SON XƏBƏRLƏR

20 Yanvar. "Şəhidlər Bayramın mübarək, vətən!"

2021.10.20, 07:36
20 Yanvar. "Şəhidlər Bayramın mübarək, vətən!"

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzi Qanlı Yanvar hadisələrinin il dönümü ərəfəsində 20 yanvar şəhidləri və Azərbaycan türk milləti və Azərbaycan adlı vətənimizin uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin ruhuna rəhmət diləyərək hormətli ziyalımız cənab Asəf ORUCOĞLUnun bu haqda olan düşüncələrini diqqətinizə təqdim edir. 1990-cı ilin Qanlı Yanvar hadisələrindən bizi 20 il ayırır. Düz 20 ildir biz 20 Yanvarı matəm günü kimi qeyd edir və ağlayırıq. Ağladıqca da həm şəhidlərin ruhunu incidir və şəhid adını kiçildirik, həm də ulus olaraq özümüzü kiçildir və döyüşkənlik ruhumuzu öldürürük. Hər il biz yurd üçün ölməyə hazır olan ərlərin gözlərini qırırıq. Halbuki, əksinə olmalıdır. Biz hər il yanvar ayının 20-də şəhidləri qisas andı ilə yad etməli və özümüzü də şəhidlik zirvəsinə hazırlamalıyıq. Hər il Şəhidlər Xiyabanından keçən qoca və cavanın, qadın və kişinin könlündə Vətən naminə öldürmək və şəhid olmaq hissi daha da güclənməlidir. Bizim möhtəşəm himnimizdə ağlamaq yoxdur. Milli Marşımızda hər bir ərə dədə-babasının yurd sevgisini, yurd uğrunda ölüb-öldürmək qəhrəmanlığını xatırladan sətirlər var: Səndən ötrü can verməyə cümlə hazırız! Səndən ötrü qan tökməyə cümlə qadiriz! Dövlət rəmzində, yəni Milli Marşında belə ifadələr olan və böyük bir tarixi yol keçmiş ulus heç bir vaxt ağlamaz. Biz də ağlamazdıq. Amma ağladıq. Özü də düz 40 gün. Çünki bu günə biz düzgün qiymət verə bilmədik. Biz 20 Yanvardan başlayaraq həmin günü ulusumuzun qəhrəmanlıq günü, şan və şərəf günü kimi qeyd etməliydik. Çünki dünyanı lərzəyə gətirən qırmızı imperiyanın hərb maşını bizim ulusal onurumuzu qıra bilməmişdi. 40 günlük matəm bunu bacardı. Həmin dövrdən də 20 Yanvar milli matəm günü kimi qeyd olunmağa başladı. Bu gün də Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Maddə 106) 20 Yanvar günü ümumxalq hüzn günü kimi göstərilir. Sonrakı dövrlər 20 Yanvar günü Şəhidlər Xiyabanında səslənən mərsiyələr və tükürpədici matəm musiqiləri şəhidlərin xatirəsini anmağa gələn vətəndaşların canına ölüm qorxusunu yeritməyə başladı. Bir sözlə, şəhidləri ağlaya-ağlaya bu uca adı ucuzlaşdırdıq... Dünyanın çox ölkəsi bu cür hadisələr yaşayıb. 1990-cı ilin 20 Yanvarına qədər SSRİ-nin 1956-cı ildə Polşa və Macarıstanda, 1979-1987-ci illərdə Əfqanıstanda, 1989-cu ilin aprelində Gürcüstanda, ABŞ-ın 1965-1975-ci illərdə Vyetnamda törətdiyi hadisələri heç bir millət ümummilli hüzn günü adı ilə təqviminə yazmayıb. ABŞ-ın hazırda Əfqanıstanda və İraqda mülki əhaliyə qarşı tutduğu divanı da bu millətlər milli matəm günü kimi qeyd etməyəcəklər. Faşist Almaniyasının SSRİ-yə hücum etdiyi gün – iyunun 22-si də Sovet İttifaqında milli matəm günü kimi qeyd olunmadı. Halbuki bu müharibədə 9 milyona yaxın SSRİ vətəndaşı, o cümlədən 300 minə yaxın Azərbaycanın seçmə oğul və qızları qurban getmişdi... Qardaş Türkiyə tək Çanaqqala döyüşündə 250 mindən artıq şəhid verdi. Bununla belə həmin tarix igidlik və qəhrəmanlıq tarixi kimi bayram edilir. 20 Yanvar günü əslində Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış ən şərəfli günlərimizdən biridir. Həmin gün milli dirəniş və milli ucalıq günüdür. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır. Məhz bu gün ulus olaraq biz bütün dünyaya sübut etdik ki, bu qudsal torpaqlar yiyəsiz deyil, Azərbaycanı və Azərbaycan xalqının özgürlük mübarizəsini qoruyacaq və uğrunda öləcək oğul və qızları var. 20 Yanvardan əvvəllər də şəhidlərimiz olub, ondan sonra da, hətta bu gündən sonralar da şəhidlərimiz olacaq. Buna görə də, bu günü biz milli hüzn günü kimi yox, ya şəhidləri anma günü kimi, ya da şəhidlər bayramı kimi qeyd etməliyik. Elə Əmək Məcəlləsinin 106-cı maddəsinin adındakı və mətnindəki “ümumxalq hüzn günüdür” sözləri “şəhidlər bayramı günüdür” və ya “şəhidləri anma günüdür” sözləri ilə əvəz olunmalıdır. Bu, ulusumuzda şəhidliyin həqiqətən də ən şərəfli və ən uca məqam olmasına inamını, Yurd, Ulus, Özgürlük (Azadlıq), Torpaq, Bayraq, El (Dövlət) və Dil sevgisini daha da yüksəldər, bu amallar uğrunda öldürməyə və gərəkərsə ölməyə sövq edər. (Yeri gəlmişkən, 9 noyabr Dövlət Bayrağı gününün təsis edilməsi elə bu məqsədə xidmət edir. Bu günün təsis edilməsi ötən ilin ən önəmli hadisələrindən biri olmuşdur. Çünki hər bir dövlət və millət üçün onun qürur mənbəyi ilk növbədə BAYRAĞIDIR. Bayrağı dünyada ilk dəfə qaldıran ulus məhz biz türklər olmuşuq. Bu gün bayraq adlandırdığımız dövlətimizin müqəddəs simvolunu dədələrimiz ilk öncə tuğ adlandırıb. Sonra isə savaşlarda yenilən monarxların sarayına sancıldıqca tuğ sancaq oldu. Bu gün də dilimizdə həm tuğ, həm sancaq, həm də bayraq sözü işlənir. Bayraq bütün ölkələrdə dövlət başçısından tutmuş sıradan vətəndaşa qədər hər kəsdən öndə və ucada duran qudsal varlıqdır.) Bayram sözündən də çəkinmək lazım deyil. Ulus olaraq bizim gələnəklərimizdə (Novruz ərəfəsində) “Qara bayram” kimi qeyd edilən bayramımız da var. Bu bayram günü gələnəyinə, ulularına, böyüklərinə sevgi və sayğısı olan hər bir evdə ölmüş yaxınlarının adına qazan asılır, qəbir üstünə gedilir və axşam süfrə başında ölən yaxınlar anılır. Özü də bu bayramı sovet dövrünün dəmir məngənəsi də xalqın canından çıxara bilmədi. Mənim düşüncələrimə görə hər il 20 Yanvar günü: a) Şəhidlər Xiyabanında fəxri qarovul düzülməli, yanğılı musiqi və mərsiyə deyil, ölkəmizin Milli Marşı, hərbi marşlarımız, Koroğlunun uvertürası, milli ruhu yüksəldən mahnılar səslənməlidir ki, hər kəs oradan qürur və iftixarla keçsin, şəhidlik zirvəsinə baxaraq başını dik tutsun; b) Günün müəyyən bir vaxtında ölkə ərazisində bir dəqiqəlik sükut elan olunmalıdır. Bu zaman bütün hərəkət dayanmalı, Bakı buxtasında olan gəmilər fit çalmalıdır; c) Televiziyalarda Azərbaycan xalqının qəhrəmanlıq epopeyasını əks etdirən sənədli filmlər, görkəmli dövlət və ictimai, elm və incəsənət xadimlərinin, habelə şəhidlərin və milli qəhrəmanların həyat və yaradıcılığından bəhs edən televiziya filmləri, milli və döyüşkənlik ruhunu artıran kinofilmlər nümayiş etdirilməlidir. Təbii ki, Şəhidlər Xiyabanından birbaşa reportajlar da mütəmadi verilməlidir. Əlbəttə, bunlarla yanaşı SSRİ rəhbərliyinin Azərbaycan xalqının qanına susamasını, 20 Yanvarda dinc əhaliyə divan tutmasını, ümumiyyətlə, həmin gün insanlığa və bəşəriyyətə qarşı ən ağır cinayət törətməsini də biz bütün dünyaya yaymaqda davam etməli və bu cinayəti edən SSRİ rəhbərliyinin mühakimə olunması üçün beynəlxalq tribunalın yaradılması uğrunda davamlı olaraq mübarizə aparmalıyıq. Bu yazımı şəhidlərin xatirəsinə həsr etdiyim “Şəhidlər bayramın mübarək, Vətən!” şeiri ilə bitirmək istəyirəm. Şəhidlər bayramın mübarək, Vətən! 20 Yanvar - Şəhidləri anma Gününə Bu gün tarixində şanlı bir gündür Şəhidlər bayramın mübarək, Vətən! Yolunda ölən var, gözlərin aydın Şəhidlər bayramın mübarək, Vətən! Uğrunda ilk qurban verilən andan, “Bura Türk elidir” yazıldı qandan, O gündən biz sənə bağlandıq candan Şəhidlər bayramın mübarək, Vətən! Şəhidlik zirvədir, hər kəs ucalmaz, Şəhidlikdən qorxan Haqdan güc almaz, Namusu tapdanar, yenə öc almaz Şəhidlər bayramın mübarək, Vətən! Şəhidsiz millətin şərəfi olmaz, Düşmən onu yenər, dost yada salmaz, Məhv olar, adı heç tarixdə qalmaz Şəhidlər bayramın mübarək, Vətən! Sülh vaxtı dəfn edər oğul Atanı, Atasa oğlunu savaş zamanı, Bu, Türk qanunudur, çatıb dövranı Şəhidlər bayramın mübarək, Vətən! Şəhid kədərlə yox, andla anılar, Şəhidi ağlamaz igid Analar, Biz Şəhid deyəndə həyat sanılar Şəhidlər bayramın mübarək, Vətən! Bu gün övladıyla Millət öyündü, Ürəklər qürurla, şəstlə döyündü, Bu gün matəm deyil, toydu, düyündü Şəhidlər bayramın mübarək, Vətən! Asəfəm, ömrümü səninlə bölləm, Uğrunda qan töküb, can ala billəm, Bir gün Şəhid olub səcdənə gəlləm Şəhidlər bayramın mübarək, Vətən! mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar