SON XƏBƏRLƏR

Zəfər Quliyev: İranın mövqeyi sərt qalacaqsa, müharibə ehtimalı arta bilər

2021.10.20, 07:36
Zəfər Quliyev: İranın mövqeyi sərt qalacaqsa, müharibə ehtimalı arta bilər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, ABŞ-dan (Amerika Birləşmiş Ştatları) son günlər İrana qarşı hərbi variantın aktual olduğuna dair yüksəkrütbəli hərbi komandanlar tərəfindən bir-birinin ardınca bəyanatlar verilir. Ötən həftə Amerika Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin rəhbəri, admiral Maykl Müllen bəyan etmişdi ki, Birləşmiş Ştatlar ordusu İrana qarşı hərbi əməliyyatlar üçün hazırlıqlara başlayıb. Müllen hərbi variantın arzuolunmaz olduğunu və bir sıra gözlənilməz nəticələrə gətirib çıxara biləcəyini bildirsə də, demişdi ki, əgər İranın nüvə silahı əldə etmək səylərini diplomatik yolla dayandırmaq mümkün olmasa, o zaman iki ən pis variantdan daha az pis olanına üstünlük verəcək. Müllenə görə, İranın nüvə silahına malik olması dünya və region üçün bu ölkəyə qarşı hərbi əməliyyatlardan az təhlükəli deyil. Yanvarın 10-da isə Amerika ordusunun Əfqanıstan və İraqdakı hərbi əməliyyatlarını idarə edən Mərkəz Komandanlığının rəhbəri, general Devid Petreus sensasion bəyanat verib. O bildirib ki, ABŞ İrana qarşı hərbi əməliyyatların bir neçə planını hazırlayıb və diplomatiya nəticə verməsə, bu planlar işə düşəcək. CNN telekanalının xəbərinə görə, general bildirib ki, Amerika ordusunun İranın nüvə obyektlərinə zərbə endirmək üçün hazır planı var. Onun sözlərinə görə, belə planın hazırlanması yeni deyil. ABŞ prezidenti İranın nüvə məsələsinin diplomatik danışıqlar və iqtisadi sanksiyalar yolu ilə həll edilməməsi variantına hazır olmaq üçün Pentaqona hərbi əməliyyatların bir neçə planını hazırlamaq tapşırığı verib. Petreus belə tapşırığın nə vaxt verildiyini açıqlamayıb, ancaq ehtimal edilir ki, söhbət hələ keçmiş prezident Corc Buş tərəfindən verilən təlimatdan gedir. General deyib ki, İran məhz onun rəhbərlik etdiyi komandanlığın nəzarət sahəsinə daxildir. Ona görə də hərbi əməliyyatlar planı hazırda onun əlinin altındadır. Məsələyə münasibət bildirən politoloq Zəfər Quliyev deyib ki, son illərdə ABŞ tərəfindən İrana qarşı bu cür blef tipli bəyanatlar, addımlar atılır. Onun qənaətincə, bunu hələlik ciddi bir xəbərdarlıq kimi qəbul etmək lazımdır: "Hesab edirəm ki, müharibənin başlaması haqqında danışmaq ola bilsin ki, tezdir. Ona görə ki, ABŞ və ümumiyyətlə, Qərb ölkələri İrana qarşı indi genişmiqyaslı təzyiqdən istifadə edirlər. Həm diplomatik, həm də bu cür bəyanatlar təzyiqdir. Həmçinin vasitəçilikdən də vaz keçmirlər. Son vaxtlar Türkiyə İranla Qərb arasında vasitəçi kimi fəal işlər görür, çalışır. İranın problemləri ilə bağlı Rusiyanın özü də mövqeyini bildirir, Qərblə həmrəy olduğunu açıqlayır". İranın öz mövqeyini dəyişmədiyini qeyd edən politoloq vurğulayıb ki, bütün bu addımlar, təzyiq ona yönəlib ki, İran heç olmasa, daha konstruktiv mövqe tutsun və müharibə ehtimalı gündəmdən çıxsın və yaxud da azalsın: "İndi hadisələrin gedişi daha çox İrandan, İran hakimiyyətindən asılıdır. Doğrudan da İran dialoqdan, MAQATE-nin təklif etdiyi variantlardan imtina etsə, yeni bir mövqe nümayiş etdirsə, get-gedə təzyiq güclənəcək. ABŞ-İran müharibəsi variantı neçə illərdir ki, gündəmdədir. Və bu, daimi olaraq aktuallığını saxlayır. İranın mövqeyi sərt qalacaqsa, müharibə ehtimalı arta bilər. Amma indiki mərhələdə hesab edirəm ki, bu cür bəyanatlar İrana qarşı bir təzyiq formasıdır". Z.Quliyevin sözlərinə görə, İran kimi totalitar tipli ölkələri iqtisadi sanksiyalarla, diplomatik təzyiqlər, mənəvi-psixoloji təzyiqlər vasitəsilə mövqedən çəkindirmək həmişə çətin olur: "Ona görə ki, bu tip ölkələrdə hakimiyyət nə daxilindəki ictimai rəylə hesablaşır, nə də ki beynəlxalq rəylə hesablaşır. Hazırda İranda həmin vəziyyətdir. Üstəlik nəzərə alsaq ki, İran hakimiyyəti bir balaca zəiflik nümayiş etdirsə, daxildəki proseslər də əslində hakimiyyəti tamamilə səhnədən götürə bilər. Yəni İranın daxilində gedən proseslər, qarşıdurma, nümayişlər də İran hakimiyyətini vadar edir ki, sərt mövqe tutsun. Bununla İran öz gücünü həm daxildə göstərməyə çalışır, həm də beynəlxalq səhnədə. Amma bu, İran hakimiyyəti üçün çox riskli bir davranış modelidir. Ona görə ki, hər an daxildə və xaricdə təzyiqlər birləşərək İrana qarşı olacaq. Bunun qarşısında İran tab gətirə biləcəkmi, bu, sual olaraq qalır".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar