SON XƏBƏRLƏR

Robert Köçəryan İranda nə gəzir?!

2021.10.20, 07:36
Robert Köçəryan İranda nə gəzir?!

Gunaz.tv
Ermənistanın eks-prezidenti Robert Köçəryan yanvarın 20-də İrana qəfil səfər edib. Köçəryan İran prezidenti Mahmud Əhmədinejad və xarici işlər naziri Mənuçehr Mottaki ilə görüşüb. İranın “Tehran Times” qəzetinin yazdığına görə, Köçəryan Əhmədinejadla regional məsələləri və qlobal tendensiyaları müzakirə edib. İran prezidenti keçmiş Ermənistan prezidenti ilə görüşündə deyib ki, bölgə ölkələrinin sülh və sabitlik əldə etməsi üçün kifayət qədər potensialı var. O, potensialı hərəkətə gətirmək üçün bölgə ölkələri arasında sıx əməkdaşlığın vacib olduğunu dilə gətirib. Deyəsən, Mahmud Əhmədinejad ın ümumi dediklərinin çoxu elə Ermənistana aid olub. Çünki çıxışının sonrakı hissəsində o, Ermənistanla əməkdaşlıqdan ağız dolusu danışıb: “Ermənistanla İran arasında dost münasibətlər mövcuddur. Hər iki dövlət ortaq layihələr həyata keçirmək üçün var qüvvəylə çalışır və regional proseslərdə fəaldır”. Robert Köçəryan da İran hakimiyyətinin ünvanına tərif yağdıraraq Ermənistanın İranla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyib. Köçəryanla Mottakinin söhbəti zamanı mövzu konkretləşib. Doğrudur, tərəflər əvvəlcə yenə bir-birilərinin şəninə tərif söyləyiblər, ancaq sonra keçiblər mətləbə. Mənuçehr Mottakinın açıqlaması: “Qafqazda təhlükəsizlik və sabitliyə regional kontekstdə nail olmaq lazımdır”. Köçəryanbu mövzuda iranlı diplomatdan da irəli gedib: “Regional yanaşma əhəmiyyətlidir, çünki xarici dövlətlərin Qafqazdakı problemlərin həllinə dair reseptləri zərər verir”. Ermənistanın keçmiş prezidentinin İrana səfəri iki aspektdən maraqlıdır. Birincisi, bu, Köçəryanın prezident postunu tərk etdikdən sonra rəsmi görüşlərlə müşahidə olunan ilk xarici səfəridir. Ermənistanın hakimiyyət dairələrindən yayılan xəbərlərə görə, Köçəryanın İrana səfəri rəsmi İrəvanla razılaşdırılmayıb. Başqa sözlə, bu, şəxsi səfər mahiyyəti daşıyırmış. Ancaq Köçəryan İranda prezident səviyyəsində qəbul olunub və o da fürsəti əldən verməyərək İrandakı danışıqlarda özünü Ermənistanın yiyəsi kimi aparıb. Demək, Köçəryanın yaxınlarda yenidən siyasi hakimiyyət uğrunda mübarizəsinin şahidi ola bilərik. Bu mübarizənin başlanğıcı isə İrana səfərlə qoyuldu. Görünür, hazırkı prezident Serj Sərkisyanın siyasəti artıq Köçəryanı qane etmir. İkincisi, Robert Köçəryan Tehranda verdiyi sonuncu açıqlamayla İrana səfərinin məqsədini ortaya qoyub. Ermənistanın keçmiş prezidenti Tehran rejimi kimi Dağlıq Qarabağ münaqişəsinin həllində Qərbin rolunu tənqid edib. Belə çıxır ki, Köçəryan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların Ermənistan üçün zərərli nəticələr verəcəyini proqnozlaşdırır. Köçəryan İranı tərifləyir, eyni zamanda Qərbin Qafqazda varlığını tənqid edir. İran hakimiyyətinə məhz Köçəryan kimi müttəfiqlər lazımdır. Tehran bu cür şəxslərin yardımıyla Cənubi Qafqazda varlığını gücləndirmək istəyir. Tehran Cənubi Qafqazda yaranan boşluğu doldurmaq fikrindədir. ABŞ Rusiyanın xeyrinə tədricən Cənubi Qafqazdan uzaqlaşmaqdadır. ABŞ prezidenti Barak Obama Cənubi Qafqazda xələfləri qədər fəal deyil, aylardır Azərbaycana səfir də təyin etmir. Bu durum isə Rusiya ilə bərabər İranın da xeyrinə işləyir. Ermənistan da məqamdan yararlanaraq İranı bölgə problemlərinin həllinə dəvət edir, Azərbaycan isə Tehrana “yox” deyə bilmir. İranın Dağlıq Qarabağ münaqişəsinin həllində yardımını bir dəfə dadmışıq – Şuşa əldən gedib, eyni səhvi ikinci dəfə təkrarlamamıza yaxın tarix imkan verməməlidir. Azərbaycan İranın hakimiyyət mənsublarının Köçəryan kimilərlə cızdığı ssenariləri yalnız müttəfiq(lər?!)i hesabına poza bilər. Hadisələrin sürətlə inkişaf etdiyi bu dövrdə isə həqiqi müttəfiqimiz Türkiyəni özümüzdən küsdürmüşük, Ankara ilə nə qaz anlaşmasını razılaşdıra bilirik, nə də viza problemini həll edirik. Üstəlik, hakimiyyətdən gələn “Şəhidlər xiyabanında məscid olmaz” tipli açıqlamalarla türk məscidinin söküləcəyinə eyham vurulur. Bir tərəfdə Ermənistan müttəfiqləri Rusiya və İranla birgə, o biri tərəfdə də laqeyd ABŞ və Türkiyə ilə münasibətləri soyuqlaşan Azərbaycan... .Elxan ŞAHİNOĞLU. mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar