SON XƏBƏRLƏR

Səlim Babullaoğlu: ədəbiyyatın xalqın, daha az pafosla desəm insanın formalaşmasında rolu əvəzolunmazdır (MÜSAHİBƏ)

2021.10.20, 07:36
Səlim Babullaoğlu: ədəbiyyatın xalqın, daha az pafosla desəm insanın formalaşmasında rolu əvəzolunmazdır (MÜSAHİBƏ)

Gunaz.tv
Bu gün ədəbiyyatımızda cərəyan edən hadisələr, cəmiyyət-ədəbiyyat münasibətləri, hazırkı dönəmdə nə üçün güclü əsərlərimiz yazılmır bu, haqda suallarımızın cavabını almaq üçün tanınmış şair və tərcüməçi Səlim Babullaoğlunun GÜNAZ.TV Mətbuat Xidmətinin xüsusi müxbiri ilə söhbətində deyilən fikirlərə aydınlıq gətirilib. - Səlim bəy, Ədəbiyyat bir xalqın formalaşmasında nə kimi rol oynayır. Onun ümümiyyətlə, cəmiyyət və xalq üçün, təsir imkanları nədən ibarətdir? - Bilirsiz, Elnur, sizin sual başqa cürə məsələn belə səslənərdi: dil bir xalqın formalaşmasında nə kimi rol oynayır? Belə olanda hər şey öz-özünə aydınlaşır. Məlumdu ki, hər şey ən əvvəl dildi və sözdü. Məsələn, biz bir işi görməmışdən əvvəl, onun sözlü variantını təsəvvür edir, onu fikrən icra edirik, yaşayırıq.Yalnız sonra onun əməli variantını icra etmış oluruq. Başqa bir nümunə. Yeni bir uşaq doğulmaq üzrədi. Bu uşaq özüylə, adıyla, taleyi ilə, əməlləri ilə nə qədər yeni imakanlar və sözlər deməkdi. Kim bilir bəlkə həmin uşaq böyük bir alim olacaq, kəşflər edəcək, bununla da təkcə öz xalqı üçün deyil, bütün dillər və insanlar üçün o vaxta qədər eşidilməmiş sözlər tapacaq. Başqa variantda həmin uşaq bizə adi, sıravi görünən ömür də yaşaya bilər. Adi, gündəlik sözlərin istehlakçısına və təkrar istehsalçısına çevrilə bilər. Bu halda başqa məqam maraqlı olmalıdı: o adam mövcud sözlərdən necə yararlanacaq? Yəni, hər ömür bu mənada dil üçün, lüğəti ehtiyyat üçün yeni sınaq və imtahan olur. Biz, məhz bu məqama diqqət yetirməliyik. Çünki dilin gələcəyi olan hər iki adamın hansı taleni yaşamalarından asılı olmayaraq yolu ilk növbədə şifahi nitqdən, sonra təhsildən və təhsil vasitəsi ilə ədəbiyyatdan keçəcək. Onda baxaq şifahi nitqə. Onun vəziyyəti həmişə yaxşı olub, çünki, adamlar həmişə danışır. O həmişə tələb olunandı, işləkdi, elmi tərəqqinin bir elə də fərqində deyil. Şifahi ədəbiyyat da elədi. O da dəyışmir, həmişə daha saf və səmimi təsiri bağışlayır. Bilirsiz niyə? Adamlar sevib, iztirab çəkib, dərd güc gəlib oxuyublar, deyiblər, daha yazılı ədəbiyyatıdan fərqli olaraq o sözlər ürəkdən qələmin ucuna qədər uzanan mürəkkəb yolu keçməyib, onu yaradanlar təmənnalı olmayıblar, estetik həll, yadda qalmaq kimi həm də təkəbbürlü arzulardan kənarda qalıblar. Amma bu çox-cox əvvəllər olub. O vaxtlar təhsil ədəbiyyata indiki qədər təsir etmirdi. Amma indi... Sizcə təhsilin vəziyyəti necədi? Məncə yaxşı deyil. Bu isə bilirsiz nə deməkdi? Gələcəyin bütün çalarlarıyla şıkəst olması deməkdi. Ədəbiyyatın da. İndi baxaq müasir poeziyanın vəziyyətinə. Qənaətim belədi ki, bu gün yazılan və yazılmaqda olan poeziya yaxşı halda şifahi ədəbiyyat nümunələrini imitasiyadı. Özü də təkcə metrik yox, həm də lüğəti tərkibi ilə. Mən bəzən çağdaş bir şairin şeirini oxuyub orda üç-dörd əsr əvvələ aid sözlərə rast gələndə diksinirəm. Dəhşətə gəlirəm. Mən bu ədəbiyyatı yazanların insani haqlarına hörmətlə yanaşsam da bu ədəbiyyatı təbliğini müasirlik və çağdaş bazar uğrunda amansız mübarizə aparan KİV və medianı anlaya bilmirəm. Biz qərbi adi məişətimizdə yalnız qılaf, görüntü, tətbiqi olaraq çox uğurla yamsılasaq da sənətin və ədəbiyyatın tətbiqi, estetik yönlərində bu yamsılamanı da bacarmırıq. İndi qayıdıram sualınıza və cavab verirəm: ədəbiyyatın xalqın, daha az pafosla desəm insanın formalaşmasında rolu əvəzolunmazdır. Bu iki üz-üzə oturan adamın bir-birinə təsiri qədərdir, bəlkə də güzgü qarşısında oturan adamın özünə reaksiyası kimidir. - Qərbdə hansısa maraqlı əsər yazılanda cəmiyyətdə tərəfindən böyük rezonansla qarşılanır. Yaxşı, mənada əsər səs sala bilir. Ədəbiyyatımızda nə vaxtsa belə əsərlər yazılacaqmı? - Fikrimcə, bizdə ciddi əsərlər yazılır. Ola bilsin ki, estetik planda onların əskiyi çoxdu. Amma onların təbliği metodları, infrastrukturu yoxdur. Təhsil və media barədə isə danışdıq. Bir də hesab edirəm ki, bizim ən ciddi düşmənimiz fərqində olmadığımız, etik bazisdən məhrum vərdişlərimizdi. - Bəzən eşidik ki, bizdə ədəbiyyat içtimai-siyasi və sosial-mədəni proseslərə təsir imkanlarını itirib. Bu, fikirlərlə razılaşırsınızmı? - Əgər ədəbiyyat insana təsir imkanını itiribsə, yaxud müxtəlif səbəblərdən ona gedib çatmırsa,demək ki, insanla bağlı bütün proseslərə təsir imkanını itirib, yaxud azaldıb. Bunun belə olub olmadığını isə hər kəs öz-özü üçün müəyyənləşdirsin. Şəxsən bu problem mənim maraq dairəm də deyil. -Akademik Ramiz Mehdiyevin məlum məqaləsində toxunduğu amillərdən biridə, yazarlarımız müstəqillikdən sonra cərəyan edən əhəmiyyətli siyasi-iqtisadi və mədəni hadisələri (beynelxalq sazişlər, regional iri iqtisadi layihələr, dövlət çevrilişləri və s.) əsərlərinə gətirmirlər. - Nəsr, özü də spesifik nəsr bunu edə də bilər, etməyə də. Məsələ necə etməkdədi ki, bu da bütövlükdə ədəbiyyatın ən vacıb sualıdı. Amma mən şairəm, ədəbiyyat cəmiyyət münasibətlərini bir başqa cür görürəm. - Cəmiyyətimizdə ən çox narahat edici faktorlardan biridə kitab oxuyanlarının sayının azalmasıdır. Məsələn, ən çox çıxan kitabın tiraj sayı 500 keçmir. Hansı, addımları atmaq lazımdır ki, insanlarımızda kitab oxumağa maraq yaransın. - Təhsil...təhsil...təhsil... sonra nəşriyyat-poliqrafik institutlar, münbit təşkilati və yayım münasibətləri formalaşdıqca məsələ yerini tutacaq məncə... - Səlim bəy, bir yazar olaraq Dağlıq Qarabağ məsələsi ilə bağlı fikirləriniz bilmək maraqlı olardı. Münaqişə bu il həll oluna bilərmi? -Amerikan şairlərindən biri deyirdi ki,əgər bugün yazdığım şeirdə “yağacaq yağış” yazıramsa və sabah doğurdan da yağış yağırsa, heç kim mənim bunu niyə yazdığımın fərqində olmur, halbuki, mən qarğış sözünə qafiyə tutmuşdum. Üstəgəl, mən beynəlxalq ictimaiyyət anlayışına, inanmıram...Və bilirəm ki, donuza dayı deməklə darıdan cıxmaz. Bu isə Elnur, yəqin bilirsiz, əsrlərin sınağından çıxmış şifahi xalq ədəbiyyatıdı. - Sonda, Sizə öz təşəkkürümüzü bildiririk suallarımızı cavablandırdığınıza görə və gələcək yaradıcılıq işlərinizdə uğurlar arzu edirik. Söhbətləşdi: Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar