SON XƏBƏRLƏR

Ermənistan prezidenti ətraf rayonların boşaldılmasına qarşı çıxan generallarla mübahisə edib

2021.10.20, 07:36
Ermənistan prezidenti ətraf rayonların boşaldılmasına qarşı çıxan generallarla mübahisə edib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ermənistan-Türkiyə münasibətləri və Dağlıq Qarabağ münaqişəsi ətrafında bir neçə ölkənin paytaxtı arasında intensiv və mürəkkəb diplomatiya cərəyan etməkdədir. Xəbər verdiyimiz kimi, bir gün əvvəl Moskvada Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan səfərdə olub. Onunla eyni vaxtda Ermənistanın müdafiə naziri Seyran Ohanyan, ABŞ dövlət katibinin siyasi işlər üzrə müavini Nikolas Berns və Azərbaycandan adları açıqlanmayan iki səlahiyyətli rəsmi Rusiya paytaxtında olublar. Həmin gün axşam Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvana gəlib. Lavrov dünən erməni həmkarı Edvard Nalbəndyanla uzun-uzadı danışıqlar apardıqdan sonra jurnalistlərin qarşısına çıxaraq Moskvanın Türkiyə-Ermənistan protokollarının Qarabağ məsələsi ilə əlaqələndirilməsinə qarşı olduğunu açıqlayıb. Qeyd edək ki, indiyədək bu məsələdə Rusiyanın mövqeyi bu cür aydın şəkildə ifadə edilmirdi və İrəvanda belə narahatlıq yaranmışdı ki, Moskva Ankara ilə anlaşaraq protokolların ratifikasiyasından əvvəl Ermənistana Qarabağ məsələsində təzyiq edə bilər. Lavrovdan əvvəl baş nazir Vladimir Putin də Rusiyanın Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesinin Qarabağ münaqişəsinə bağlı olmadığını bildirib. Moskvada Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında Putin deyib ki, bu məsələlərin bir paket halında bir-birinə bağlanmasını düzgün hesab etmir. “Hər biri həlli çox çətin olan problemdir. Onları bir yerdə həll etməyə cəhd etsək, avtomatik olaraq, ümumi həll prosesini çox uzaq perspektivə uzatmış olarıq. Ona görə də mən hesab edirəm ki, bu problemləri bir paketdə cəmləmək taktiki və strateji cəhətdən məqsədəuyğun olmazdı” deyə Vladimir Putin bildirib. Rusiyanın baş naziri bir daha qeyd edib ki, Moskva hər iki problemin həllinə mümkün olan bütün köməyini göstərəcək: “Bununla belə, sözsüz ki, bu problemin həlli bir halda Ermənistanla Azərbaycandan, o biri halda da Ermənistanla Türkiyənin özündən asılıdır. Biz öz tərəfdaşlarımızın mövqeyinə həmişə hörmətlə yanaşmışıq, yenə də hörmətlə yanaşacağıq. Bu məsələdə Rusiyanın rolu həmin çətin problemlərin həllinə yönəlmiş bütün müsbət addımları müdafiə etməkdən ibarətdir”. Eyni mesajı İrəvanda verən Lavrov deyib ki, Rusiya Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına öz köməyini göstərməyə hazırdır. O, protokolların tezliklə ratifikasiyasına çağırıb. “Bu nə qədər tez olsa, region üçün bir o qədər yaxşıdır. Biz tərəflər hazır olanda öz köməyimizi göstərməyə hazırıq”, deyə Lavrov qeyd edib. Rusiya xarici işlər naziri deyib ki, protokolların ratifikasiyası ilə Qarabağ münaqişəsini bir-birinə bağlamaq korrekt yanaşma deyil. O, təkliflə də çıxış edib. Rusiya xarici işlər nazirinin sözlərinə görə, Rusiya normallaşma prosesinə infrastruktur layihələrlə, dəmiryolu layihələri ilə dəstək verməyə hazırdır. Lavrov jurnalistlərin suallarına cavab olaraq onu da deyib ki, Rusiya qətiyyən Türkiyə ilə olan enerji maraqları naminə Qarabağ məsələsində mövqeyini dəyişməyəcək. “Mən qısa cavab verirəm ki, bu mümkün deyil”. Lavrov onu da deyib ki, İrəvana səfərinin Ərdoğanın Moskva səfəri ilə bağlılığı yoxdur: “Ərdoğanın səfəri barədə bu yaxınlarda razılıq əldə olunub, mənim İrəvana səfərim isə çoxdan razılaşdırılmışdı”. Rusiya xarici işlər naziri Qarabağ münaqişəsinin nizamlanması haqda danışarkən deyib ki, danışıqlar prosesində durğunluq yaranmayıb. Lavrova görə, Rusiya prosesi sürətləndirmək üçün mümkün olanı edir. Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan isə danışıqlar prosesinin yaxın vaxtlarda prezidentlərin növbəti görüşü ilə davam edəcəyini bildirib. Türkiyə mənbələrinin məlumatlarına görə, yanvarın sonlarında Ermənistan, Azərbaycan və Rusiya prezidentləri arasında növbəti görüş gözlənilir. Həmsədrlər isə yaxın günlərdə regiona səfər edərək həmin görüşə hazırlıq görəcəklər. Beləliklə, Rusiya da Ermənistanla imzalanmış protokolların Qarabağ şərti olmadan tezliklə ratifikasiyası üçün Türkiyəyə təzyiq edənlərin sırasına qoşulub. Bu da Cənubi Qafqaza dair dünyanın iki böyük dövləti ABŞ və Rusiya arasında geniş anlaşmanın əldə edilməsindən xəbər verə bilər. Əvvəlcə Ankara-İrəvan yaxınlaşmasına soyuq yanaşan Kreml indi nəinki bu yaxınlaşmanı dəstəkləyir, eyni zamanda onu tezləşdirmək üçün ABŞ-la ortaq şəkildə Türkiyəyə təzyiq edir. Ərdoğan isə ona nail olmaq istəyirdi ki, Rusiya Ermənistana təsir göstərsin və Qarabağ məsələsində yaxın zamanlarda irəliləyişə nail olaraq protokolların yolunu açsın. Ancaq görünən odur ki, Moskva protokollar üçün Ermənistanı Qarabağ məsələsində güzəştə sövq etmək fikrində deyil, əksinə, Rusiya indi hər iki prosesi öz nəzarətinə götürməklə Cənubi Qafqazda tək hakim olmaq istəyindədir. Deməli, yaxın vaxtlarda Qarabağ məsələsində nəticə olmasa Türkiyənin protokolların ratifikasiyasına yaşıl işıq yandırması istisna deyil. Bu arada erməni mənbələri prezident Serj Sərkisyanın Qarabağ məsələsində ətraf rayonların boşaldılmasını nəzərdə tutan sülh planına razılıq vermək imkanlarının məhdud olduğu haqda yazır. Müxalifətyönlü “Aykakan Jamanax” qəzetinin yazdığına görə, Sərkisyan ərazilərin boşaldılması məsələsində Qarabağdan olan generallarla qarşı-qarşıyadır. Belə ki, Dağlıq Qarabağdakı separatçı rejimə bağlı qüvvələrin rəhbərləri Sərkisyanın əraziləri qaytarmaq niyyətlərindən ciddi narahatdır. Yüksək rütbəli komandirlərdən bir neçəsi buna görə Qarabağı tərk edib, bəziləri isə İrəvandakı hakimiyyətlə silah gücü ilə danışmaq fikrindədir. Qəzet yazır ki, Dağlıq Qarabağ rəhbərliyində və yüksək rütbəli komandirlər arasında Sərkisyanı satqın hesab edirlər. Bildirilir ki, Yeni il ərəfəsində Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın general Manvel Qriqoryanla, Serj Sərkisyanın isə Qarabağ müharibəsinin veteranı, Ermənistan ordusunun korpus komandiri, “komandos” ləqəbli Arkadi Ter-Tadevosyanla görüşü olub. Daha sonra Ter-Tadevosyan Qarabağa yollanaraq oradakı erməni qüvvələrinin komandirləri ilə görüşüb. Bu görüşdə “komandos” Sərkisyanın ətraf rayonların boşaldılmasının qaçılmaz olduğu haqda mesajını çatdırıb. Lakin qarabağlı komandirlər bundan qəzəbləniblər və Sərkisyanın göstərişinə tabe olmayacaqlarını deyiblər. İrəvana qayıdan Ter-Tadevosyan Sərkisyanla görüşərək qarabağlı komandirlərin mövqeyini çatdırıb, Sərkisyan isə onu və general Manvel Qriqoryanı danlayaraq deyib ki, generallar Qarabağ məsələsində prezidenti tək qoyublar, bir tərəfdən deyirlər əraziləri qaytarmaq olmaz, o biri tərəfdən isə müharibə istəmirlər. “Mən avantüraya getmək fikrində deyiləm, əraziləri qaytarmamağın alternativi müharibədir. Azərbaycan bizi qabaqlayır, sabah müharibə başlasa bizim onlar qədər mərmilərimiz olmayacaq” deyə Sərkisyan bildirib.musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar