SON XƏBƏRLƏR

Pərviz Elay: Güney türkçülərinin hər birinin həyatı qiymətlidir, Onu farsların arasındakı didişməyə sərf etməyə dəyməz(MÜSAHİBƏ)

2021.10.20, 07:36
Pərviz Elay: Güney türkçülərinin hər birinin həyatı qiymətlidir, Onu farsların arasındakı didişməyə sərf etməyə dəyməz(MÜSAHİBƏ)

Gunaz.tv
“Millətçilik” qəzetinin baş redaktoru, tanınmış araşdırmaçı Pərviz Elayın GÜNAZ.TV Mətbuat Xidmətininin xüsus müxbiri ilə müsahibəsini təqdim edirik. Pərviz bəy, İranda daxili siyasi vəziyyətin gərginləşməsi, nəticə etibarı ilə Azərbaycan türkləri üçün nələr vəd edir? - Əvvəla, Sizə və Günaz TV-yə millətimiz üçün gördükləri fəaliyyətə görə təşəkkürümü bildirirəm. Bu hadisələr Güney Azərbaycan türklüyü üçün nə isə yaxşı bir şey vəd etmir. Əksinə, bu hadisələr göstərdi ki, Qərb dövlətləri İrandakı fars dini rejiminə qarşı Azərbaycan milli hərəkatı vasitəsilə yox, elə fars qərbpərəstləri vasitəsilə mübarizə aparmağa qərarlıdır. Yəni, ABŞ və Qərb strateqləri fars demokratlarına əsaslandılar, onlara istinad etdilər. Bu isə, bir tərəfdən onu göstərir ki, Güney Azərbaycan Türklüyü lazımınca fəal qüvvəyə və struktura çevrilməyib. İkincisi, ABŞ və Batı qüvvələri Güney Azərbaycan faktorunu istisna edirlər, onunla işləmək istəmirlər. Çünki regionda Quzey Azərbaycan və Türkiyə kimi ciddi və samballı iki müstəqil Türk mərkəzi var. Güney Azərbaycan faktoru isə bu iki halqanı bir-birinə bağlaya bilər. Onda Qərbin, ermənilərin və d. anti-türk dairələrin regionda arzulamadığı “Türk geopolitik mərkəzi” formalaşar. Mən bu cür məsələlərdə praqmatik düşünməyə çalışıram. Mən inanmıram ki, İran şəhərlərində küçələrə tökülən farslar və ya farslaşmış ünsürlərin hamısı demokratiya tərəfdarı olan idealistlərdir. Etirazların ssenarisi və maddi təminatı ABŞ-da və Batıda planlaşdırılıb. ABŞ Dövlət Departamentinin fars demokratlarına ayırdığı 1,6 milyard dollar hətta İran kimi iri və totalitar dövlətdə hakimiyyətin əsaslarını sarsıtmaq üçün yetərlidir. Lakin bu maliyyə mühacir fars demokrat dərnəklərinə, fars şahpərəstləri və PJAK kimi qeyri-türk qurumlara yönləndirilir. Azərbaycan Türkçülərinin bu məsələdə minimal taktikası tam neytrallıq nümayiş etdirməkdir. Çünki, istər farsın molla rejimi, istər fars monarxisti (şah tərəfdarı), istərsə də fars demokratı öz mahiyyətləri etibarilə anti-türk mövqedədirlər. Bu müxtəlif ideyaları daşıyan fars qüvvələri arasında davada Güney Azərbaycan türkçüləri güdaza getməməlidirlər. Quzey Azərbaycanda türkçü idealistlər, yəni müqəddəs ideyanı daşıyan şəxsiyyətlər sayca azdır, o ki qalsın farslaşdırıcı bataqlıqda boğulan Güney Azərbaycan türkçülərin sayı. Güney Azərbaycan türkçülərinin hər birinin həyatı qiymətlidir. Onu farsların arasındakı didişməyə sərf etməyə dəyməz. Maksimal taktikasını mən açıqlamıram. Çünki onun açıqlanmasının heç bir əhəmiyyəti yoxdur. Belə ki, bu hadislərdə Azərbaycan türklüyünün maksimal taktikasının gerçəkləşməsi üçün potensial hələ yetişməyib, gerçək funksional struktur yoxdur. Mənə verdiyiniz imkandan istifadə edib bildirirəm ki, İrandakı hadislərə sifarişlə idarə edilən beynəlxalq KİV və kəşfiyyatla əlaqəli fondların maliyyələşdirdiyi QHT-lər prizmasından baxmaq sadəlöhvlükdür. Fars molla rejimi nüvə qüvvəsinə yiyələnsə, bu rejimi devirmək çətin olacaq. Ona görə də Batı dövlətləri böyük siyasi-hərbi oyuna başlayıblar. Mən ehtimal edirəm ki, hətta farslaşmış bir Güney Azərbaycanlı qızı Neda Sultanın ölümü və onun ölümündən bir simvol düzəldilməsi Lənqlidə (Mərkəzi Kəşfiyyat İdarəsinin baş ofisinin yerləşdiyi ABŞ şəhərciyi - E.E.) cızılmış çoxvariantlı planın tərkib epizodlarından biri idi. Bu ssenaridə isə Azərbaycan Türklüyü üçün “qurbanlıq” kimi rol ayrılıb; Neda ilə olduğu kimi... Bu günlərdə, Amerika ordusunun yüksək rütbəli generalları media verdiyi açıqlamalarında, İrana qarşı hərbi variantın ortada olduğunu bəyan edirlər. İran qarşı hərbi müdaxilə başlansa, Azərbaycan türkləri hansı cəhbədən çıxış etməlidirlər? - Əgər Güney Azərbaycan faktoru olmasa idi, başda ABŞ ordusu olmaqla Qərbin hansısa bir hərbi koalisiyası çoxdan İrana qarşı hərbi müdaxilə edərdi. Batı strateqləri anlayır ki, zəiflədilmiş İranda milli-azadlıq hərəkatları vüsət alacaqlar. Özü də zəifləmiş İranda Güney Azərbaycandakı hərəkatın Quzey Azərbaycandan və Türkiyədən dəstəklənmək ehtimalı 100 faizdir. Ona görə də İrana qarşı konkret hərbi aksiyalar ya əngəllənib, ya da yalnız konkret zərbələr kimi kiçik miqyasda nəzərdən keçirilir. Nüvə silahına malik fars molla rejimi ilə barışmaq ABŞ-ın regiondakı maraqlarına tam ziddir. İstər kiçik, istərsə də iri miqyaslı hərbi əməliyyatların gətirib çıxaracağı geopolitik dəyişmələri isə, Vaşinqton idarə edə bilməyəcək. Yəni, yenə də Güney Azərbaycan faktoru ortaya çıxır. Yeganə yol isə, “Yuqoslaviya” variantıdır. Bu variant isə, Güney Azərbaycan türklüyü üçün tam təhlükəlidir. Xatırlayaq ki, Yuqoslaviya dağılanda Batı dövlətləri boşnakların (Bosniya müsəlmanlarının) serblər tərəfindən maksimal soyqırımına göz yumdular. Çünki, Avropada çoxsaylı müsəlman əhalisi olan və güclü mövqeyə malik müsəlman bir dövlətinin yaranmasında maraqlı deyildilər. Mən ehtiyat edirəm ki, İrana hərbi müdaxilə olan kimi istər fars hərbi qüvvələri, istər təşkilatlanmış PJAK və ya erməni qüvvələri Güney Azərbaycan türklərinə qarşı soyqırıma başlayacaqlar. Özünüzü dağılan İranın fars millətçisinin, yaxud erməni və ya PJAK-çının yerinə qoyun və düşünün. Görəcəksiniz ki, ən optimal variant onlar üçün budur. Silahsız və təşkilatlanmamış çoxsaylı türk kütləsinin fiziki məhvi hər bir gedişatda onlar üçün müsbət nəticə verəcəkdir. Allah göstərməsin, Güneydə total azərbaycanlı soyqırımı başlasa, Qarabağ müharibəsi ilə başı qatıla bilən Quzey Azərbaycan öz qardaşlarına yetərincə yardım edə bilməyəcək. AKP iqtidarı olan Türkiyə isə, yarım milyonluq türkmanın İraqda sıxışdırılmasını əngəlləyə bilmirsə, 40 milyonluq Güney Azərbaycanlının soyqırımına mane olacaqmı? Məncə, İrana hərbi müdaxilə nəticəsində Güney Azərbaycan türklərinin üzləşə biləcəyi təhlükə və onun qarşısının alınması barədə ciddi layihələr işlənilməlidir. Bir sözlə, ABŞ-ın hərbi müdaxiləsi variantı gerçəkləşsə, Güney Azərbaycan Türkləri öz milli mövqelərində olmalıdırlar, özlərinin sağ qalması uğrunda qabaqlayıcı həmləli mübarizəyə başlamalıdırlar. Neçə düşünürsünüz, bu il Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində fəallıq göstərəcəkmi? - Qarabağ problemi regionu əldə saxlamaq üçün Rusiyaya hava və su kimi lazımdır. Ermənilərlə Türkiyənin sərhəd açılımı ermənilərə tam sərf edir. Rusiya yalnız Azərbaycana təzyiq edə bilər ki, Türkiyə-erməni sərhədlərinin açılmasına mane olmasın. Bu təzyiq də o zaman ola bilər ki, Rusiya bu açılımla İrəvandakı mövqeləri üçün təhlükə olmayacağına tam əmin olsun. Bu isə o qədər də asan görünən məsələ deyil. Madrid prinsipləri əsasında nizamlanma indiki təkliflərlə daha çox ermənilərə sərf edir, nəinki Azərbaycana. Ermənilər belə bir görüntü yaradırlar ki, onların içində guya Madrid prinsipləri əsasındakı təkliflər barədə fikir ayrılığı var. Qərb və Rusiya Azərbaycana deyə bilər ki, tez imzanı qoy, guya erməniləri güclə razı salmışıq. Ona görə də, nə qədər ki təkliflər paketində “5 + 2”, “sülhməramlı qüvvələrin Dağlıq Qarabağda yerləşdirilməsi”, “referendum” və digər müəmmalı təkliflər varsa, nə qədər Türkiyədə hakimiyyətdə Azərbaycanın milli mənafelərini nəzərə alan qüvvə təmsil olunmayıbsa, Azərbaycan tərəfi danışıqları uzatmalıdır. Bu cür taktika ilə ermənilər öz xeyirlərinə olan layihənin ortaya çıxmasına nail oldular. İndiki dövrdə biz də bu taktikadan yararlanmağa məcburuq. Türkiyə-İsrail arasında son vaxtlar gərgin münasibətlər yaşanır. Baş verən proseslər hansı sonluqla nəticələnəcəkdir? - Mənim bu hadisə barədə öz subyektiv fikirim var. Mənim zənnimcə, bu hadisələr Türkiyə daxilində hakim AKP iqtidarının imicini qaldırmağa hesablanmış və pərdəarxası ssenaristlər tərəfindən təşkil edilmiş bir oyundur. Türkiyədə AKP iqtidarının qalmasını istəyən beynəlxalq fövqəl qüvvələr bu hakimiyyətin nüfuzunun düşdüyünü görüb bu cür oyunları ortaya atırlar. Mən iki misal gətirim. Əfqanıstana ABŞ-ın hərbi müdaxiləsi zamanı Pakistanda müxalifət öz hökumətlərini “müsəlmanları qıran” koalisiya qüvvələrinə yardım etməkdə ittiham edirdilər. Narazıçılıq pik həddə çatanda, birdən hind hərbçiləri Pakistan sərhəddində təxribat törətdilər. Pakistan cəmiyyətinin fikiri hind-Pakistan sərhədinəı yönləndi. Qalxmış anti-hind ehtirasları zəminində rəsmi İslamabadın əhali arasında imici yüksəldi, Əfqanıstan məsələsi unuduldu. Bu hadisə təsadüfə oxşamır. Bu kütlənin fikrini yayındırmağa hesablanmış oyun idi. İkinci misalı elə Türkiyədəki AKP iqtidarının ötən ilki mövqeyindən gətirəcəm. Davosda İsrail prezidentinin sözlərinə qeyzlənən AKP liderləri nə üçün “erməni açılımı” məsələsinin gündəmə çevrildiyi müddətdə ermənilərin Türkiyə bayrağını yandırmalarından və hətta erməni rəsmilərinin anti-türk ifadələrindən incimirdilər? Tələb edərdilər ki, ermənilər təxribatları dayandırmasalar “açılım” da olmayacaq. Niyə etmədilər? Çünki bu cür tələb Vaşinqtonun maraqlarına zidd idi? Amma İsrailə “dərs verməklə” Türkiyə daxilində AKP-nin imicini yüksətmək Vaşinqtonun ssenarisinə uyğundur. Mən Türkiyə ilə İsrail arasında heç bir tutarlı kəskinləşmə görmürəm. Bizə göstərilən “kəskinləşmə” görüntüsü AKP-nin Türkiyədə sürətlə enən imicinin qaldırılmasına hesablanmış oyunu xatırladır. Bu “kəskinləşməyə” səbəb olmuş “Qurdlar vadisi” serialında da maraqlı süjet oyunu baş verdi. Nədənsə, Qarabağın azad edilməsini tələb edən “vətənpərvər azərbaycanlı mafioz” personajı yoxa çıxdı. Niyə? Çünki o, “erməni açılımı” konyukturuna cavab verməyən personaj idi.Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar