SON XƏBƏRLƏR

İranda girov kimi saxlanılan Azərbaycanlı alim Rəşid Əliyevin məsələsi Avropa Şurasına qaldırılacaq

2021.10.20, 07:36
İranda girov kimi saxlanılan Azərbaycanlı alim Rəşid Əliyevin məsələsi Avropa Şurasına qaldırılacaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "Musavat"-a istinadən yaydığı məlumata görə, Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun “Bioloji sistemlər fizikası” laboratoriyasının aparıcı elmi işçisi Rəşid Əliyev 15 aydır ki, İranda həbsdədir. Xatırladaq ki, R.Əliyev İranın “Sazan Electronics İndustry Company” şirkətinin dəvəti ilə və BDU rəhbərliyinin razılığı əsasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Semnan şəhərinə gedib və 2006-2008-ci illərdə adıçəkilən şirkətlə əməkdaşlıq edib. Şirkət rəhbərliyi R.Əliyevə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif ünvanlasa da o, bunu qəbul etməyib. Şirkətin prezidenti Abbas Eftexarinin təkidli xahişindən sonra R.Əliyev sonuncu dəfə ötən il oktyabrın 5-də İrana qısamüddətli səfərə gedib. Bir gün sonra isə polis R.Əliyevin viza ilə bağlı problemi olduğunu bəhanə gətirərək onu həbs edib. Alimin həbsinin səbəblərinin araşdırılması və onun azadlığa buraxılması ilə bağlı İrandakı əlaqədar qurumlara məktublar göndərilsə də hələlik bir nəticə əldə olunmayıb. Hüquq müdafiəçisi Çingiz Qənizadənin R.Əliyevlə görüş barədə İranın Azərbaycandakı səfirliyinə müraciətinə də müsbət cavab verilməyib: “Öncə səfirliyə məktubla müraciət etdik. Mənə bildirildi ki, İrana getməyimiz üçün sənədləri hazırlaya bilərlər. Amma cavab məni qane etmədi, ona görə də görüş istədim. Görüşümüz baş tutdu. Səfir mənə dedi ki, müvafiq orqanlarla əlaqə saxlayacaq, İranda kim tərəfindən qarşılanacağımız haqda da məlumat veriləcək. O görüşdən xeyli müddət keçsə də müsbət cavab almamışıq”. Azərbaycan xarici işlər nazirinin İrana səfəri ərəfəsində səfirliyə yenidən müraciət edən Ç.Qənizadə səfirlə danışa bilməyib: “Sonra da İranda baş verən hadisələr mənim zənglərimi dayandırdı. Bu ərəfədə İrana səfər etmək niyyətində deyiləm. Çünki Tehranda nələr baş verdiyini görürəm. On gündən artıqdır ki, səfirliklə əlaqə saxlamamışam. Amma sabah (bu gün-red.) çalışacağam ki, səfirliyin nümayəndəsi ilə əlaqə saxlayıb konkret cavab alım. Nəticə haqda mətbuata məlumat verəcəyəm”. Ç.Qənizadənin sözlərinə görə, prosesin indiyə qədər ləngiməsi onu göstərir ki, onun İrana gedib azərbaycanlı alimlə görüşməsinə o qədər maraq göstərilməyib: “Müraciətimizə baxılmasa, işimiz çətin olacaq. Çünki İran beynəlxalq təşkilatların çağırışlarına özünəməxsus qaydada cavab verir. Amma bir qrup hüquq müdafiəçisinin alimin müdafiəsinə qalxmasını təşkil edə bilərik. Yanvarın 20-dən 25-dək Avropa Şurasına səfərimiz nəzərdə tutulur. Çalışacağıq ki, bu məsələni orda qaldıraq və görüş tələbləri qoyaq. İran bu qurumun üzvü olmasa da beynəlxalq təşkilatlar zaman-zaman orada baş verən məsələlərə münasibət bildirib. Amma İran bir qrup dövlət və qurumlarla qarşı-qarşıya durduğu üçün onun az səlahiyyətləri olan hüquq müdafiəçilərinin çağırışına nə cavab verəcəyini deyə bilmərəm. Bütün hallarda İran insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların saxlanılan şəxslə görüşməsi və onun həbsinin səbəblərinin araşdırılmasına şərait yaratmalıdır. Bu, həm şəriət, həm də beynəlxalq hüquq normalarından irəli gələn tələbdir”. Ç.Qənizadə onu da əlavə etdi ki, Tehrandan müraciətlərinə “yox” cavabı verilsə, Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupuna daxil olan təşkilatlarla birgə müzakirə aparıb alimin daha geniş müstəvidə müdafiəsi yollarını arayacaqlar: “Rəşid Əliyevin ailə üzvlərindən heç kim onunla görüşməyib. Bir dəfə Əflatun Amaşov zəng vurub mənə dedi ki, alimin qardaşı onun yanında olub və mənimlə görüşəcək. Alimin saxlanma şəraiti qaranlıq olduğundan vətəndaş olaraq onun müdafiəsinə qalxmışam. Təəssüf ki, qohumları və iş yoldaşları onunla bir dəfə də olsun maraqlanmayıb”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar