SON XƏBƏRLƏR

Qarabağ erməniləri ilə Ermənistanlı ermənilərin münasibəti gərgindir

2021.10.20, 07:36
Qarabağ erməniləri ilə Ermənistanlı ermənilərin münasibəti gərgindir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzi MN Mətbuat Xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlunun "ans"-ə verdiyi müsahibəni olduğu kimi təqdim edir. - Ermənistan prezidenti Serj Sarkisyanın hərbçilərlə görüşünü nə ilə izah edərdiniz?Bunu bəzi KİV-lər Ermənistanın müharibəyə hazırlaşması ilə əlaqələndirirlər. Ancaq həqiqət belə deyil. Yəqin ki, bir narahatlıq olmasaydı, bu formatda görüşü bayram günlərindən sonra da keçirmək mümkün idi. Görünən odur ki, vəziyyət qənaətbəxş deyil. Ordunu cilovlamaq, burada baş verən ciddi problemləri dəf etmək üçün hərbçilərlə fikir mübadiləsinə ehtiyac duyulub. İndi Ermənistanın silahlı qüvvələrində doğrudan bir böhran yaşanır. Bu artıq neçə illərdir ki, kəskinləşə-kəskinləşə gedir. Dövlət səviyyəsində tədbirlərin isə əhəmiyyətli nəticəsi ortada yoxdur. Çünki elə həssas məsələlər mövcuddur ki, onları bürokratik qərarlarla aradan qaldırmaq çox çətin olur, bəzən isə tamamilə müşkülə çevrilir. - Həssas məsələ deyərkən nəyi nəzərdə tutursunuz?Burada çox amillər var. Əsasən daxili vəziyyətin yaratdığı təsirlərin rolu daha çox nəzərə çarpır. İndi Ermənistanda yerli və qarabağlı ermənilərlə münasibət böyük bir bəlaya çevrilib. Bunun tarixi xeyli əvvəllərə gedib çıxır. Karen Dəmirçiyanın Ermənistana rəhbər olduğu dövrlərdə qarabağlı ermənilərə demək olar ki, dövlət və hökumət səviyyələrində yer verilmirdi. Gözdən pərdə asmaq üçün müəyyən güzəştlər olurdu. Əslən Leninakan tərəfdən (indiki Gümrü) olan Dəmirçiyan qarabağlıları yaxşı tanıdığından onlara o dərəcədə inanmırdı. Elə başa düşülməsin ki, mən hardasa Dəmirçiyana haqq qazandırıram. Əslində Azərbaycana qarşı başlanan alçaq siyasətin ilk təməlini qoyanlardan biri odur. Heç bir fərqi yoxdur: istər qarabağlı, istərsə də yerli erməni olsun - onların hər ikisi də Azərbaycana eyni dərəcədə düşmən münasibət bəsləyən toplumlardır. Əlqərəz, bununla barışmayan qarabağlılar Dəmirçiyanla haqq-hesablarını sürməkdən bir an belə dayanmadılar. Sonuc da bəllidir. Düşmənçilik hissi o həddə gəlib çatdı ki, parlamentin iclasındaca Dəmirçiyan Robert Köçəryanın və indiki prezident Sarkisyanın fitfası ilə öldürüldü. Çünki onlar Dəmirçiyanın yenidən hakimiyyətə qayıtmasından çox qorxurdular. Bu planın ideya müəllifləri başqa dairələr olsa da, qarabağlı ermənilər tərəfindən böyük sevinclə həyata keçirildi.Hazırda ovuc böyda qarabağlı Ermənistanda yerli ermənilərə «göz verib, işıq vermirlər». Dəmirçiyanın vaxtilə yaratdığı xofu onlar daha amansız şəkildə davam etdirirlər. Bu münasibət demək olar ki, bütün dövlət strukturlarına hörümçək toru kimi sirayət edib. Orduda da bu şəbəkə daha geniş forma alıb. Müdafiə Nazirliyinin rəhbərliyi, quruma daxil olan baş idarə rəislərinin böyük hissəsi əslən Dağlıq Qarabağ ermənilərindən ibarətdir. Hərbi hissə komandirlərinin əksəriyyəti də oradandır. Əsgərlərə münasibətdə də həmin meyl özünü açıq-aşkar göstərir. Ermənistanda valideynlər var-yoxlarından olurlar ki, təki övladları Dağlıq Qarabağda hərbi xidmətə düşməsinlər. Orada gəlmə əsgərlərə münasibət olduqca pisdir. Son illər Azərbaycana əsir düşən erməni əsgərlərinin çoxu Ermənistan əsillidir. Zorakılığa, ayrı-seçkiliyə və qeyri-insani münasibətə dözməyərək könüllü əsir düşmələrini özləri etiraf edirlər. Qısaca mənzərə belədir.- Ermənistanın ümumi ordu potensialını necə qiymətləndirə bilərsiniz, buna dair başqa bilgiləriniz varmı? Onlar problemləri çox vaxt ört-basdır etməyə çalışırlar. Lakin bu yarımtaktika tez bir zamanda faş olur. Bayaq söylədim ki, Ermənistanda olduqca kəskin vəziyyət hökm sürür. Mən bunu göydən götürməmişəm. Beynəlxalq institutların verdikləri proqnozlar özünü doğrultmaqdadır. Artıq bunu öz mənbələri də etiraf etməyə başlayıblar. İqtisadiyyatda, sosial sahədə baş qaldıran ağır problemlər orduya öz ciddi təsirini göstərib. Bu, başqa cür də ola bilməz. Bir neçə dəfə qeyd etmişəm, indi də deməyi lüzümlü hesab edirəm - dünyada elə bir təcrübə yorxdur ki, iqtisadiyyatı çökmüş olan dövlətin ordusu güclü olsun. Ermənistan buna ən parlaq nümunə ola bilər. İndi orada bütün infırastuktura demək olar ki, tam dağınıq vəziyyətdədir. Bir neçə fabrik-zavod işləyir ki, onların da sahibkarlığı qeyri-ermənilərə məxsusdur. Gəlin özlərinin elan etdikləri bir neçə faktda da diqqət yetirək. Ermənistanın Əmək və Sosial Müdafiə Nazirliyi demoqrafiya idarəsinin yaydığı məlumatda bildirilir ki, 1988-ci ildən bu yana ölkəni 1,5 milyona yaxın vətəndaş tərk edib. Nazirlik bunun səbəbini müharibə və blokada şəraitinin mövcudluğu ilə izah edir. Məlumatda o da qeyd olunur ki, ölkədə ölümlərin sayı durmadan artır, nikahlar sürətlə aşağı düşür. Nazirliyin proqnozuna görə gələn il məktəb şagirdlərinin sayının 20 minə yaxın azalacağı gözlənilir. Buna görə də 2010-cu ilin dövlət büdcəsində təhsilə ayrılan vəsait 24,7 faiz azaldılıb. Göründüyü kimi, Ermənistan demoqrafik vəziyyətinə görə fəlakətlə üz-üzə dayanıb. Bütün bunlar şübhəsiz ki, Ermənistan ordusundan yan keçə bilməzdi, orduda baş qaldıran mənfi təsirlər getdikcə dərinləşməkdədir. Hazırda ölkə hərbi çağırışla bağlı böyük problemlə qarşılaşıb. İnsan resursu çatmadığından Ermənistan Müdafiə Nazirliyi cəbhə xəttində bir neçə hərbi hissəni komplektləşdirə bilməyib. Vəziyyətin heç də asan olmadığı göz qabağındadır. Bu gərginliyi bir az da gücləndirən ötən ilin mart ayının 1-də ordunun vətəndaşların üzərinə yeridilməsi oldu. Qanlı olayda 30-a yaxın dinc vətəndaş öldürüldü, yüzlərlə mitinq iştirakçısı ağır yaralandı. Hazırda bu və digər səbəblərə görə erməni xalqının içərisində orduya böyük nifrət dalğası baş qaldırıb. Müşahidələrə əsasən deyə bilərəm ki, indiki kəskin münasibət Ermənistanda heç vaxt özünü belə qabarıq şəkildə göstərməmişdi. Ölkə rəhbərliyi bundan çox ehtiyat edir, nə qədər çalışsa da vəziyyəti normal məcraya yönəldə bilmir. «Armenia today» İnformasiya Agentliyinə müsahibəsində Ermənistanın keçmiş müdafiə naziri Harutyunyan da ordu ilə xalq arasında hökm sürən uçurumdan narahatlığını bildirib və belə vəziyyəti yaratdığına görə ölkə rəhbərliyini ittiham edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar