SON XƏBƏRLƏR

Türkiyə Baş Nazirinin moskva səfəri yeni geosiyasi tendensiyalara səbəb olub

2021.10.20, 07:36
Türkiyə Baş Nazirinin moskva səfəri yeni geosiyasi tendensiyalara səbəb olub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "ans"-ə istinadən yaydığı məlumata görə, Rusiya-Türkiyə münasibətlərinin Cənubi Qafqazdakı geosiyasi proseslərə təsiri məsələsi bu gün diqqət mərkəzindədir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfərinə də bu aspektdən nəzər salınmalıdır. Bu ölkələr arasındakı əməkdaşlığın durumu çox önəmlidir və bütövlükdə bundan Qafqazdakı vəziyyət asılı olacaq. Eyni zamanda, bu, həm də qlobal miqyasda qüvvələr nisbətinin dəyişməsinə təsirini göstərə bilən faktordur. Həmin məqamlar prizmasında Dağlıq Qarabağ məsələsinin həlli ilə əlaqəli yeni faktorların meydana gəlməsini də gözləməyə dəyər. Əyani olaraq Türkiyə ilə Rusiyanın bu məsələni ardıcıl müzakirə etdiyi də müşahidə edilməkdədir. Ərdoğanın bu səfərində həmin məqamın nə dərəcədə yer alması bütün bunlara görə, maraq doğurur. Son vaxtlar Rusiya və Türkiyə rəhbərliyi strateji əməkdaşlıq barədə tez-tez danışırlar. İqtisadi əlaqələr həqiqi mənada sürətlə genişlənir. Yaxın 5 ildə Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq haqqında iddialı niyyət var. Bu halda Rusiya Türkiyənin ən böyük xarici ticarət tərəfdaşı olacaq. Ərdoğanın səfəri zamanı tərəflərin qarşılıqlı surətdə vizanı da qaldırmaq barədə məsləhətləşmələr aparması bu istiqamətdə münasibətləri daha da dərinləşdirmək planlarının olduğu anlamına gəlir. Məsələ həm də Avropa Birliyinin yeritdiyi viza siyasəti baxımından diqqəti çəkir. AB Türkiyə ilə viza rejimini qaldırmaq haqqında düşünmədiyi halda bir çox xristian dövlətləri ilə gediş-gəlişi asanlaşdırır. Türkiyə isə Yaxın və Orta Şərq ölkələri ilə sürətlə viza rejimini qaldırır. Bununla yanaşı, Rusiyaya vizasız gediş-gəlişin təmin edilməsi Avropaya ciddi mesajdır. Təxmin etmək olar ki, bu məlumatdan sonra Avropada “Türkiyə geosyasi yönünü dəyişir” fikri daha tez-tez səslənəcək. Hər bir halda Moskvada Ərdoğan enerji, nəqliyyat, geosiyasi və təhlükəsizlik sahələrində Rusiya ilə ciddi məsələləri müzakirə edib. Türkiyədə tendersiz nüvə obyektinin tikilməsi haqqında Rusiya ilə danışıqların aparılması önəmli məqamlardan biri sayılmalıdır. Bütün bunların fonunda Ermənistan və Azərbaycandan dəvət edilən rəsmi şəxslər danışıqlara bu və ya digər dərəcədə qatılırlar. Aydındır ki, həmin məqamlar da Dağlıq Qarabağ məsələsi ilə bağlı hansısa ciddi məsləhətləşmələrin olduğunu göstərir. Bu arada Rusiyanın baş naziri Vladimir Putinin “onsuz da mürəkkəb olan türk-erməni münasibətlərini Dağlıq Qarabağ məsələsi ilə bir bağlantıya gətirməyin perspektivsiz” olduğu haqqında dedikləri maraq doğurdu. Yəni Rusiya Türkiyə-Ermənistan münasibətlərini Dağlıq Qarabağ məsələsi ilə əlaqələndirmək istəmirmi? Belə isə onun rəsmi Ankara ilə bu məsələdə hansı ortaq mövqeyi var? V.Putin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasını istədiklərini deyir. Eyni zamanda, Cənubi Qafqazda münaqişələrin dinc yolla həllində də çox maraqlı olduqlarını dilə gətirir. Bu yanaşma əslində münaqişələrin həllini uzatmağa xidmət etmirmi? Onu da qeyd edək ki, Türkiyənin baş naziri Moskvada, xarici işlər naziri də Böyük Britaniyada açıq deyib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsə, Ermənistanla münasibətlərin düzəlməsindən söhbət gedə bilməz. Türkiyənin bu mövqeyi ilə V.Putinin dedikləri arasında prinsipial fərq var. Burada hansısa başqa pərdəarxası faktor rol oynayırmı? Bu kimi suallar Ərdoğanın Moskva səfərinin də hər şeyi həll etmədiyini göstərir. Lakin şübhəsiz ki, konkret olaraq Dağlıq Qarabağ məsələsində müəyyən irəliləyişlər də var. Məsələyə Qərbin ata biləcəyi addımlar prizmasında baxanda suallar çoxalır. ABŞ Türkiyə və Rusiyanın maraqları çərçivəsində problemin həllinə nə dərəcədə razıdır? AB-nin də maraqlarını nəzərə almaq lazım gəlir. Düyünün bu tərəflərinin necə çözüləcəyi hələ bəlli deyil. Bu da özlüyündə bölgədəki geosiyasi duruma qeyri-müəyyənlik gətirir. Rusiyanin geosiyasi maraqlarını təmin etmədən Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe tutmayacağına əminliyimiz var. Bunun bədəlini Türkiyə və Azərbaycanın hansı dərəcədə ödəyəcəyi maraq doğurur. Burada bütün tərəfləri qane edəcək bir formulun tapılması çox önəmlidir. Eyni zamanda, Türkiyə Qərblə olan münasibətlərinin taleyi barədə düşünməli olacaq. İsraillə çıxan son diplomatik böhran təsadüfi sayılmamalıdır. Qərb getdikcə daha həssas şəkildə Türkiyənin atdığı addımlara reaksiya verir. Bu proses gərginliyə doğru getməkdə davam etsə, Cənubi Qafqazın geosiyasi mənzərəsinə necə təsir edə bilər? Rusiya-Türkiyə əlaqələrinin sürətlə genişlənməsinə bu tərəfdən də nəzər salmaq gərəkdir. Qərbin bu yaxınlaşmaya reaksiyası necə olacaq? Hesab etmirik ki, Qərb Türkiyə-Rusiya yaxınlaşmasına sərt təpki göstərsin. Rusiya ilə münasibətlərin müəyyən həddə qədər inkişaf etməsində Qərb də maraqlıdır. Bunun əsas səbəbi Çin faktorudur və müəyyən dərəcədə Hindistan məsələsi də var. Qərb üçün Rusiyanın loyal Türkiyə ilə yaxınlaşması, tamam əks cəbhədə duran Çinlə yaxınlaşmaqdan daha sərfəlidir. Rusiyanın Çinə qarşı yaxşı addımlar atmasını hər kəs gördü. Ortaya çox ciddi geosiyasi güc çıxa bilər. Türkiyənin bölgədə əsas oyunçu kimi mövcud olması bu prosesi xeyli dərəcədə əngəlləyə bilər. Rusiya üçün Türkiyə faktoru çox önəmlidir - ərazisində türk-müsəlman xalqları xeyli dərəcədədir, üstəlik bütün müsəlman dünyası ilə münasibətləri yaxşılaşdırmağa ehtiyac çoxdur. Ona görə də Qərb Türkiyə-Rusiya yaxınlaşmasını müəyyən həddə qədər dəstəkləyir. Bu hədd Çinin arxa plana keçməsi, Türkiyə-Rusiya əməkdaşlığının Qərbə zərər verməməsi ilə sərhədlənir. Konkret olaraq isə Cənubi Qafqazda Rusiya-Qərb qarşıdurması davam edir. O baxımdan Qərbin Cənubi Qafqazda türk-rus birliyini məhdudlaşdırmaq planlarından vaz keçməsi ehtimalı azdır. Rusiya diplomatik məharətlə həm Türkiyə, həm də Çin istiqamətində manevrlərini genişləndirir. Qalır Qərbin burada atacağı addımlar. Bir neçə ehtimal üzərində dayanmaq olar. Birincisi, Qərb Ermənistanda siyasi və geosiyasi çəkisini artırmağı intensivləşdirə bilər. Ermənistan təhlükəsizlik baxımından Rusiya üçün Cənubi Qafqazda çox önəmlidir. Ermənistanı itirmək Gürcüstana təsiri minimuma endirmək deməkdir. Ona görə də Ermənistanda siyasi mübarizənin yeni mərhələsi başlaya bilər ki, bu da Dağlıq Qarabağ məsələsini arxa plana atar. Bir çox ekspertlər Dağlıq Qarabağ məsələsini dondurmağın indi çoxlarına sərf etdiyini deyirlər. Məhz Ermənistanın seçilməsinin də səbəbi var. Azərbaycan bir çox sahələr üzrə bölgədə açar dövlətdir və ona görə də burada sabitliyin olmasında bütün böyük oyunçular maraqlıdırlar. Onlar maksimum dərəcədə çalışacaqlar ki, Azərbaycanda sabitlik olsun. İkincisi, Dağlıq Qarabağ məsələsini həll etmək uğrunda Qərblə Rusiya arasında sağlam olmayan yarış başlaya bilər. Bəlkə də paradoksal görünür, lakin bu barədə düşünmək qeyri-ciddi təsir bağışlamır. Ona görə ki, geosiyasi ağırlıq Orta Asiyaya keçməkdə olduğundan Qafqaz “arxa cəbhə kimi” sakit olmalıdır. Bu sakitliyi tez təmin etmək bütün geosiyasi güclərin marağındadır. Həm də ona görə ki, məsələni həll edənin nüfuzu da çox olacaq. Lakin erməniləri müdafiə etmək istəyi aradan qalxmayıb. Yaxın zamanlarda Qərb və ya Rusiyanın bu məsələdə tam ədalətli olacaqlarını da gözləməyə dəyməz – “tarixi stavka” çox böyükdür. Bunlara görə Dağlıq Qarabağ məsələsini tez-tələsik və alayarımçıq həll etmək niyyəti yarana bilər. Bu da Azərbaycan üçün düşünməyə ciddi əsaslar verir. Üçüncüsü, Qərbin İran planı reallaşmayıb. İran məsələsi onun Cənubi Qafqazdakı davranışlarına ciddi təsir edir. Ona görə də İran faktorunun bu məsələlərə ciddi təsirini gözardı etmək olmaz.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar