SON XƏBƏRLƏR

Elxan Şahinoğlu: İranda Azərbaycan türkləri lazım olanda fəaldırlar, lazım olmayanda isə hadisələri kənardan müşahidə edirlər

2021.10.20, 07:36
Elxan Şahinoğlu: İranda Azərbaycan türkləri lazım olanda fəaldırlar, lazım olmayanda isə hadisələri kənardan müşahidə edirlər

Gunaz.tv
Bu günlərdə, Amerika ordusunun generalları İrana qarşı müharibə variantinin ortada olduğunu bildiriblər, əgər savaş baş versə, bölgədə hansı proseslərə gətirib çıxardacaq, İranda yaşayan türklər hansı cəhbədən çıxış etməlidirlər bu haqda suallarımızın cavabını almaq üçün “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlunun GÜNAZ.TV Mətbuat Xidmətinə verdiyi müsahibəni təqdim edirik: - Elxan bəy, bu yaxınlarda Amerika ordusunun rəhbərliyi İrana qarşı müharibə variantinin ortada olduğunu bildiriblər. Sizcə, bu Amerikanın siyasi təzyiqidir, yoxsa həqiqətəndə müharibə varianti realdır? - Hazırda müharibə variantının real olduğunu düşünmürəm. İran hakimiyyətini hələ birinci mərhələ gözləyir. Əgər Tehran nüvə çalışmalarından əl çəkməsə başda ABŞ olmaqla Qərb ölkələri İrana qarşı siyasi və iqtisadi sanksiyaların tətbiqinə çalışacaqlar. Yəni bu mərhələyə baş vurmadan İrana qarşı güc tətbiq etmək real görünmür. Digər tərəfdən ABŞ İraq və Əfqanıstandakı terror qruplaşmalarının ram edilməsi ilə məşğuldur. Vaşinqton bu iki ölkədə uğur qazanmadan Avrasiya bölgəsində üçüncü cəbhə açmağa risq etməz. O ki qaldı, amerikalı generalların açıqlamalarına bu daha çox Sizin də qeyd etdiyiniz kimi psixoloji təzyiq mənası daşıyır. - Bəzi analitiklər belə bir fikir ortaya atırlar ki, müharibə başlayacağı təqdirdə bölgəni xaos büyürəcək, radikal-terrorçuluq şəbəkələrinin geniş fəaliyyəti üçün imkanlar artacaqdır. Bu, fikirlərə münasibətinizi bilmək istərdik. - Tehran beynəlxalq aləmin sanskiyalarına rəğmən, nüvə çalışmalarından əl çəkməzsə gələcəkdə İrana qarşı güc tətbiqi həqiqətən aktuallaşa bilər. Çünki, zaman da İranın lehinə işləyir. Tehran hələ ki, uzatma siyasətini uğurla həyata keçirir. Fikir verin, Qərb Tehrana təklif etdi ki, uranı Fransa və Rusiyada zənginləşdirdikdən sonra geri alsın. Tehran təklifi araşdırmaq üçün vaxt istədi. Vaxt bitdikdən sonra isə təklifi qəbul etmədiyini açıqladı. Tehran bu müddətdə nüvə çalışmalarını bir qədər də irəli apardı. Qərb daha sonra Tehrana başqa təklif irəli sürdü, dedi ki, uranı dost saydığınız Türkiyədə də zənginləşdirə bilərsiniz. Tehran yenə vaxt istədi, ancaq sonrakı cavab yenə eyni oldu. Tehran bir az da vaxt qazandı. Bu arada, Tehran Qazaxıstandan zənginləşdirilmiş uran almağa çalışdı. Buna görə də Qərb İranın daha vaxt qazanaraq nüvə çalışmalarını davam etdirməsinə izin vermək fikrində deyil. Ancaq beynəlxalq aləm İranla bağlı yekdil qərara da gələ bilmir ki, bu da Tehranın işinə yarayır. İrana qarşı sanksiya qəbul etmək üçün BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü yekdil qərar qəbul etməlidir. 5 daimi üzvdən ikisi – Rusiya və Çin isə İranla tellərini asanlıqla qırmağa tələsmirlər. Doğrudur, ABŞ prezidenti Barak Obama çox çalışır ki, Moskva və Pekini yola gətirsin. Obama Rusiyanın istəyi üzərinə Polşa ve Çexiyada raketlərdən müdafiə sistemlərini yerləşdirməkdən vaz keçdi. Əvəzində Kreml İran probleminin həllində Vaşiqntona dəstək vədi verdi. Ancaq sonradan Kremldən fərqli açıqlamalar eşidilməyə başlandı. Obama daha sonra Çinə səfər edərək Pekini də İrana qarşı mövqe sərgilməyə çağırdı. Obama bu istiqamətdə də uğur əldə edə bilmədi. İran da öz növbəsində bu fikir ayrılığından istifadə edərək dərhal Çinə sərfələi enerji anlaşması təklif etdi. Bu anlaşmaya görə Çin İran neftini ərazisində hazır məhsula çevirəcək. Bu mənada əgər ABŞ Rusiya və Çindən gərəkən dəstəyi almazsa Avropadakı müttəfiqləri ilə birgə hərəkət etmək məcburiyyətində qalacaq. Müharibə isə həqiqətən bölgədə böyük təlatümlərə səbəb ola bilər. İran İraq və Əfqanıstandan daha betər problemlər yaşada bilər beynəlxalq aləmə. İrana xarici hərbi müdaxilə həm bölgədə radikal-terrorçu fəaliyyətləri artırar, həm də müharibənin qəlpələrindən hamıya “pay” çatar. Bu mənada İranda müharibənin mümkün ehtimalı Azərbaycan üçün də zərərlidir. - Bəs, qarşıda baş verə biləcək proseslərin içərisində İranda yaşayan milyonlarla Azərbaycan türkü hansı cəhbədən çıxış etməlidir? - İranda yaşayan türklərin yürütdüyü hazırki siyasət doğrudur. Azərbaycan türkləri lazım olanda fəaldırlar, lazım olmayanda isə hadisələri kənardan müşahidə edirlər. Fikrimcə, Azərbaycan türkləri güclərini səpələmədən enerjilərini İranda gələcəkdə daha geniş vüsət ala biləcək təlatümlərə hazırlamalıdırlar. Söhəbləşdi: Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar