SON XƏBƏRLƏR

İran niyə uduzur? . Sədrəddin SOLTAN

2021.10.20, 07:36
İran niyə uduzur? . Sədrəddin SOLTAN

Gunaz.tv
Ötən həftə Tehran universitetinin professoru, atom fiziki Məsud Əli Məhəmmədi yaşadığı evin yaxınlığında partlayış nəticəsində həlak olub. Ondan başqa daha 10 nəfərin yüngül xəsarət aldığı haqda da məlumat yayılıb. Seçkidən sonrakı müxalifətlə əlaqəsi olduğu bildirilən alim-fiziki bəziləri keçmiş SSRİ-dəki Saxarovla da müqayisə edərək, onu “İranın Saxarovu” adlandırırlar. Yada salaq ki, Saxarov həm də hüquq müdafiəçisi kimi ad çıxarmışdı. Məhz bu kimi o vaxtkı meyarlarla “antisovet” olduğu üçün Saxaror Qorki şəhərinə sürgün edilmişdi. İran KİV-in xəbərlərinə əsasən, M.Məhəmmədi 1979-cu il inqilabının fəallarından olub. Hakimiyyət onun ölümündə “İslam Respublikasının düşmənlərini” suçlayır. Daxili İşlər Nazirliyinin məsələyə dair yaydığı bəyanatda bildirilib: “Qətlin arxasında İsrailin dayandığını istisna etmək olmaz”. Dövlət televiziyası isə “İslam İnqilabına sədaqətli universitet professorunun qətlinin arxasında əks inqilabi qüvvələrin casuslarının durduğu” barədə xəbər yayıb. İsrailin ünvanına açıq ittiham İnqilab Keşikçiləri Qvardiyası rəhbərliyinin və bu hərbi qurumun əsas kadr bazası sayılan “bəsic”in komandirlərinin də çıxışlarında səslənib. “Bəsic”in komandanı, briqada generalı Məhəmmədrza Nəğdi deyib: “İnşallah, bu cinayətə görə ABŞ-dan qisas alınacaq”. İslam İnqilab Keşikçiləri Qvardiyasının komandiri Səid Həmzə Mirtağı isə bəyan edib ki, düşmən İranın nüvə proqramı sahəsində uğurundan ehtiyat etdiyi üçün bu partlayışı törədib. O, ərəblərin sıx yaşadığı Xuzistan əyalətində yerli ali məktəblərin müəllim heyəti qarşısında çıxışı zamanı bildirib ki, atom fiziki “sionistlərin üsulu” ilə qətlə yetirilib və İran alimlərinin fiziki cəhətdən məhv edilməsinə yol verməyəcəklər. Onun sözlərinə görə, öldürülmüş hər alimin yerinə yüzlərlə belə fiziklər yetişəcək. “əl-Cəzirə” telekanalının Tehrandan yaydığı xəbərə görə, professor İranın nüvə proqramına bağlı kadrlardan olub. Telekanala müsahibə verən iranlı məmur bildirib: “İranın atom proqramına bağlı olan istənilən şəxs xarici kəşfiyyatın hədəfi ola bilər”. Xatırladaq ki, Tehran hakimiyyəti İsrail və ABŞ-ı dəfələrlə bu sayaq məsələlərdə ittiham edib. Hələ ötən ilin fevralında Britaniya və İtaliya qəzetləri yazmışdı ki, İsrail İranın atom fiziklərinə qarşı “gizli savaş” aparır. Ötən ilin dekabrında isə İranla ABŞ arasında “casus” qalmaqalı yaşandı. İran hakimiyyəti ciddi-cəhdlə bildirirdi ki, dekabrın əvvəllərində İslam Respublikası ərazisində həbs edilmiş 3 amerikalı turist deyil, “yəhudi casusudur”. Jurnalist Şeyin Bauer, onun rəfiqəsi, internet-saytın reportyoru Sara Şord və Nyu- York məktəblisi Coşua Fattal 2009-cu ilin iyulunda İraq və Suriyadan sonra İran ərazisinə keçiblər. Dekabrın əvvəlində iranlı atom fiziki Şəhram Əmirini Səudiyyə Ərəbistanında Həccə ziyarəti zamanı itkin düşdüyü barədə xəbərlər yayıldı. Bir müddət sonra onun ABŞ-a təhvil verildiyi bildirildi. KİV-in məlumatına əsasən, Əmiri Qərbə 2009-cu ilin sentyabrında məlum olan atom obyektində uranın zənginləşdirilməsi sahəsində çalışırmış. Qeyd edək ki, rəsmi Tehran ABŞ-da həbsdə saxlanıldığı iddia olunan Bektaş Fəttahinin, Əmir Şirzad Əmirquluxaninin, Əliəmir Nəzminin, Həsən Səid Kaşarinin, Əlirza Əsgərinin, Kanadada tutulan Mahmud Yadigarinin, Gürcüstanda həbs olunan Əmirhüseyn Ərdəbilinin, Almaniyada saxlanılan Möhsün Əfrasiyabinin, Britaniyada tutulan İranın İordaniyadakı keçmiş səfiri Nüsrətulla Tacikinin həbsini əsassız sayır. M.Məhəmmədinin öldürülməsi başqa ehtimalların ortaya çıxmasına səbəb olub. Hələ üç il öncə İranın Müdafiə Nazirliyində aparıcı fiqurlardan olmuş Əlirza Əsgərinin Türkiyədən “yox”a çıxması haqda xəbərlər yayıldı. Hakimiyyət onun “düşmənlər”i tərəfindən oğurlandığını bildirdi. Düzdür, İslam Respublikasının atom proqramına yaxınlığı iddia olunan bu hərbçinin sonrakı taleyi haqda məlumat yayılmayıb. Ehtimal etmək olar ki, Əlirza Əsgəri barədə xəbərin yayılmaması həm də onun təhlükəsizliyi ilə bağlıdır. Beləliklə, Məsud Əli Məhəmmədinin “xarici düşmənlərin casuslarının” terror aksiyası nəticəsində öldürüldüyü iddia edilsə də, əksi də mümkündür. Bu yaxınlarda İranın 27 diplomatının fəaliyyət göstərdiyi ölkədən sığınacaq istəməsi haqda xəbərlər Tehran hakimiyyətinin siyasi-diplomatik və elmi elitasında da parçalanmanın yarandığını təsdiqləyir. Bu baxımdan, ehtimal etmək olar ki, bu atom-fiziki də ölkədən çıxmağı planlaşdırıbmış və ona görə də aradan götürülüb. Bəzi təhlilçilər hesab edir ki, İran İslam Respublikasının hərbi, daha doğrusu, İnqilab Keşikçiləri Qvardiyasının xüsusi xidmət orqanları xarici həmkarlarına uduzur. Ötən il atom fiziki Şəhram Əmiri “itkin düşəndən” sonra ABŞ prezidenti İranın Qum şəhərində gizli uran zavodu haqda məlumatın açıqlanmasına icazə verdi. İngiltərənin “Qardian” qəzetində Mehir Cavadanfərin yazdığına görə, İslam Respublikası xüsusi xidmət orqanlarının uğursuzluğu Tehranın mövqeyini Qərblə danışıqlarda zəiflədir. Məlum olduğu kimi, Amerika və onun müttəfiqləri tələb edir ki, İran zənginləşdirilmiş uranı başqa bir dövlətin ərazisində əldə etsin. Elə bu yaxınlarda “sarı keksin” Qazaxıstan ərazisində əldə edilməsi cəhdi də bundan xəbər verir. M.Cavadanfərə görə, ABŞ İranla gizli savaşı xüsusi xidmət orqanlarının vasitəsi ilə aparır. Bir məsələni də xatırlatmaq yerinə düşər. Hələ 1990-cı illərin ortalarında İran Milli Təhlükəsizlik və İnformasiya Nazirliyinin (ETTELAAT) özünü maliyyələşdirməyə keçirilməsi barədə qərar çıxarıldı. Müşahidəçilərin dediyinə görə, həmin dövrdən başlayaraq, ETTELAAT Əfqanıstandan İrana qanunsuz yolla daşınan narkotik maddələri müşahidə etməyə başlayıb. Bu isə həmin orqanda çalışanlarda pula hərisliyi artırdı. Belə bir vəziyyət təhlükəsizlik orqanlarında sayıqlığın azalması ilə nəticələndi. Görünür, atom fizikinin öldürülməsində ilk növbədə İranın sayıqlığını itirmiş xüsusi xidmət orqanlarını günahlandıranlar haqsız deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar