SON XƏBƏRLƏR

Kreml Ankara-Bakı-İrəvan diplomatik oyunu qurub

2021.10.20, 07:36
Kreml Ankara-Bakı-İrəvan diplomatik oyunu qurub

Gunaz.tv
GÜNAZ.TV mətbnuat mərkəzinin əldə etdiyi məlumata görə, Ermənistan-Türkiyə protokolları və Qarabağ münaqişəsi ətrafında Rusiyanın patronajlığı altında regionda mürəkkəb diplomatik proseslərin cərəyan etdiyi haqda yazmışdıq. Xatırladaq ki, əvvəlcə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Moskvaya səfər edib. Onun danışıqlarında başlıca mövzular Ankara-İrəvan münasibətləri və Qarabağ münaqişəsi olub. Ərdoğanla eyni vaxtda Ermənistanın müdafiə naziri Seyran Ohanyan və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Nikolas Berns də Moskvada olublar. Məlumatlı mənbələrdən qəzetimizə daxil olan informasiyaya görə, həmin gün Bakıdan da iki səlahiyyətli rəsmi Moskvaya gedib və Rusiya paytaxtında protokollara və Qarabağa dair gedən müzakirələrə qoşulub. Ərdoğanın səfəri başa çatan kimi Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvana səfər edərək Ermənistan prezidenti və xarici işlər naziri ilə uzun-uzadı danışıqlar aparıb. Danışıqlar başa çatan kimi elan olunub ki, prezident Serj Sərkisyan yanvarın 18-də Moskvaya gedəcək. Eyni zamanda o da məlum olub ki, Lavrov İrəvandan qayıdan kimi Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə telefon danışığı aparıb. Bu telefon danışığının məhz Lavrovun İrəvanda apardığı danışıqlarla bağlı olduğuna şübhə yoxdur. Çünki bundan cəmi bir gün əvvəl Davudoğlu Ərdoğanı Moskvaya səfərində müşayiət edirdi və rəsmi danışıqlarda Lavrovla yan-yana oturmuşdu. Buna görə də Lavrovun Davudoğlu ilə telefon danışığı aparması haqda zərurət onun İrəvanda keçirdiyi görüşlərin nəticəsi olaraq meydana çıxıb. Türkiyə qaynaqlarının yaydıqları xəbərə görə, nazirlər telefon danışığı zamanı Qafqazdakı situasiyanın inkişafı və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparıblar. “Davudoğlu ilə Lavrov İranın nüvə fəaliyyətləri və Kipr məsələsinə də toxunublar” - deyə rəsmi “Anadolu” agentliyinin məlumatında bildirilir. Türkiyə XİN-in rəsmi nümayəndəsi Burak Özügərgin bildirib ki, telefon danışığı zamanı Rusiya-Türkiyə strateji tərəfdaşlığının təfərrüatlarına dair müzakirələr də aparılıb. Lavrov Davudoğlunu məlumatlandırıb ki, Moskvada yaxın günlərdə Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında üçtərəfli danışıqlar olacaq. Ayrıca olaraq Lavrov Ermənistan prezidentinin yanvarın 18-də Moskvaya səfər edəcəyi barədə türkiyəli həmkarını məlumatlandırıb. Beləliklə, bu məkik diplomatiyası da göstərir ki, hazırda həm Ankara-İrəvan yaxınlaşması, həm də Qarabağ münaqişəsinin nizamlanması prosesi Moskvanın nəzarəti altına keçir. Baxmayaraq ki, Ankara-İrəvan yaxınlaşması layihəsinin müəllifi ABŞ idi. Əvvəlcə bu layihəyə ehtiyatla yanaşan Kreml indi prosesləri öz nəzarəti altına alaraq bir tərəfdən Türkiyə, o biri tərəfdən isə Ermənistan vasitəsilə situasiyanı nəzarətdə saxlayır. Digər tərəfdən, Moskva Qarabağ məsələsi ilə protokolların ratifikasiyasını bir-birindən ayırsa da paralel olaraq Qarabağ danışıqları üçün də səyləri artırır. Bununla da Azərbaycanı da öz nəzarətində saxlamaq istəyir, çünki Qarabağ münaqişəsinin həlli üçün ciddi səylər göstərmədən bütün siyasətini sərhədlərin açılmasına yönəldən Vaşinqtonun siyasətindən Bakıda güclü narazılıq yaranıb. Əgər Rusiya da bu yolla getsəydi, yəni protokolların ratifikasiyasını tezləşdirməyə çalışaraq Qarabağ məsələsində səylərini artırmasaydı, eyni narazılıqla üzləşərdi. Rusiyanın bu cür mürəkkəb və çoxgedişli oyun qurduğu bir vaxtda ABŞ-da regionda nələrin baş verdiyini öyrənmək üçün öz nümayəndəsini tələsik İrəvana göndərib. Dünən ABŞ-ın Minsk Qrupundakı həmsədri Robert Bradtke İrəvana gəlib və xarici işlər naziri Edvard Nalbəndyanla görüşüb. Erməni mənbələrinin xəbərlərinə görə, Bradtke ABŞ-ın İrəvandakı səfiri Mari Yovanoçiçlə birlikdə Nalbəndyanla görüşü zamanı Qarabağ münaqişəsinə dair müzakirələr aparıb. Onun prezident S.Sərkisyanla görüşəcəyi də gözlənilirdi. Bir gün əvvəl xəbər yayılıb ki, Minsk Qrupunun həmsədrləri prezidentlərin növbəti görüşünü hazırlamaq üçün regiona yanvarın 20-də gələcək və səfərə İrəvandan başlayacaqlar. Ancaq göründüyü kimi, amerikalı həmsədr İrəvana daha tez gəlməyi vacib sayıb. Görünür, bu da təsadüfi deyil. ABŞ diplomatı Sərkisyanın Moskvaya səfərindən əvvəl onunla görüşmək tapşırığı alıb. Həmsədrlərin Bakıya yanvarın 21-də gələcəyi gözlənilir, prezidentlərin üçtərəfli danışıqlarının konkret tarixi hələ açıqlanmır, ancaq bu görüşün yanvarın sonunda olacağı bildirilir. Həmin görüşdə hansısa sənədin imzalanması ehtimalı aşağıdır. Lakin Ermənistandan gələn xəbərlərə görə, prezident Sərkisyan ətraf rayonların boşaldılmasına hazır olduğuna görə Dağlıq Qarabağdakı işğalçı qüvvələrin komandanlarının təzyiqi altındadır. Görünür, məhz bu səbəbdən Kreml Ermənistan ordusu ilə də işləyir və müdafiə nazirini Moskvaya çağırır. Digər tərəfdən, protokolların ratifikasiyası baxımından da Türkiyə üçün zaman daralır. Ankara ABŞ Konqresində “soyqırım”ın tanınmasını əngəlləmək üçün bu işi aprelə qədər görməlidir. Ona görə də indi Türkiyə Rusiyanın köməyi ilə yaxın iki ayda Qarabağ məsələsində nəticə əldə olunmasına çalışır. Ancaq protokollardan əvvəl Qarabağ anlaşmasının əldə olunması imkanları real görünmür. Ola bilsin ki, Moskva prezidentlərin qarşıdakı görüşündə hansısa formal sənədə imza atılmasında israr edərək protokollardan ən azı birinin ratifikasiyasına yol açmağa çalışacaq. İstənilən halda regionda olduqca mürəkkəb proseslər cərəyan edir və Azərbaycan üçün indiki status-kvonu saxlamaq getdikcə daha çətin görünür.musavat.F.MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar