SON XƏBƏRLƏR

Tehranda məmurlar futbol afişalarını cırıblar . S.Sədrəddin

2021.10.20, 07:36
Tehranda məmurlar futbol afişalarını cırıblar . S.Sədrəddin

Gunaz.tv
Belə bir söz var: "idman siyasətdən ayrıdır". Lap elə "din siyasətə qarışmır" kimi. Ancaq dünyanın idman və siyasi arenalarında baş verənlər bunun əksini də sübut edir. Bu ilin yazında "İslam həmrəyliyi idman oyunları"nın keçiriləcəyi gözlənilirdi. "Assoşieyted Press"in xəbərinə görə, bu tədbir İran İslam Respublikasının ucbatından təxirə salınıb. İslam ölkələri həmrəylik oyunları federasiyasından bildiriblər ki, İran yarışmaların loqosunda "Fars körfəzi" yazılması iddiası ilə çıxış edib. Tehran hakimiyyəti ərəb ölkələrinin "Ərəb körfəzi" adlandırdığı yerin "Fars körfəzi" adlandırılmasında israrlı olduğunu bildirib. Səudiyyə Ərəbistanı təmsilçiləri medalların və mükafatların üzərindən "Fars körfəzi" ifadəsinin yığışdırılmasını tələb etmiş, əlavə olaraq bildirmişdi ki, onun yerinə ya "Ərəb körfəzi", ya da sadəcə olaraq "Körfəz" yazılmalıdır. "İslam ölkələri həmrəylik idman oyunları"nın keçirilməsi ilə bağlı İKT 2001-ci ildə qərar qəbul edib. İlk oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında oldu. Onda Özbəkistan, Albaniya və Toqo istisna olmaqla 53 müsəlman ölkəsindən 6,5 min idmançı həmrəylik yarışmasına qatılmışdı. İndi sözügedən yarış əslində ötən ilin oktyabrında olmalı idi. Hələ 1998-ci ildə futbol üzrə dünya çempionatında İranın yığma komandası ABŞ-ı məğlub etmişdi. O zaman ayətulla Xamneyi "biz böyük şeytan üzərində qələbə qazandıq" demiş, bu zəfəri "dünya çempionu olmaqla" eyniləşdirmişdi. "Traktor"dan qorxub hürkənlər İdmanı əlində siyasi alət edən Tehran ölkə daxilində bu yarışmalara don geydirməyə çalışır. İranın "3-cü" televiziya kanalında "90" adlı veriliş futbol icmalında Azərbaycan türklərini aşağılamaqdan çəkinməyib. Aparıcı Firdövsipur "Traktor"un oyununa və fanatlarına lağlağı ilə yanaşıb. Həmin oyuna baxmağa gəlmiş 20 mindən çox tehranlı türkün öz komandalarını alqışlamasını qısqanaraq, kadrları efirdə göstərməyib. Ölkə paytaxtında türklərin az olduğunu vurğulamaq üçün deyib ki, "Traktor"un tərəfdarları Təbrizdən və Azərbaycanın çeşidli bölgələrindən gəlib. Ancaq heç kimə sirr deyil ki, İstanbuldan sonra dünyada türklərin çox olduğu ikinci şəhər məhz Tehrandır. Ölkədə daha çox sevilən komandanı müəyyən etmək üçün tamaşaçılara sevdikləri komandaya SMS göndərilməsi ilə bağlı müraciət olunmuşdu. Yerli müşahidəçilərin sözlərinə görə, "Traktor"a ünvanlanmış SMS-lərin sayılmaması nəticəsində Tehranı təmsil edən "İstiqlal" və "Perspolis" komandalarına 1-ci və 2-ci yerlər verilib. Firdövsipurla bir zamanlar idman sahəsində birgə çalışmış "Traktor"un baş məşqçisi Kamalvənd Fərazın aparıcının bu saxtakarlığına canlı bağlantıda etiraz etməsi də yarımçıq qalıb. Onun telefon danışığı kəsilib. Heç kimə sirr deyil ki, bütün yarışmalarda tamaşaçılar öncə özünə etnik baxımdan yaxın olanlara üstünlük verir. Bu, dünyanın hər yerində belədir. Elə ona görə də Güney Azərbaycan türkləri də, təbii olaraq, belə yarışmalarda ilk növbədə azərbaycanlılara tərəfkeşlik edir. Azərbaycan türklərinə qarşı nanəcib davranışın əsas günahı İranda meydan sulayan, din cildinə girmiş panfarsçılıqdır. "Ayna"nın ötən saylarından birində Təbrizdə "Traktorquraşdırma" (farsca - "Traktorsazi") ilə Tehranın "İstiqlal" futbol komandaları arasında gedən yarışdan yazmışdıq. 1:1 hesabı ilə başa çatan həmin oyunda Azərbaycan türkləri kimsəni aşağılamadan komandalarını dəstəkləməklə yanaşı, öz milli varlıqlarını, mövcudluqlarını çeşidli şüarlarla dilə gətirmişdilər. Bundan başqa, İranın farsdilli bölgələri sayılan ərazilərində idman yarışlarında son illər türklərə qarşı fars şovinistləri və onların dəstəkçiləri təhqiramiz şüarlar səsləndirirlər. Ötən həftə isə "traktorçu"lar Tehranın "istiqlalçı"ları ilə ölkə paytaxtında görüş keçirib. Bu qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Onlar növbəti oyunu həftənin sonunda Təbrizdə Şirazın "Müqaviməti-Sipasi" klubuna qarşı keçirəcək. Məsum ağ göyərçinləri tutub boğanlar "GünazTV"nin məlumatına görə, Təbriz klubunun fanatları ilə polis arasında olay baş verib. Buna səbəb kimi "traktorçu"ların tərəfdarları üçün nəzərdə tutulmuş 20 min limitin azlığı göstərilir. Ancaq müşahidəçilərin sözlərinə əsasən, bu qarşıdurmanın başlıca səbəbi hakimiyyət təmsilçilərinin "traktorçu"lara qarşı nəzakətsiz davranışı olub. Oyun başlamazdan öncə Tehran küçələrindən futbol afişaları məmurlar tərəfindən yığışdırılıb. Oyun zamanı havaya buraxılan göyərçinləri polislər və "istiqlalçılar" tutaraq boğub. Təbrizlilərin komandasını dəstəkləyən şüarları polis stadiondan çıxardıb və s. hakimiyyət təmsilçilərinin belə davranışı azərbaycanlı tamaşaçıların "Yaşasın Azərbaycan!" şüarını səsləndirməsinə səbəb olub. "Mediaforum"un məlumatına görə, "Traktor"çuların afişa və şüarlarını Azərbaycan türkcəsində çap edən "Afiyət" və "Nigar" mətbəələri qapadılıb. Yerli hüquq-mühafizə orqanları iki həftəyə yaxındır həmin mətbəələri möhürləyib. Güney Azərbaycan türklərinin "Traktor"a bu şəkildə fanatlığı təbii qəbul edilməlidir. Çünki bu, dinc və mədəni aksiyadır. Burada siyasi rəng yoxdur. Tərbiyəsiz söyüş söyənlər Xatırladaq ki, ötən ilin sonlarında "Traktorquraşdırma" ilə İsfahanın "Sepahan" futbol klubları arasında İsfahanda keçirilən oyunda yerli sayılan azarkeşlər Azərbaycan türklərinə qarşı tərbiyələrindən doğan sözlər deyib, şüarlar səsləndirmişdilər. İsfahanlı azarkeşlərin bu sayaq "qonaqsevərliyinin" qarşısını almağa polislər cəhd göstərməmişdi. Bu sayaq irqçi şüarlar səslənəndə bir qayda olaraq, hakimlər kollegiyası futbol fanatlarının cəzalandırılması ilə bağlı qərar çıxarır. Nə bu oyunu izləyən rəsmilər, nə də yarışmadan sonra İran Futbol Federasiyası hakimlər kollegiyası isfahanlı azarkeşlərlə bağlı qərar çıxarmadı... Beləliklə, "Traktor"çuların öz komandalarına sevgisinə dözməyən İran rəhbərliyi "İslam həmyərlik oyunları"na ev sahibliyi edəcəkmiş.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar