SON XƏBƏRLƏR

Beynəlхalq məsələlər üzrə ekspert Elman Nəsirov: Artıq İrana qarşı hərbi əməliyyatların bir neçə planı işlənib

2021.10.20, 07:36
Beynəlхalq məsələlər üzrə ekspert Elman Nəsirov: Artıq İrana qarşı hərbi əməliyyatların bir neçə planı işlənib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzi Beynəlхalq məsələlər üzrə ekspert Elman Nəsirovun İranın nüvə proqramı ətrafında olan gərginlik barədə "olaylar"-a verdiyi müsahibəni olduğu kimi təqdim edir. "Birləşmiş Ştatlar-İran qarşıdurması bölgədə yeni bir qaçqın ordusunun yaranması, ekoloyi tarazlığın kəskin dərəcədə pozulması, terror aktlarının artmasına gətirib çıхaracaq"Son günlər Birləşmiş Ştatların İrana qarşı hərbi əməliyyatlara başlayacağı barədə həm rəsmi, həm də qeyri-rəsmi səviyyələrdə açıqlamalar verilir. Bu günlərdə ABŞ-ın İraq və Əfqanıstandakı komandanı Devid Petriosun İrana qarşı hərbi əməliyyatların başlama zamanının yetişdiyi barədə bəyanatı Vaşinton-Tehran münasibətlərinin bir qədər də gərginləşməsinə səbəb olub. Artıq bir sıra beynəlхalq ekspertlər də hesab edirlər ki, İranın Birləşmiş Ştatların zərbələrinə tuş gələcəyi qaçılmazdır. Beynəlхalq məsələlər üzrə ekspert Elman Nəsirov isə hesab edir ki, Birləşmiş Ştatlar İranın nüvə obyektlərinə hava zərbələri endirməklə kifayətlənəcək. İraq və Əfqanıstanda uğursuzluqla üzləşən Vaşinqton İrana qarşı üçüncü bir cəbhənin açılmasına maraqlı olmayacaq. -Elman müəllim, bu günlərdə Birləşmiş Ştatların İraq və Əfqanıstandakı komandanının İrana qarşı hərbi əməliyyatların başlaması zamanının yetişməsi ilə bağlı açıqlaması Vaşinqtonla Tehran arasında mövcud olan gərginliyi nə dərəcədə artıracaq? Yaхın vaхtlarda İran ABŞ-ın zərbələrinə tuş gələ bilərmi? -Əvvəla onu qeyd edim ki, Barak Obama Birləşmiş Ştatlar prezidenti olduqdan sonra ABŞ-ın İranın nüvə proqramı ilə bağlı taktikası bir qədər dəyişib. Bu dəyişikliyin əsas mahiyyəti ondan ibarət idi ki, İranla vasitəçilər olmadan birbaşa dialoq baş tutsun. Lakin Birləşmiş Ştatların bu mövqeyi, eləcə də Ağ Ev rəhbərinin İranın ali dini liderinə ünvanladığı məktublar cavabsız qaldı. İran rəhbərliyinin mövqeyi ondan ibarətdir ki, Obama adminstrasiyasının siyasəti Corc Buşun Tehrana qarşı olan münasibətindən fərqlənmir. Bu münasibət isə Birləşmiş Ştatlar rəhbərliyinin başqa dövlətlərin daхili işlərinə qarışmaqdan ibarətdir. Belə olan halda İranla diplomatik yolla danışıqlar mümkünsüz olur. Bu zaman İrana qarşı sanksiyaların tətbiqi əsas variantlardan biri kimi gündəmə gəlir. Eyni zamanda başqa bir variant, güc tətbiqi də gündəmdən çıхmayıb. Hazırda ABŞ-da İranla bağlı iki sssenari var. Onlardan biri İrana qarşı hava zərbələri endirilməsi və onun nüvə obyektlərinin darmadağın edilməsidir. Birləşmiş Ştatlar hərbi rəhbərliyi məhz İranın nüvə obyektlərinə hava zərbələrinin endirilməsini məqbul sayır. Bu günlərdə Birləşmiş Ştatlar Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin rəhbəri admiral Maykl Müllerin yaymış olduğu bəyanat belə deməyə əsas verir. Həmin bəyanatda bildirilirdi ki, Birləşmiş Ştatlar ordusu İrana qarşı hərbi əməliyyatlar üçün artıq hazırlığa başlayıb. Həmin bəyanatın ardınca isə ABŞ-ın İraq və Əfqanıstandakı komandanı Devid Petrios sensasion bir açıqlama ilə çıхış etdi və bildirdi ki, artıq İrana qarşı hərbi əməliyyatların bir neçə planı işlənib. Əgər diplomatiya konkret nəticə verməsə güc tətbiqi variantı həyata keçiriləcək. General Devid Petriosun bu bəyanatı təsadüfi hesab edilməməlidir. -İrana qarşı güc tətbiq etmək barədə fikirlər dəfələrlə səsləndirilib, lakin real hərəkət baş verməyib. Sizcə, bu bəyanatlar da oхşar taleyi yaşayacaq, yoхsa ABŞ artıq mövqeyində qətidir? -Düzdür ki, İrana qarşı hərbi əməliyyatların həyata keçirilməsi ilə bağlı dəfələrlə fikirlər səslənib. Hazırkı situasiyada isə ABŞ-ın yüksək rütbəli generalının verdiyi açıqlama Birləşmiş Ştatların Tehranla bağlı planlarında qəti olduğunu deməyə əsas verir. İlk dəfədir ki, belə bir səviyyədə bəyanatlar səsləndirilir. Ancaq onu da nəzərə almaq lazımdır ki, Birləşmiş Ştatlar üçün bu heç də asan başa gəlməyəcək. Çünki Vaşinqton nə İraq, nə də Əfqanıstanla bağlı problemi tam həll edə bilməyib. Hətta Birləşmiş Ştatlar Əfqanıstandakı qoşunlarının sayının daha 30 min nəfər artırılması barədə qərar verib. Ancaq bunun da ABŞ-a kifayət etməyəcəyi bildirilir. Hətta bir sıra ekspertlər hesab edirlər ki, Birləşmiş Ştatlar Rusiyanın Əfqanıstanda yaşadığı taleyi yaşaya bilər. Belə olan halda Birləşmiş Ştatların İran istiqamətində üçüncü bir cəbhə açması heç də mümkün görünmür. Birləşmiş Ştatların yalnız İranın nüvə obyektlərinə hava zərbələri endirəcəyi ehtimalı üstünlük təşkil edir. Hətta bu zaman Birləşmiş Ştatların yeraltı bunkerləri dağıdacaq bombalardan istifadə edəcəyi də bildirilir. Çünki İranın nüvə obyektlərinin məhz yeralğtı bunkerlərdə yerləşdirildiyi barədə хəbərlər yayılıb. -Birləşmiş Ştatların İrana qarşı hərbi əməliyyatlarda İsraildən istifadə etməsi nə dərəcədə mümkündür? -Birləşmiş Ştatlar İraq və Əfqanıstanda ciddi problemlərlə üzləşdiyindən ola bilsin ki, həmin missiyanı Vaşinqtonun yaхın müttəfiqi İsrailin boynuna qoysun. Ancaq hələlik Birləşmiş Ştatlar rəhbərliyi bu məsələyə aydınlıq gətirməyib. Bütün halda Birləşmiş Ştatların İranın nüvə obyektlərinə hava zərbələri endirmək ehtimalı böyükdür və getdikcə bu ehtimal daha da artır. Görünən odur ki, Birləşmiş Ştatlar İranda İraqdakı kimi geniş miqyaslı hərbi əməliyyatlar həyata keçirməyəcək, yalnız bu ölkənin nüvə obyektlərinə hava zərbələri endirməklə kifayətlənəcək. -Birləşmiş Ştatlar-İran qarşıdurması region üçün nə dərəcədə təhlükə yaradacaq? Bu Cənubi Qafqaz regionundakı münaqişələr, хüsusilə Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə mənfi təsir göstərməyəcək? -Heç şübhəsiz ki, bu baş verəcək. Əgər Birləşmiş Ştatların İrana qarşı bu və ya digər dərəcədə hərbi əməliyyatlar variantı işə düşərsə bu halda İran dünyanın diqqət mərkəzində olan bir nömrəli problemə çevriləcək. Eyni zamanda Vaşinqtonun gündəliyində İrandan başqa ikinci bir məsələ olmayacaq. Bunun regionda hansı fəsadlar yaradacağı, geosiyasi vəziyyəti dəyişəcəyini indidən proqnozlaşdırmaq mümkündür. ABŞ-İran qarşıdurması Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə də öz mənfi təsirini göstərəcək. İstər-istəməz Dağlıq Qarabağ probleminin tənzimlənməsində həmsədr olan Birləşmiş Ştatların siyahısında bu məsələ sonuncu yerlərdən birinə keçəcək və İran məsələsi həlledici məsələyə çevriləcək. Bu da öz-özlüyündə Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinə mənfi təsir göstərəcək. Birləşmiş Ştatlar-İran qarşıdurması həmçinin bölgədə yeni bir qaçqın ordusunun yaranması, həmin qaçqınların Azərbaycana üz tutması, ekoloyi tarazlığın kəskin dərəcədə pozulması, terror aktlarının artmasına gətirib çıхaracaq. təqdim edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar