SON XƏBƏRLƏR

Musəvinin xanımı: bütün təzyiqlərə baxmayaraq Əhmədinejad hökumətini tanımayacağıq

2021.10.20, 07:36
Musəvinin xanımı: bütün təzyiqlərə baxmayaraq Əhmədinejad hökumətini tanımayacağıq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın keçmiş baş naziri Mirhüseyn Musəvinin xanımı Zəhra Rəhnəvərd İran prezidenti Mahmud Əhmədinejadın legitimliyini tanımayacaqlarını bəyan edib. Son günlər İranda “yaşıl hərəkat” rəhbərlərinin (Mirhüseyn Musəvi, Mehdi Kərrubi, Məhəmməd Xatəmi və Haşimi Rəfsəncani) hakimiyyətlə məxfi sövdələşməyə getməsi barədə şayiələr yayılıb. Z.Rəhnəvərd jurnalistlərə açıqlamasında bu şayiələri rədd edib və hakimiyyətin bütün təzyiqlərinə baxmayaraq Əhmədinejad hökumətini tanımayacaqlarını, hakimiyyətlə sazişə gedib xalqa arxa çevirməyəcəklərini vurğulayıb: “Biz əvvəldə olduğu kimi yenə xalqın tələb və istəklərinin gerçəkləşməsi uğrunda çalışırıq. Nə mən, nə də cənab Musəvi qeyri-sağlam bir rəqabət şəraitində saxtakarlıq yolu ilə seçilən bu hökuməti tanımırıq, tanımayacağıq da. Bu gün biz artıq sinəmizi qabağa vermişik və hər hansı bir gülləyə, hücuma və ya terrora məruz qalmağa hazırıq”. Z.Rəhnəvərd son həftələrdə ölkədə dinc mübarizə aparan fəalların, o cümlədən tanınmış qadın hüquq müdafiəçilərinin zindanlara salınması prosesinin gücləndirilməsindən narahat olduğunu da bildirib: “Bu həbslər hakimiyyətin atdığı çox səhv bir addımdır. Yalnız azadlıq tələb edən və xalqın hüququndan danışan insanların kütləvi həbsini heç nə ilə izah etmək olmaz“. Kütləvi həbslərin xalqın irəliyə doğru hərəkətinin qarşısını ala bilməyəcəyini vurğulayan Z.Rəhnəvərd deyib: “Biz “yaşıl hərəkat”la nəfəs alır, yaşayırıq. Bizim xalq yüksək siyasi şüura malikdir və öz tələblərindən geri çəkilməyəcək. Elə həmin yüksək şüura görə də əminliklə deyə bilərəm ki, artıq xalqımız ziyalıların arxasında yox, önündə gedir, ziyalılar da onların arxasınca hərəkət edirlər”. mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar