərarından geri addım atmaq, onu dəyişdirmək və ya ləğv etmək mümkün deyil. Buna görə də Ermənistan rəhbərliyi de-fakto belə vəziyyət yaradaraq protokolların ratifikasiyası üçün bütün təzyiqləri Türkiyəyə yönəltmək istəyir. musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar