SON XƏBƏRLƏR

Elxan Zal Qaraxanlı: Məqsədimiz ümumtürk dərgisi yaratmaqdır (Müsahibə)

2021.10.20, 07:36
Elxan Zal Qaraxanlı: Məqsədimiz ümumtürk dərgisi yaratmaqdır (Müsahibə)

Gunaz.tv
Bu, günlərdə Türk dünyasının ortaq tarixindən, ədəbiyyatından, fəlsəfəsindən, mədəniyyətindən bəhs edən, Mahmud Kaşqarlı adına Beynelxalq Fondun nəşri olan “Ulu Çinar” adlı jurnalın birinci sayı işıq üzü gördü. Belə bir maraqlı jurnalın çapdan çıxması, əlamətdar hadisə olmaqla yanaşı, türk birliyinin yaranması və inkişafı yolunda, içtimai-mədəni düşüncənin formalaşmasında öz təsirini göstərə bilər. Bu, haqda suallarımızın cavabını almaq üçün dərginin baş redaktoru, yazar-şair Elxan Zal Qaraxanlı GÜNAZ.TV Mətbuat Xidmətinə öz fikirlərinə bildirib. - Elxan bəy, ilk öncə belə bir dərginin işiq üzü görməsi münasibəti ilə sizi təbrik edirik. Dərgi haqqında oxucularımıza bilgi vermənizi istərdik. - Məqsədimiz ümumtürk dərgisi buraxmaqdır. Burada türk ölkələrinin mədəniyyəti, ədəbiyyatı, çağdaş fikir və qələm adamlarının əsərləri, düşüncələri öz əksini tapır və gələn saylarımızda daha geniş şəkildə tapacaq. Daha doğrusu, biz bu dərgini bir düşüncə və mədəniyyət dərgisi kimi nəzərdə tutmuşuq. Bu gün əksər adamlar türk birliyindən danışır. Amma, birlik sözlə əmələ gəlmir. Gərək bunun üçün lazımi addımlar atıla. Əlbəttə, siyasətçilər öz işini görür, artıq bir sıra ortaq qurumlar yaradılıb. Dövlət başçılarının müntəzəm zirvə görüşləri keçirilir. Amma, sözün həqiqi mənasında birlik yaratmaq üçün, bu birliyi yaradan xalqların bir-birini yaxşı tanıması lazımdır. Tale elə gətirib ki, çox geniş ərazilərə səpələnmiş türk xalqları uzun illər boyu bir-birindən ayrı salınıb, onların dilləri arasında kəskin fərqlər yaranıb, onlar bir- birinin mədəniyyəti, adət-ənənələri barədə az məlumatlıdırlar. İnsanlar ortaq tarix dövrlərini demək olar ki, unudublar. Məsələn, Azərbaycan insanı anlaya bilmir ki, nəyə görə türkmənlər də Füzulini öz şairləri kimi tədris edirlər. Yəni, bizim, ortaq şairlərimiz, qəhrəmanlarımız, dövlətlərimiz olub. “Dədə Qorqud” dastanları Oğuz mənşəli olmasına baxmayaraq, şifahi rəvayətlər Qazaxstanda, qıpçaqların arasından toplanıb. Bu onu göstərir ki, keçmişdə bu xalqların folkloru eyni olub, uzaqlaşmalar sonrakı proseslərdə baş verib. Çingiz Aytmatov deyirdi ki, mən 60-cı illərdə özbək qəzetlərini rahat oxuyub anlayırdım, amma indi heç nə anlamıram. 60-cı illərdə çox yaxın olan Azərbaycan və Türkiyə türkcələrində də xeyli fərqlər yaranıb. İndiki dönəmdə birlikdən çox danışılsa da, türk xalqları bir-birinin çağdaş ədəbiyyatçıları, mədəniyyət və elm adamları, məişətləri, adət-ənənələri barədə az məlumatlıdırlar. Biz Avropanı Orta Asiyadan, Tatarıstandan, lap elə Türkiyədən yaxşı tanıyırıq. Buna görə bir-birimizi daha yaxşı tanımamıza yönəlik işlər görməmiz lazımdır. “Ulu çinar” dərgisi də bu yöndə görülən işlərdən biridir. Hələlik, onu yalnız Azərbaycan türkcəsində nəşr edirik. Növbəti saylarımızı Azərbaycan və rus dillərində nəşr etməyi planlaşdırırıq. Çünki Türkiyə istisna olmaqla, digər türk xalqları ilə anlaşmaq üçün, hələlik ən yaxşı vasitə rus dilidir. Mən dərgimizin bütün türk ölkələrində yayılmasını istəyərdim. Yaxın gələcəkdə saytımız da fəaliyyət göstərəcək. Sayt Azərbaycan, türk və rus dillərində olacaq. - Redaksiya və yaradıcı heyətdə kimlər təmsil olunur? - Redaksiya heyyətində, Anar, Nizami Cəfərov, Səlahəddin Xəlilov, Qənirə Paşayeva, Arif Əmrahoğlu, Çingiz Əlioğlu, Cavad Heyyət, Tofiq Məlikli, Rza Bərəhəni, Əkbər Qoşalı və s. kimi tanınmış adamlar var. Dərginin siqnal nömrəsini çox yüksək qiymətləndirən Oljas Suleymenov da redaksiya heyyətində təmsil olunmaq arzusunu bildirdi. Yaradıcı heyyətimiz Pərvanə Məmmədli, Azər Musayev, Əfqan Cəfərov, Rəbiqə, Elnur Eltürk, Elvin Bakiroğlu kimi istedadlı insanlardı. Birinci sayımız onların istedadının bariz göstəricisidir. Yəqin ki, bundan sonra yeni insanlar da cəlb edəcəyik, çünki hədəflərimiz böyükdür, görüləsi işlər də çoxdur. - Oxucularımızı üçün də maraqlı olardı ki, nədən dərginin adının “Ulu Çinar” qoymusunuz? - Ağac kultu əski türk inanclarında önəmli yer tutur. Türklər yaşadıqları ərazidən asılı olaraq, bir çox ağacları müqəddəsləşdirmişlər. Belə ağaclardan biri də çinardır və bu ağac daha çox Azərbaycanı simvolizə edir. Bizdə 500 illik, min illik çinarlar var. İnşallah, “Ulu çinarın” kölgəsi, yeni gəlişən türklüyün gənəş yeri, yəni məşvərət yeri olacaq, onun ətrafında yeni-yeni ideyalar doğulacaq. Azərbaycan həmişə türk dünyasının mənəvi mərkəzlərindən biri olub bə burada doğulan ideyalar türk ellərinin hər yerinə yayılıb. - Bu gün Azərbaycan belə dərgilərin sayı coxdurmu? - Mən bilən bizdə ümumtürk dərgisi yoxdur. Türkoloji, türkçü dərgilər var. Biz dərgimizi yalnız Azərbaycanda deyil, digər türk ölkələrində də yayacağıq, buna görə də mətnlər həm azərbaycanca, həm də rusca olacaq, o cümlədən şeirlər də. - Neçə düşünürsünüz, dərgi türk dünyasında öz yerini tuta biləcəkmi? - Bu bizim qabiliyyətimizdən asılıdır. Bir fikir adamı və yazar olaraq, mən ömrü boyu buna hazırlaşmışam. Komanda və maliyyə məsələləri stabilləşən kimi, jurnal daha ciddi görkəm alacaq. Mən nikbin adamam, məqsədə doğru addımlamağı sevirəm və allahın köməyi ilə həmişə qarşıma qoyduğum məqsədə çatmışam. İnsan bir şeyi çox istəyirsə, hökmən onu əldə edəcək. Bizim ətrafımızda çox istedadlı və enerjili gənclik var, bu savaşçı türk gəncliyidir, onların savaşı intellekt savaşıdır və mən, “Savaş ayələri”nin müəllifi Elxan Zal, belə oğullarla bir yerdə intellekt cihadına başlayıram. Bizə yol göstərən müdrik ağsaqqallarımız da var, müdriklik və güc bir yerdə olanda həmişə uğur qazanır. - Sonda, Elxan bəy sizə uğurlar arzu edirik və inanırıq ki, “Ulu Çinar” dərgisi türk dünyasının sevimli və oxunaqlı dərgisinə çevriləcəkdir. Söhbətləşdi: Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar