SON XƏBƏRLƏR

“SOÇİ ZİRVƏSİ” yekunlaşdı

2021.10.20, 07:36
“SOÇİ ZİRVƏSİ” yekunlaşdı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Yanvarın 25-də Rusiyanın Soçi şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentləri İlham Əliyev, Serj Sərkisyan və Dmitri Medvedyevin keçirdiyi görüş “Krasnaya polyana” dağ xizək kurort komleksində xizək sürməklə yekunlaşıb. görüşdə tərəflər münaqişənin həllində onlar üçün qəbuledilməz bəndlərə yenidən baxmaq barədə razılığa gəliblər. Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dünən Soçidə Rusiya dövlət başçısı Dmitri Medvedevin iştirakı ilə növbəti görüş keçirilib. Ancaq, öncədən gözlənildiyi kimi, bu görüşdə də münaqişənin birdəfəlik aradan qaldırılması ilə əlaqədar ciddi addımlar atılmayıb və tərəflər arasında problemin nizamlanması ilə bağlı hər hansı rəsmi sənəd imzalanmayıb. Soçidən verilən məlumata görə, üç ölkə prezidentlərinin görüşü iki saat yarım davam edib. Əsas müzakirə hədəfi ATƏT MQ həmsədrləri tərəfindən təqdim edilən və Madrid prinsipləri əsasında hazırlanan yenilənmiş nizamlama prinsipləri olub. Azərbaycan və Ermənistan prezidentləri münaqişənin nizamlamasına dair öz mövqelərini növbəti dəfə ortaya qoyaraq yenilənmiş nizamlama prinsiplərinə öz münasibətlərini bildiriblər. Görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyanat verərək beynəlxalq ictimaiyyəti danışıqların nəticəsi ilə tanış edib. Prezidentlərin görüşünü olduqca məhsuldar adlandıran Lavrov bildirib ki, tərəflər əsas məsələləri yenidən nəzərdən keçiriblər və bununla bağlı atacaqları addımlara aydınlıq gətiriblər. Rusiya xarici işlər naziri: “Görüşün əsas nailiyyəti odur ki, iki ölkə prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həllində əvvəllər razılığa gələ bilmədikləri müddəlara yenidən baxmağa və ona redaktə xarakteri daşıyan əlavələr etməyə razılıq veriblər. Sergey Lavrov: “Tərəflər münaqişənin həlli ilə bağlı sülh danışıqlarını və dialoqu bundan sonra da davam etdirməyi qərara alıblar”. Lavrovun sözlərinə görə, prezidentlərin Soçi görüşü ötən il bu formatda Moskvada keçirilən görüşün davamı olub və bu da irəliyə ümidlə baxmağa imkan verir. Dünən həmçinin Azərbaycan və Ermənistan prezidentləri ATƏT MQ həmsədrlərinin iştirakı ilə bir araya gəliblər və problemin həlli ilə bağlı danışıqların davam etdirilməsinin məqsədəuyğun olduğunu bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar