SON XƏBƏRLƏR

Ərdoğanın Moskvaya səfəri üzərinə...

2021.10.20, 07:36
Ərdoğanın Moskvaya səfəri üzərinə...

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzi «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri cənab Elxan ŞAHİNOĞLUnun Türkiyənin Baş Naziri cənab Rəcəb Teyyub Ərdoğanın Moskvaya səfəri üzərinə olan fikirlərini diqqətinizə təqdim edir. Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan Moskva səfərində çox uğurlu nəticələr əldə etdi. Ərdoğan rusiyalı həmkarı Vladimir Putin və prezident Dmitri Medvedyevlə enerji mübadiləsi ilə bağlı geniş fikir mübadiləsi apardı, Ankaranın maraqlı olduğu yeni boru xətlərinin tikintisini razılaşdırdı, Rusiyanın Türkiyədə atom elektrik stansiyası inşa edəcəyinə, iki ölkə vətəndaşlarının vizasız gediş-gəlişinə anlaşma imzalanacağına təminat aldı. Ancaq Ərdoğan bir böyük müvəffəqiyyətsizliyə uğradı: Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Ermənistana təzyiq etməyəcək. Bunu Türkiyənin baş nazirinə açıq söylədilər. Ərdoğan rusiyalı rəsmilərlə görüşdən sonra Moskva Dövlət Universitetində təşkil edilən “Türkiyənin xarici siyasəti” adlı konfransdakı çıxışında “Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun həmsədrləri kimi ABŞ, Fransa və Rusiya öz üzərlərinə düşən işi görməlidirlər” desə də, Kremldən arzuladığı cavabı ala bilməyib. Ərdoğan Putinin dilindən bu sözləri eştiməli olub: “Mən Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin bir paket halında bir-birinə bağlanmasını düzgün hesab etmirəm. Hər biri həlli çox çətin olan problemdir. Onları bir yerdə həll etməyə cəhd etsək, avtomatik olaraq ümumi həll prosesini çox uzaq perspektivə uzatmış olarıq. Ona görə də mən hesab edirəm ki, bu problemləri bir paketdə cəmləmək taktiki və strateji cəhətdən məqsədəuyğun olmazdı”. Beləliklə, Putin Obamanın dekabrın 7-də Vaşinqtonda Ərdoğana dediyi sözləri təkrarlayıb. Ağ evin sahibi də Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin həllindən asılı olmayaraq Ermənistanla münasibətləri nizamlamağa, sərhədi açmağa çağırmışdı. Bununla da Ankara ümid etdiyi hər iki istiqamətdən rədd cavab aldı. Halbuki Türkiyə hakimiyyəti Ermənistanla İsveçrə protokollarını imzalamamışdan öncə həm Vaşinqton, həm də Moskvadan Ermənistanı yola gətirməklə bağlı sözlü vəd almışdı. Yəni birinci mərhələdə Türkiyə Ermənistanla protokolları imzalayacaq, ardından ABŞ və Rusiya Ermənistana təzyiq edəcək ki, İrəvan işğal altındakı rayonları boşaltsın, sonrakı mərhələdə isə Türkiyə həm sərhədi açacaq, həm də qonşu dövlətlə diplomatik münasibətlər quracaq. Göründüyü kimi, bu proses elə birinci mərhələdəcə ilişib qaldı. Vaşinqton və Moskva Türkiyə-Ermənistan münasibətlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqələndirilməməsi barədə İrəvanın arqumentini haqlı saydılar. Türkiyə təkləndi. Ərdoğanın Vaşinqton və Moskva səfərlərinin nəticəsindən çıxış edərək deyə bilərik ki, Türkiyənin baş naziri Dağlıq Qarabağ münaqişənin həlli prosesini sürətləndirə bilmədi. Bu proses sürətlənmədən isə Türkiyə Ermənistanla münasibətləri nizamlaya bilməyəcək. Demək hər iki proses qeyri-müəyyən müddətədək təxirə salındı. Bu arada Türkiyə ABŞ prezidenti Barak Obamanın 24 aprel yazılı açıqlamasına hazır olmalıdır. Obama Vaşinqtonda Ərdoğana açıq işarə etmişdi ki, Türkiyə 24 aprelə qədər Ermənistanla sərhədi açmasa, ona “erməni soyqırımı” ifadəsini işlətməmək çətin olacaq.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar