SON XƏBƏRLƏR

İrəvanda konstitusiya məhkəməsinin qoyduğu şərtlər rəsmi Ankarada narahatlığa səbəb oldu

2021.10.20, 07:36
İrəvanda konstitusiya məhkəməsinin qoyduğu şərtlər rəsmi Ankarada narahatlığa səbəb oldu

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "musavat"-a istinadən yaydığı məlumata görə, Türkiyə ilə Ermənistan arasında münasibətlərə dair ötən ilin oktyabrında Sürixdə imzalanmış protokollarla bağlı yeni böhran meydana çıxıb. Əgər indiyədək Türkiyə tərəfinin protokolların ratifikasiyası üçün Qarabağ münaqişəsinin nizamlanmasını şərt kimi irəli sürməsi əsas problem hesab edilirdisə, bu dəfə erməni tərəfi protokollara əngəl yaradıb. Xəbər verildiyi kimi, ötən həftə Ermənistan Konstitusiya Məhkəməsi protokolların parlamentdə ratifikasiyasının mümkünlüyünə dair qərar çıxarıb, lakin məhkəmənin qərarında protokollarda nəzərdə tutulmayan bəzi ön şərtlər yer alır. Konkret olaraq Konstitusiya Məhkəməsi hesab edib ki, Türkiyə ilə Ermənistan arasında faktiki sərhədlər açılmadan İrəvan tərəflərin bir-birilərinin sərhədlərini tanımasını nəzərdə tutan birinci protokolun qüvvəsi ola bilməz. Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulması və tərəflərin bir-birilərinin mövcud sərhədlərini tanımasına dair öhdəliklər birinci protokolda yer alır. Sərhədlərin açılması, “soyqırım” iddialarına dair ortaq tarix komissiyasının qurulması və digər məsələlər isə ikinci protokolda əksini tapıb. Orada deyilir ki, ikinci protokolun qüvvəyə minməsindən sonra ən geci iki ay ərzində sərhədlər açılmalıdır. Lakin Ermənistan Konstitusiya Məhkəməsinin şərhi tamamilə yeni situasiya yaradır və məlum olur ki, Türkiyə birinci protokolu ratifikasiya etsə belə, sərhədləri açmadan İrəvan onun indiki sərhədlərini rəsmən tanımayacaq. Eyni zamanda məhkəmənin şərhinə görə protokolların həyata keçirilməsi zamanı konstitusiyanın preambluasında yer alan prinsiplər nəzərə alınmalıdır. Ermənistan Konstitusiyasının giriş hissəsində “soyqırım”ın tanınması dövlət siyasətinin başlıca məqsədlərindən biri kimi elan edilir. Hələ ötən həftə Ermənistan mətbuatı tərəfindən yayılan bu şərhlərin mahiyyəti barədə, deyəsən, Türkiyə tərəfi yeni xəbər tutub. Ötən gün Türkiyə XİN Ermənistan Konstitusiya Məhkəməsinin qərarını araşdırdıqdan sonra aşağıdakı məzmunlu bəyanatla çıxış edib: “10 oktyabr 2009-cu il tarixində imzalanan Türkiyə - Ermənistan protokolları ilə bağlı Ermənistan Konstitusiya Məhkəməsinin konstitusiyaya uyğun olması ilə bağlı qərarında, protokolların məzmununa və mənasına zidd ön şərtlər və məhdudlaşdırıcı müddəalar qeydə alınıb. Məhkəmənin qərarı protokolların müzakirəsinin vacibliyini və protokolların vəsilə olduqları əsas məqsədi axsadır. Bu cüt yanaşma tərəfimizdən qəbul edilə bilməz. Türkiyə beynəlxalq səviyyədəki öhdəliklərinə hər zamankı kimi sədaqət nümayiş etdirərək protokolların müddəalarına sadiq olduğunu bir daha bəyan edir. Eyni sədaqəti Ermənistan hökumətindən də gözləyirik". “Ermənistan Konstitusiya Məhkəməsinin Türkiyə-Ermənistan protokolları ilə bağlı qərarında əlavə ön şərtlərin olması barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatı, Ankaranın bu protokolların ratifikasiya prosesini süni olaraq uzatması barədə niyyətindən xəbər verir”. Bunu “Novosti-Armeniya” agentliyinə müsahibəsində Ermənistanda hakim Respublika Partiyasının mətbuat katibi Eduard Şarmzanov deyib. Onun sözlərinə görə, Türkiyə özünün qeyri-konstruktiv mövqeyini müdafiə etmək üçün süni səbəblər axtarır. Amma bu cür fəaliyyətlə Türkiyə özünü gülməli vəziyyətə salır. “Türkiyəli həmkarlarımı məlumatlandırmaq istəyirəm ki, Ermənistan Konstitusya Məhkəməsinin giriş hissəsində müstəqillik barədə bəyanat qeyd olunub və burada aydın yazılıb ki, Ermənistan erməni soyqırımının beynəlxalq müstəvidə tanınmasının tərəfdarı olmalıdır” deyə, Şarmazanov bildirib. “Türkiyə erməni tərəfinin mövqeyini yaxşı bilir. Türkiyə tərəfinin yanaşmasından fərqli olaraq, Ermənistan tərəfindən heç bir şərt yoxdur” deyə, sözçü əlavə edib. Lakin Türkiyədəki ekspertlərə görə, Ermənistan Konstitusiya Məhkəməsinin qoyduğu şərtlər İrəvanla münasibətlərin nizamlanmasını əngəlləyə bilər. Çünki Türkiyə tərəfi rəsmi olaraq heç bir ilkin şərt irəli sürmür, Qarabağ münaqişəsinin nizamlanmasına dair irəli sürülən şərt isə şifahi xarakter daşıyır və hüquqi qüvvəyə malik deyil. Ancaq Ermənistan tərəfi rəsmi qaydada ilkin şərtlər qoyaraq danışıqların və imzalanan sənədlərin mahiyyətinə zidd hərəkət edir. Danışıqların mahiyyəti belədir ki, əvvəlcə erməni tərəfi Türkiyəyə qarşı ərazi iddialarından rəsmən əl çəkməli və bu ölkənin mövcud sərhədlərini tanımalıdır. Yalnız bundan sonra sərhədlərin açılmasından və qarşılıqlı münasibətlər qurulmasından söhbət gedə bilər. Dəfələrlə Türkiyə rəsmiləri deyiblər ki, əgər Ermənistan iki ölkə arasındakı indiki sərhədləri rəsmən tanımırsa, onların açılmasından söhbət açmaq da məntiqsizdir. Birinci protokol isə məhz bu məntiqsizliyi aradan qaldırmaq üçün imzalanıb və dövlətlər arasında qarşılıqlı münasibətlərin qurulmasına dair beynəlxalq praktikaya uyğundur. Ancaq erməni tərəfinin irəli sürdüyü şərtlər məsələnin mahiyyətini dəyişdirir. Belə görünür ki, İrəvan protokolların ratifikasiyasını Qarabağ münaqişəsinə görə ləngidən Ankaraya cavab olaraq bu hiyləgər manevri edib. Yəni göstərmək istəyib ki, ilkin şərti o da irəli sürür, özü də rəsmən. Ermənistan XİN-in rəhbəri Eduvard Nalbəndyan isə günün sonunda bəyanatla çıxış edərək, protokollarla bağlı yaranmış böhrana görə Türkiyəni günahlandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar