SON XƏBƏRLƏR

artıq Top Tehranın meydanındadır...

2021.10.20, 07:36
artıq Top Tehranın meydanındadır...

Gunaz.tv
"Uranın Türkiyədə zənginləşdirilməsi mümkündür" ABŞ-ın İrana verdiyi ultimatumun müddəti başa çatıb. Yada salaq ki, ABŞ prezidenti Barak Obama rəsmi Tehranın nüvə proqramı probleminin həlli üçün yeni təşəbbüsə yanvarın 2-dək cavab verməli olduğunu bildirmişdi. Av Evin məqsədi uranın zənginləşdirilməsi üçün Rusiyaya, oradan isə Fransaya göndərilməsinə nail olmaqdır. Fransada isə Tehrandakı elmi nüvə reaktoru üçün xammal hazırlanmalıdır. Bu planı 2009-cu ildə nüvə probleminin nizamlanmasıyla məşğul olan "Altılıq" ölkələri hazırlayıb. Ağa Cəfərli Tehranın bu şərtlərlə razılaşmaması yaxın günlərdə aranın qarışa biləcəyini demək üçün əsas verir. O da nəzərə alınmalıdır ki, İran Qərb dövlətlərinə ultimatum göndərərək öz ərazisində uranın zənginləşdirilməsilə məşğul olacağını, heç kimin bu işlərə qarışmaq ixtiyarının olmadığını bəyanlayıb. Bundan sonra proseslərin hansı istiqamətdə inkişaf edəcəyilə bağlı fikirlərini öyrəndiyimiz "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, Qərb artıq topu İranın meydançasına atıb: "Neçə dəfə İrana təkliflər verilib ki, indiki gərgin vəziyyətdən yaxa qurtarmaq mümkün olsun. Yada salmaq istəyirəm ki, Rusiya və Fransada uranı zənginləşdirmək təklifilə yanaşı, Türkiyə variantı da irəli sürülmüşdü. Deyilmişdi ki, əgər İran Rusiya və Fransaya inanmırsa, molla rejiminin yaxın olduğu, dost adlandırdığı Türkiyədə bu iş həyata keçirilə bilər. Ancaq bundan imtina edildi. Artıq İrandan Qərb dövlətlərinə ultimatum da ünvanlanıb ki, öz ərazilərində bu işlərlə məşğuldur və heç bir dövlət onun çalışmalarına mane ola bilməz. Bu isə o deməkdir ki, beynəlxalq aləmdə İranın nüvə proqramıyla bağlı gərginlik yaxın vaxtlarda səngiməyəcək, əksinə, yüksələn xətt üzrə davam edəcək. İndiki halda gözlənilən odur ki, məsələ BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılacaq. Burada bir maraqlı məqam var. Bilirsiniz ki, ABŞ vaxtilə Çexiya və Polşada raketdən müdafiə sistemini yeniləşdirmək istəyirdi. Nəticədə ABŞ-la Rusiya arasındakı münasibətlər həddindən artıq gərginləşmişdi. Amma yeni prezident Barak Obama raketdən müdafiə sistemindən imtina etməklə faktiki olaraq Rusiya ilə ABŞ-ın münasibətlərinin yaxşılaşmasına nail ola bildi. Bunun müqabilində isə Rusiya ABŞ-a İran məsələsində dəstək vədi verdi. ABŞ eyni dəstəyi Çindən də almağa çalışdı. Çünki Təhlükəsizlik Şurasının 5 üzvündən ikisi-Rusiya və Çin İranın tərəfdarı kimi tanınır. Bu günə qədər belə təəssürat yaranırdı ki, artıq ABŞ İrana sanksiyaların tətbiqi məsələsində Rusiya və Çinin razılığını alıb. Amma son günlərdə açıq görsənir ki, Rusiya öz vədinə xilaf çıxıb. Çinin də İrana dəstək olacağı gözlənilir, nəzərə almaq lazımdır ki, iki dövlət arasında enerji layihələrinin həyata keçirilməsilə bağlı müqavilələr imzalanıb. Bir sözlə, Çin İrana qarşı sanksiyaların tətbiqində yox, onlarla əməkdaşlıqda maraqlıdır. Deməli, ABŞ Təhlükəsizlik Şurasında müzakirə zamanı da çətinliklərlə üzləşəcək. Ola bilsin ki, İran da fikir ayrılığının yaranmasından istifadə edərək Qərb dövlətlərilə bu cür rəftar edir, onlara ultimatum göndərir. Ümumiyyətlə, görünən odur ki, məsələni diplomatik müstəvidə həll etmək çətin olacaq. Ona görə də düşünürəm ki, indiki şəraitdə İrana qarşı hərbi ritorika güclənə bilər. Bu zaman İran diplomatiyası özünü necə aparacaq, bu mənim üçün böyük sualdır. İran bir az dalana dirənəndə özünü güzəştə gedəcəkmiş kimi göstərməyə başlayır. Məncə, vəziyyət gərginləşsə yenə də Türkiyə variantı aktuallaşacaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar