SON XƏBƏRLƏR

İran 10 illərdir ki Güney Azərbaycanla bağlı dəyişməz siyasət aparır

2021.10.20, 07:36
İran 10 illərdir ki Güney Azərbaycanla bağlı dəyişməz siyasət aparır

Gunaz.tv
Zahid Oruc: "Bu ölkədə yaşayan azərbaycanlılara münasibətdə on illərdir ki, dəyişilməz siyasət yürüdülür" "Azərbaycanlılar İranda təhsil hüquqlarını gerçəkləşdirə bilmirlər" Milli Məclisin deputatı Zahid Oruc İranda azərbaycanlıların və başqa etnik qrupların konstitusion hüquqları və hazırda ölkə miqyasında davam etməkdə olan siyasi mübarizə barədə suallara cavab verib. O bildirib ki, İranda yaşayan azərbaycanlıların digər etnik qruplar kimi dövlətdən öz hüquqlarının həyata keçirilməsilə əlaqədar narazılıqları var: Turqut "Bu hüquqların reallaşdırılmadığını bir yaxın qonşu olaraq biz görməkdəyik. Çünki oradan Azərbaycana gələn çoxsaylı insan var və İrandakı daxili vəziyyət barədə yetərli məlumat alırıq. İkincisi isə İranın daxili vəziyyətini son prezident seçkiləri özündə çox yaxşı əks etdirdi. Bəlli oldu ki, bu insanların ən adi siyasi haqlarını gerçəkləşdirməsini İran hakimiyyəti süngüylə qarşılayır. Bunun özü təsdiqlədi ki, İran daxili durumuna görə, xeyli dərəcədə insan haqlarını pozan və bu məsələ üzrə hər il dünyada ön yerə çıxan bir ölkədir. İran öz xalqının adi haqlarını belə verməkdə çətinlik çəkir". Zahid Oruc deyib ki, İran Konstitusiyasıyla etnik qruplara verilən öz dilində təhsil hüququ kimi haqlar təmin olunmur: "Orada yaşayan azərbaycanlılara münasibətdə İranın on illərdir ki, dəyişilməz bir siyasəti yürüdülür. Hakim rejim həmişə hesab edib ki, bu xalqlar özlərinin tarixi milli hüquqlarını nə qədər hiss etsələr, bu planda daha kəskin mübarizələrini, haqlarını gerçəkləşdirmək uğrunda fəaliyyətlərini ortalığa qoyacaq. Azərbaycanlılar İranda təhsil hüquqlarını gerçəkləşdirə bilmir və təhsil siyasəti bir ayrıseçkilik növüdür ki, bu insanlar nə qədər savadsız olsalar, o qədər molla siyasətinin əlinin altında qalacaqlar. Eyni zamanda onların ədəbi dərgilərin nəşri, ədəbi nümunələrini nümayiş etdirmə və digər ifadə azadlıqlarını reallaşdırması imkanı büsbütün yasaqlarla müşayiət olunur". Onun sözlərinə görə, İranda azərbaycanlılar yüksək vəzifələr də tutublar: "Misal üçün İranın ali dini rəhbəri azərbaycanlıdır, prezident seçkilərindəki ən güclü namizədlərdən biri və indi də müxalifətdəki ən güclü rəhbər olan Mirhüseyn Musəvi azərbaycanlıdır. Parlamentdə çoxlu azərbaycanlı millət vəkili var. Ancaq tarix özü hər şeyə izah verir. İmperiyalar və ya qəsbkar rejimlər idarəçiliyin ən mühüm alətini həm də belə vasitələrlə qurublar. SSRİ bir imperiya olaraq azərbaycanlıların parlamentdə seçilmək, SSRİ azərbaycanlılara Ali Sovetin üzvü olmaq və s. kimi imtiyazlardan yararlanmaq hüququnu tamam yasaqlamamışdı ki? Hətta SSRİ-nin Konstitusiyasında demokratikləşmə, demokratik hüquqlar və s. müddəaları da öz ifadəsini tapmışdı. Respublikaların SSRİ-dən ayrılması müddəası da mövcud idi. Amma onun alt qatında ele maneələr yaradılmışdı ki, istənilən bir qüvvəni neytrallaşdırmaq imkanları vardı. İranda da bu cürdür. Həmin vəzifələrdəki azərbaycanlılar İranın bu total mahiyyətini saxlamaq istəyənlərdən daha pis şəkildə anti-Azərbaycan mövqeyi tuta bilirlər. Onların bəzi nümayəndələri Azərbaycan parlamentinə gələndə və ya müxtəlif beynəlxalq tədbirlərdə olanda mövqelərinə baxmışam. Onlar geosiyasət haqda düşüncələrindən tutmuş, region və daxili vəziyyətə kimi düşüncələrindən asılı olaraq bir sıra hallarda başqa bir formada seçilirlər". Zahid Oruc vurğulayıb ki, İrandakı başqa etnik qruplarla bir yerdə azərbaycanlılar da öz hüquqları uğrunda mübarizə aparırlar: "Bildiyiniz kimi, bu mübarizə hələ də ölkə miqyasında, hətta etnik mənsubiyyətdən asılı olmayaraq davam edir, toqquşmalar baş verir, insanlar həbs edilir və bəzi mənbələrin bildirdiklərinə, eləcə də şahid ifadələrinə görə bəzi hallarda işgəncəyə məruz qalır. Hesab edirəm ki, inqilabların, sosial toqquşmaların və digər dövlət-vətəndaş münasibətlərindəki konfliktlərin tarixi təcrübəsi təsdiqləyir ki, süngü üzərində hakimiyyəti uzun onilliklər mümkün olsa da, bunu yüzilliklər ərzində reallaşdırmaq çox çətin olur. Bunun üçün beynəlxalq və daxili zəmin bir-birilə uzlaşmalıdır. SSRİ-nin dağılmasını buna nümunə göstərmək olar. Hesab edirəm ki, İranda, xüsusilə də son prezident seçkilərindən sonra rejimin mahiyyəti daha artıq dərəcədə kəskinləşəcək. Amma gələcək dövrdə məsələyə beynəlxalq istəklər gücləndikcə İran indiki vəziyyətindən çıxacaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar