SON XƏBƏRLƏR

Vaşinqton_Tehran arasında müharibə ehtimalı artır

2021.10.20, 07:36
Vaşinqton_Tehran arasında müharibə ehtimalı artır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "musavat"-a istinadən yaydığı məlumata görə, Amerika silahlı qüvvələrinin Qərargah Rəisləri Komitəsinin rəhbəri, ordu admiralı Maykl Müllen Vaşinqtondakı çıxışında bəyan edib ki, Birləşmiş Ştatlar İrana qarşı mümkün hərbi əməliyyatlar üçün hazırlıqlara başlayıb. Müllen bildirib ki, əslində ABŞ )Amerika Birləşmiş Ştatlar)İranla hərbi qarşıdurmada maraqlı deyil və bu ölkənin nüvə fəaliyyətləri ilə bağlı gərginliyin diplomatik yolla aradan qaldırılmasına səy göstərir. Lakin ABŞ ən pis ssenariyə-İrana qarşı hərbi əməliyyatlara da hazırdır. “Bizdən asılı olan hər şeyi etməyə çalışdıq ki, münaqişə diplomatik danışıqlar çərçivəsindən kənara çıxmasın, lakin eyni zamanda biz başa düşürük ki, hər şeyə hazır olmaq lazımdır” deyə, Müllen bildirib. Amerika ordusunun komandanı etiraf edib ki, ABŞ-ın İraq və Əfqanıstandakı hərbi əməliyyatlara cəlb edilməsi İrana qarşı mümkün hücum əməliyyatlarını planlaşdırmaqda çətinliklər törədir. Bununla belə, ABŞ-ın Hərbi Hava və Dəniz Qüvvələri sərbəstdir, bu qüvvələrin köməyi ilə Amerika İranın nüvə obyektlərinə hava zərbələri həyata keçirmək iqtidarındadır. Müllen qeyd edib ki, mümkün hərbi əməliyyatlar zamanı quru qoşunlarının İran ərazisinə daxil olması ehtimalı olduqca azdır. Amerika ordusunun komandanı onu da qeyd edib ki, İrana qarşı mümkün hərbi əməliyyatlar Yaxın Şərqdə qeyri-stabilliyə səbəb olacaq və arzuolunmayan nəticələr doğuracaq. Bu səbəbdən ABŞ diplomatiyanın imkanlarından sonadək istifadə etməyə çalışır. Lakin Tehran onu da bilməlidir ki, ABŞ onun nüvə silahı əldə etməsinə göz yummaq fikrində deyil. “Nüvə silahına malik İran da Yaxın Şərq və dünya üçün böyük təhlükədir, eyni zamanda İrana qarşı hərbi əməliyyatlar riskli addım olardı. Ancaq biz bu iki təhlükəli variantın daha az təhlükəli olanını seçməliyik” deyə, admiral vurğulayıb. Qeyd edək ki, ABŞ BMT-dən İrana qarşı yeni sanksiyaların tətbiqinə çalışır, Tehran nüvə danışıqlarından faktiki olaraq çıxıb və beynəlxalq birliyin şərtlərini qəbul etməyib. Hakimiyyətə gələndə İran məsələsini danışıqlar yolu ilə həll etməyə çalışacağını bəyan edən prezident Barak Obama isə Tehranın nüvə fəaliyyətlərini artırması və danışıqların heç bir nəticə verməməsi üzündən müxalifət tərəfindən həddən artıq yumşaq davranmaqda günahlandırılırdı. Belə görünür ki, ABŞ İrana qarşı qəfil zərbə endirməyə hər an hazır olmağa çalışır.Bu arada 2010-cu ildə Yaxın Şərqdə vəziyyətin kritik ölçülərdə pisləşəcəyinə dair yeni xəbərlər gəlir. Ərəb mətbuatının məlumatlarına görə İsrail Livanın cənubunda mənzillənmiş “Hizbullah” qruplaşmasına qarşı yeni əməliyyatlara hazırlaşır. Bildirilir ki, artıq “Hizbullah” kəşfiyyatı İsrailin Livana qarşı yeni hərbi əməliyyatlara dair planını əldə edib. Məlumata görə, ötən həftə Vaşinqtonda səfərdə olan Livan prezidenti Mişel Süleymana ultimatum verilib və ondan tələb edilib ki, “Hizbullah” ölkə ərazisindən çıxarılsın. ABŞ vitse-prezidenti Cozef Bayden Mişel Süleymana bildirib ki, əgər Livan “Hizbullah” probleminin məqbul həllini tapa bilməsə o zaman Birləşmiş Ştatlar İsrailin bu ölkəyə qarşı yeni hücumlarını dəstəkləyəcək. Özü də bu dəfə İsrail Livana müdaxilə etməklə kifayətlənməyəcək, Beyruta qədər irəliləyəcək və “Hizbullah” infrastrukturunu tam məhv edəcək. Gözlənilir ki, eyni vaxtda İsrail Fələstinin Qəzza zolağına nəzarət edən “Həmas” qruplaşmasına qarşı da yeni hücumlara başlayacaq. “Hizbullah” və “Həmas”ın zərərsizləşdirilməsi İrana qarşı hücum əməliyyatlarının yolunu açmaq üçün nəzərdə tutulur. Belə ki, İran ABŞ və ya İsrailin mümkün hücumları halında bu təşkilatların əli ilə cavab zərbələri endirməyə hazırlaşır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar