SON XƏBƏRLƏR

Davos Forumunda iştirak edən İlham Əliyev Bloomberg agentliyi və The Wall Street Journal qəzetinin müxbirlərinə müsahibə verib

2021.10.20, 07:36
Davos Forumunda iştirak edən İlham Əliyev Bloomberg agentliyi və The Wall Street Journal qəzetinin müxbirlərinə müsahibə verib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak edən Azərbaycan prezidenti İlham Əliyev Bloomberg agentliyi və The Wall Street Journal qəzetinin müxbirlərinə müsahibə verib. Prezident Əliyevin müsahibəsi əsasında The Wall Street Journal-da dərc edilən məqalənin icmalı təqdim edilir. Soyqırımı ittihamları və ərazi iddiaları ətrafında uzun illər davam edən mübahisələrdən sonra hazırda Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik münasibətlərin qurulmasına dair gedən prosesin dağılması təhlükəsi artmaqdadır. Ermənistan oktyabr ayında imzalanan protokolların ratifikasiyasını tələsdirir, Türkiyənin isə zaman çərçivəsi hələ bitməyib. Çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyev deyib ki, "Ermənistan Dağlıq Qarabağ bölgəsi daxil olmaqla işğal etdiyi əraziləri geri qaytarmayınca Türkiyə bu protokolları təsdiqləməyəcək". Onun bu sözləri Ermənistanla Türkiyə arasında sövdələşməyə dair narahatlıqları daha da artırıb. Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən prezident İlham Əliyev The Wall Street Journal qəzetinə verdiyi müsahibədə deyib: "Bölgədə belə bir ümumi anlayış mövcuddur ki, ilk addımı Ermənistan atmalıdır və buna işğal etdiyi əraziləri boşaltmaqla başlamalıdır". İlham Əliyev Türkiyənin bu məsələni anlamasından tam məmnun olduğunu deyib. Prezident Əliyev deyib ki, "əgər bu iki məsələ biri-birindən ayrılsa onda çox güman ki, Ermənistan Azərbaycanla Dağlıq Qarabağ məsələsinə dair danışıqları donduracaq." O, əlavə edib ki, Ermənistanı danışıqlar masası arxasında saxlamaq üçün iqtisadi təzyiqin əsas stimullardan biri olduğunu hesab edir. Baş nazir Rəcəb Tayyip Ərdoğan daxil Türkiyə liderləri dəfələrlə söyləyiblər ki, Ermənistanla sərhədlərin açılması və Dağlıq Qarabağ münaqişəsində irəliləyiş bir-birilə bağlı məsələlərdir. 15 ildir ki davam edən sülh danışıqlarında hələlik heç bir tərəqqi əlaməti yoxdur. Lakin Türkiyənin də mövqeyində bəzi qeyri-müəyyənliklər var. Oktyabrda imzalanan protokollarda bu ərazi ilə bağlı mübahisə qeyd olunmayıb. Ermənistan prezidenti administrasiyası rəhbərinin müavini Vigen Sarkisyan deyib ki, "biz hazırda vəziyyətin getdikcə çətinləşdiyi bir məqama yaxınlaşırıq". Amerika prezidentinin 1915-ci il hadisələrinə dair adətən çıxış etdiyi aprelin 24-ü yaxınlaşdıqca Ermənistan prezidentinə Türkiyə ilə münasibətləri səhmana salmaq cəhdlərindən vaz keçilməsi üçün təzyiqlər artır və protokolların ratifikasiyası üçün Ermənistanın cızdığı vaxt cədvəli daha da sıxlaşır. Bundan fərqli olaraq Türkiyə rəsmiləri bir il, və ya bəlkə də bundan da artıq davam edə biləcək prosesdən bəhs edirlər. Xarici işlər naziri Əhməd Davutoğlu bu yaxınlarda, onun təbirincə, gerçəklikdə, protokollara şərt qoymuş Ermənistan Konstitusiya Məhkəməsinin qərarına dair qəzəbini izhar etmişdi. Ermənistan isə bu ittihamları rədd edir. Yerevan deyir ki, Ermənistan höküməti protokolları ratifikasiya üçün parlamentə göndərməklə yanaşı prezidentə müqavilələrdən imzasını geri götürməyə imkan verən qanunverici aktları hazırlayır. Türkiyə Ermənistanla öz sərhədlərini 1993-cü ildə Ermənistanın dəstəklədiyi qüvvələrin Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun işğalına etiraz əlaməti olaraq bağlamışdı. Lakin 2008-ci ilin avqustunda Gürcüstanla Rusiya arasında müharibədən sonra Qafqazda daha əhəmiyyətli rol oynamağa çalışan Türkiyə Ermənistanın təcridinə son qoymaq üçün danışıqlara hazır olduğunu bildirmişdi. Ötən ilin yazında Türkiyə və Ermənistan sərhədlərin açılması, diplomatik və ticarət əlaqələrinin qurulması və 1915-ci ildə Osmanlı imperiyasında 1 milyona yarıma qədər erməninin qətliamı daxil tarixi məsələlərin öyrənilməsi üçün müştərək komissiyanın yaradılmasını nəzərdə tutan protokolların layihəsini hazırlamışdı. Lakin prezident İlham Əliyevin və Türkiyənin daxilində buna kəskin etirazlarla üzləşən Türkiyə son anda imza atmaqdan imtina etdi. Amerika, Rusiya və Avropa İttifaqı Türkiyə-Ermənistan təşəbbüsünü fəal dəstəkləyirlər. Onlar deyirlər ki, bu, enerji təchizatı baxımından mühüm olan bölgəni sabitləşdirməyə kömək edərdi. O zaman Türkiyə-Ermənistan danışıqlarından narahat olan İlham Əliyev öz etirazını Azərbaycanın təbii qaz və neft ehtiyatlarını Türkiyədən yan keçməklə ixrac edəcəyi ilə hədələmişdi. Prezident Əliyev çərşənbə günü The Wall Street Journal-a verdiyi müsahibədə deyib ki, "Azərbaycan öz qazını 4 istiqamətdə ixrac edə bilər - Türkiyə, Gürcüstan, İran və Rusiya vasitəsilə". İlham Əliyev deyib: "Biz bu istiqamətlərin hər biri üzrə qaz həcmlərini artıra bilərik". Azərbaycan prezidenti həmçinin Avropa İttifaqının planlaşdırdığı Nabukko kəmərinin inşasının ləngiməsindən məyyus olduğunu bildirib. Nabukko Xəzər dənizindən qazı Türkiyə üzərindən Avropa bazarlarına çıxarmalıdır. Prezident Əliyev deyib: "Qazprom deyir ki, bizdən təchiz edəcəyimiz qədər qaz alacaq. Əgər Nabukko gecikdirilsə, aydındır ki, biz Qazproma daha çox qaz satacağıq".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar