SON XƏBƏRLƏR

Güney Azərbaycanlı türklərin yürütdüyü hazırki siyasət doğrudur

2021.10.20, 07:36
Güney Azərbaycanlı türklərin yürütdüyü hazırki siyasət doğrudur

Gunaz.tv
Elxan Şahinoğlu: "Soydaşlarımız enerjilərini İranda gələcəkdə daha geniş vüsət ala biləcək təlatümlərə hazırlamalıdırlar" "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyir ki, hazırda İrana qarşı müharibə variantı real deyil: "İran hakimiyyətini hələ birinci mərhələ gözləyir. Əgər Tehran nüvə çalışmalarından əl çəkməsə, başda ABŞ olmaqla Qərb ölkələri İrana qarşı siyasi və iqtisadi sanksiyaların tətbiqinə çalışacaqlar. Yəni bu mərhələyə baş vurmadan İrana qarşı güc tətbiq etmək real görünmür. Digər tərəfdən ABŞ İraq və Əfqanıstandakı terror qruplaşmalarının ram edilməsilə məşğuldur. Vaşinqton bu iki ölkədə uğur qazanmadan Avrasiya bölgəsində üçüncü cəbhə açmağa risk etməz. Müharibə çağırışları daha çox psixoloji təzyiq mənası daşıyır". Onun sözlərinə görə, Tehran beynəlxalq aləmin sanskiyalarına rəğmən, nüvə çalışmalarından əl çəkməzsə, gələcəkdə İrana qarşı güc tətbiqi həqiqətən aktuallaşa bilər: "Çünki zaman da İranın lehinə işləyir. Tehran hələlik müddəti uzatma siyasətini uğurla həyata keçirir. Fikir verin, Qərb Tehrana təklif etdi ki, uranı Fransa və Rusiyada zənginləşdirdikdən sonra geri alsın. Tehran təklifi araşdırmaq üçün vaxt istədi. Vaxt bitdikdən sonra isə təklifi qəbul etmədiyini açıqladı. Tehran bu müddətdə nüvə çalışmalarını bir qədər də irəli apardı. Qərb daha sonra Tehrana uranı Türkiyədə zənginləşdirməyi təklif etdi. İran yenə vaxt istədi, ancaq sonrakı cavab yenə eyni oldu. Tehran bir az da vaxt qazandı. Bu arada İran Qazaxıstandan zənginləşdirilmiş uran almağa çalışdı. Buna görə də Qərb Tehranın daha vaxt qazanaraq nüvə çalışmalarını davam etdirməsinə izn vermək fikrində deyil. Ancaq beynəlxalq aləm İranla bağlı yekdil qərara da gələ bilmir. Bu da Tehranın işinə yarayır. İrana qarşı sanksiya qəbul etmək üçün BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü yekdil qərar qəbul etməlidir. 5 daimi üzvdən ikisi - Rusiya və Çin isə İranla tellərini asanlıqla qırmağa tələsmirlər. Doğrudur, ABŞ prezidenti Barak Obama çox çalışır ki, Moskva və Pekini yola gətirsin. Obama Rusiyanın istəyi üzərinə Polşa ve Çexiyada raketlərdən müdafiə sistemlərini yerləşdirməkdən vaz keçdi. Əvəzində Kreml İran probleminin həllində Vaşiqntona dəstək vədi verdi. Ancaq sonradan Kremldən fərqli açıqlamalar eşidilməyə başlandı. Obama daha sonra Çinə səfər edərək Pekini də İrana qarşı mövqe sərgilməyə çağırdı. Obama bu istiqamətdə də uğur əldə edə bilmədi. İran da öz növbəsində bu fikir ayrılığından istifadə edərək, dərhal Çinə sərfələi enerji anlaşması təklif etdi. Bu anlaşmaya görə Çin İran neftini ərazisində hazır məhsula çevirəcək. Bu mənada əgər ABŞ Rusiya və Çindən gərəkən dəstəyi almazsa Avropadakı müttəfiqlərilə birgə hərəkət etmək məcburiyyətində qalacaq. Müharibə isə həqiqətən bölgədə böyük təlatümlərə səbəb ola bilər. İran beynəlxalq aləmə İraq və Əfqanıstandan daha betər problemlər yaşada bilər. İrana xarici hərbi müdaxilə həm bölgədə radikal-terrorçu fəaliyyətləri artırar, həm də müharibənin qəlpələrindən hamıya "pay" çatar. Bu mənada İranda müharibənin mümkün ehtimalı Azərbaycan üçün də zərərlidir". Elxan Şahinoğlu bildirir ki, İranda yaşayan türklərin yürütdüyü hazırki siyasət doğrudur: "Azərbaycan türkləri lazım olanda fəaldırlar, lazım olmayanda isə hadisələri kənardan müşahidə edirlər. Fikrimcə, Azərbaycan türkləri güclərini səpələmədən enerjilərini İranda gələcəkdə daha geniş vüsət ala biləcək təlatümlərə hazırlamalıdırlar". Turqut

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar