SON XƏBƏRLƏR

Novruz Novruzov: Rusiyadan ədalətli mövqe yox, strateji tərəfdaşlıq gözləmək olar (MÜSAHİBƏ)

2021.10.20, 07:36
Novruz Novruzov: Rusiyadan ədalətli mövqe yox, strateji tərəfdaşlıq gözləmək olar (MÜSAHİBƏ)

Gunaz.tv
Bəzi ekspertlər bu il Dağlıq Qarabağ ətrafında danışıqların sürətlənəcəyini və münaqişənin həllində irəlləyişlərin olacağını proqnozlaşdırırlar. Ümümiyyətlə, 2010-cu ildə münaqişənin çözülməsində irəlləyiş gözlənilirmi, xüsusilə Rusiya-Azərbaycan münasibətlərinin inkişafı münaqişənin həllinə kömək edə bilərmi? GÜNAZ.TV Mətbuat Xidmətinin xüsusi müxbiri ilə söhbətdə səslənən bu fikirlərə müstəqil siyasi ekspert Novruz Novruzov öz mülahizələrini əlavə etdi. -Novruz müəllim, bu il münaqişənin həllində irəlləyiş gözlənilirmi? -Minsk Qrupunun süni fəallığı fonunda uzun illər dondurulmuş şəkildə saxlanılan münaqişənin əsaslı həlli gündəmdə görünmür. Qarabağ münaqişəsinin əsas əzabkeşi və ziyan çəkəni Azərbaycandır. Torpağımız da gedib, onun üzərində əsrlər boyu yaratdığımız iqtisadi və mədəni sərvətimiz də, son 20 ildə ondan əldə edə bilcəyimiz var-dövlət də. Çəkdiyimiz mənəvi təbəddülatları da üstünə gəlsək hesabı bilinməyən bir varidat alınar. Bu gün münaqişə üzərində böhranın artıq kulminasiya nöqtəsini yaşayırıq. Çünki, onun sülh yolu ilə həlli üçün gərəkən “səbr limiti” tükənibdir. Ötən il keçirilmiş görüşlər, baş tutan danışıqlar prosesini diqqətlə izləsək görərik ki, MQ adlı qurumun fəaliyyəti sıfıra enib. İndi dövlətlər öz başçıları ilə meydandadır. Bu da “Ya sülh, ya müharibə” formulu üzrə seçim gününün yaxınlaşdığını xəbər verir. Azərbaycan prezidentinin son bəyanatları da məhz bu tükənmənin təzahürüdür. Bu yolda qəti qərarlar verməyin vaxtı çatıb. Tam olmasa da müəyyən ümidlər var ki, Azərbaycan tərəfi mövqeyini dəqiqləşdirmək və sərtləşdirməklə işğal edilmiş ərazinin bir hissəsini azad etməyə nail olsun. Ancaq bütün hallarda region üzərində ABŞ və Rusiya arasında gedən “nüfuz müharibəsi”nin gedişindən asılı olacaqdır. Torpaqlarımızın tam azad olunması isə bu il baş verməyəcək. -Hazırkı prosesdə beynəlxalq müstəvidə aparılan danışıqlar Azərbaycanın maraqlarına cavab verirmi? -Xeyr, cavab vermir. Ayrı cür də ola bilməz. Hər bir ölkə özünə sərf edən siyasət yeridir. Azərbaycanın marağına yalnız Azərbaycanın apardığı siyasət cavab verə bilər. Bu fikir ölkə başçısının son çıxışlarından birində dediyi “Dağlıq Qarabağda əhali muxtariyyət halında yaşayacaqdır” ifadəsi ilə tamamlanır və məncə, münaqişənin həllində ən optimal variantdır. -Azərbaycan–Rusiya arasında son vaxtlar əlaqələr yüksələn xəttlə inkişaf edir. Hətta, Rusiyanın təhlükəsizlik konsepsiyasında Azərbaycan strateji tərəfdaş kimi qeyd edilib. Bu faktorlara əsasən Rusiyadan münaqişənin həllində ədalətli mövqe gözləməyinə dəyərmi? -Rusiyadan ədalətli mövqe yox, müəyyən mənada onun maraqlarına cavab verən strateji tərəfdaşlıq gözləmək olar. Rusiyaya Azərbaycan yox, ərazisindən və coğrafiyasından istənilən kimi istifadə etməyə, lazım gələrsə qurban verməyə forpost lazımdır. Bu da ki, Ermənistandır. Ancaq məsələ burasındadır ki, indi ABŞ-la Rusiya arasında gedən Qafqaz uğrunda siyasi savaşın orbitinə Ermənistan çıxmışdır. Bu gizli deyildir ki, nökərlər öz ağalarına həmişə gizli nifrət bəsləyirlər və bu mənada ermənilər Kreml üçün potensial düşməndirlər. Qərb də bu amildən möhkəm yapışaraq Ermənistanı Rusiyadan qoparmaq eşqinə düşüb. Sərbəst iqtisadiyyata və müstəqilliyə malik olmayan Ermənistan indi dilemma qarşısındadəır: Qərbin himayəsinə sığınıb daha çox müstəqillik əldə etməli, yoxsa Azərbaycana ərazi iddiaları sayəsində Rusiya forpostluğunu saxlamalı. Bu arada deyəsən Ermənistanda başa düşməyə başlayıblar ki, Qarabağı heç vaxt əldə edə bilməyəcəklər. Nə Qərb bu işdə onlara yardım edə biləcək, nə də Rusiya, özlərinin isə sadəcə gücləri çatmayacaq. Məncə, Mockvada da artıq fikirləşməyə başlayıblar ki, onlara gələcəyi olmayan forpost lazımdır, yoxsa sərhədləri boyu səpələnmiş Türk dövlətləri qrupunda yer alan varlı Azərbaycanla dostluq əlaqələri, yaxud strateji tərəfdaşlıq. -Sonuncu sualımız Türkiyə-Ermənistan münasibətləri ilə bağlıdır. Bu il Amerika dövləti Türkiyə dövlətinə Ermənistanla sərhədlərin açılması üçün, təzyiqlərini gücləndirə bilərmi? -Təzyiq olacaq, amma o qədər də ciddi yox. Əks halda ABŞ Türkiyəni özündən uzaqlaşdırmış olar. Halbuki, indi Amerikaya Şərq tərəfdaşlığı proqramını həyata keçirmək üçün ciddi dayaqlar lazımdır. Bölgədə Türkiyədən güclü dövlət yoxdur. Üstəlik, İraqda sabitliyin nə vaxt bərqərar olacağı sual altındadır, Əfqanıstanda müharıbə gedir, İranla siyasi didişmələr gündən-günə güclənir. Guya ABŞ-ın yanında olan Avropa enerji resurslarına görə Rusiyaya yalmanır və hər an iqtisadi xəyanətdə buluna bilər. Ən başlıcası isə dünya iqtisadi böhranının siyasətə və ölkələr arasındakı münasibətlərə nə kimi sürprizlər bəxş edəcəyi məlum deyil. Bütün bunları nəzərə alsaq, deyə bilərik ki, Amerika istəsə belə Türkiyəyə ciddi təzyiq etmək imkanına malik olmayacaqdır. Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar