SON XƏBƏRLƏR

İranda ölənlərin sayı 38 nəfərə çatıb

2021.10.20, 07:36
İranda ölənlərin sayı 38 nəfərə çatıb

Gunaz.tv
İran parlamentinin sədri Əli Laricani keçmiş baş nazir Mirhüseyn Musəvi ilə Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubiyə xəbərdarlıq edib. Parlamentdə etdiyi çıxışında Laricani müxalifətin Aşura günü keçirdiyi etiraz aksiyasına qatılanları "fitnəkar" adlandırıb. O, Musəvi ilə Kərrubinin siyasi mövqeyini pisləyib: "Yolunuzu bu yaramaz və eybəcər cərəyandan ayırın. Bəyanatlar yayıb ölkənin indiki durumunu bundan da artıq gərginləşdirməyin. Siz Aşura günündəki hərəkətinizlə Allaha qarşı müharibəyə başlamısınız".Daha sonra Laricani üzünü ölkənin təhlükəsizlik rəsmilərinə tutaraq, Aşura günü aksiyasında tutulanlara ən şiddətli cəza verilməsini tələb edib: "Bu kimi əksinqilabçı şəxslərə zərrə qədər güzəştə gedilməməli, onlara ən şiddətli cəza verilməlidir".Xatırladaq ki, dekabrın 27-si Aşura günü Tehranda və bir neçə digər şəhərdə keçirilən siyasi aksiyalarda polislə baş verən qanlı qarşıdurmalar zamanı hökumət qüvvələrinin odlu silahdan açdığı atəş nəticəsində ən azı 21 nəfər öldürülüb. Ölənlər arasında keçmiş baş nazir Musəvinin bacısı oğlu Seyidəli Musəvi də var."İnterfaks"ın yaydığı məlumata görə, Parisdə yaşayan və İran müxalifətinə yaxın olan iranlı rejissor Möhsün Mahmalbaf deyib ki, mərhum ölümündən bir neçə gün əvvəl gizli polis tərəfindən hədələnib. O, BBC-yə açıqlamasında bildirib ki, gizli polisin əməkdaşları S.Musəviyə zəng edərək onu ölümlə hədələyiblər: "Hadisələr zamanı bir avtomobildən çıxan gizli polisin 5 əməkdaşı onu sinəsindən güllələyiblər. O, xəstəxanaya çatdırılarkən keçinib".M.Mahmalbaf Mirhüseyn Musəvinin də təcrid edildiyini və daim izləndiyini söyləyib. "Mediaforum" saytının məlumatına görə, Aşura günü İranda keçirilən siyasi aksiyalardan sonra həbslər çoxalıb. Belə ki, dekabrın 28-də Kəşfiyyat İşləri Üzrə Nazirliyin (ETTELAAT) əməkdaşları İran Azadlıq Hərəkatı Partiyasının rəhbəri İbrahim Yəzdi və onun bacısı qızı Leyla Təvəssülini öz mənzillərində, Mirhüseyn Musəvinin üç müşavirini, həmçinin siyasi fəallar Murtuza Hacı, Əlirza Beheşti və Qurban Behzadiyan Nejadı tutaraq bilinməz istiqamətə aparıblar. Bundan başqa, ETTELAAT əməkdaşları tanınmış jurnalistlər Heşmətullah Təbərzədi, Maşallah Şəmsulvaezin və İmaməddin Baqini, həmçinin sülh üzrə Nobel mükafatı laureatı Şirin İbadinin bacısı Nuşin İbadini mənzilində tutaraq aparıblar. Həmçinin ETTELAAT-çılar İranın keçmiş prokuroru, Qum Dini Dairəsinin Tədqiqatçılar və Müəllimlər Qurumunun rəisi Hüseyn Musəvi Təbrizini də həbs ediblər. Onun da hara aparıldığı müəyyən deyil.Azərbaycan milli hərəkatının tanınmış siması, 52 yaşlı fəal Çingiz Bəxtavərin isə dekabrın 27-də Təbrizdəki iş yerində meyiti tapılıb. Məlumata görə, təbrizli fəalın qəfil ölümünün səbəbi bəlli olmadığından onun meyiti tibbi ekspertizaya aparılıb. Dekabrın 29-da isə mərhum Təbrizin Maralan məhəlləsinin qəbiristanlığında torpağa tapşırılıb. Hələlik Ç.Bəxtavərin ölümünün səbəbi barədə heç bir açıqlama verilməsə də, onun öldürüldüyü güman edilir. Belə ki, Ç.Bəxtavər son illərdə dəfələrlə Kəşfiyyat İşləri üzrə Nazirliyin (ETTELAAT) Təbrizdəki şöbəsinin əməkdaşları tərəfindən tutularaq həbsdə saxlanıb.Onun dəfn mərasimində isə onlarla azərbaycanlı həbs edilib. Məlumata görə, Kəşfiyyat İşləri üzrə Nazirliyin (ETTELAAT) Təbriz şöbəsinin 40-a yaxın mülki geyimli əməkdaşı Ç.Bəxtavərin dəfn mərasiminə toplaşan yüzlərlə azərbaycanlıya hücum edib. ETTELAAT əməkdaşları mərasimə qatılanlara zorakılıq nümayiş etdirib, onlara qarşı dəyənək işlədib. Tutulan fəallar bilinməz istiqamətə aparılıb. Hücuma məruz qalanlar arasında Azərbaycan milli hərəkatının tanınmış nümayəndələrindən olan, dəfələrlə həbsdə saxlanmış Abbas Lisaninin də döyülüb təhqir edildiyi bildirilir.İran xüsusi xidmət orqanlarının növbəti hədəfi isə hökumətə müxalif olan nüfuzlu ruhanilər - ayətulla Seyidəli Məhəmməd Dəstqeyb və ayətulla Yusif Saneyi olub. Belə ki, dekabrın 29-da ETTELAAT və "Bəsic" (hökumət tərəfdarı olan könüllülər dəstəsi) təşkilatının dəyənəkli təmsilçiləri S.M.Dəstqeybin Şiraz şəhərindəki qərargahında bütün qapı-pəncərələri qırıblar. Hücumlar daha sonra ayətulla Dəstqeybin mənzilində davam etdirilib. Onun ailə üzvlərini təhqir edən ETTELAAT və "Bəsic" təmsilçiləri Qoba məscidinə də basqın ediblər. Həmin vaxt ayətulla Dəstqeyb məsciddə tərəfdarları qarşısında çıxış edirmiş. Hücumçular məscidi daşa basıblar, onun çıxışını dinləyən möminləri dəyənəklə döyüb zorla məsciddən çıxarıblar və məscidi bağlayıblar. Hücumçular İranın dini rəhbəri ayətulla Əli Xamneyinin lehinə, müxalifət liderlərinin (keçmiş baş nazir Mirhüseyn Musəvi, Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi və keçmiş prezident Məhəmməd Xatəmi) əleyhinə şüarlar da səsləndiriblər.Ayətulla Yusif Saneyinin Qum, Məşhəd, Kirman və Tehrandakı qərargahlarına hücum zamanı da hücumçular qərargahların bütün şüşələrini qırıblar, tabloları yerindın qopararaq İranın dini rəhbəri ayətulla Əli Xamneyinin lehinə şüarlar səsləndiriblər.Qeyd edək ki, İranın "Yaşıl hərəkat" mənbələrinin yaydığı məlumata görə, Tehranda və digər şəhərlərdə keçirilmiş aksiyalarda öldürülənlərin sayı 38 nəfərə çatıb. Öldürülənlərin əksəriyyətinin Tehranda həlak olduğu vurğulanır. Bildirilir ki, onlardan 30-a yaxını hökumət qüvvələrinin odlu silahdan açdığı atəş nəticəsində həlak olub, qalanları isə polis avtomobillərinin altında qalaraq əzilib. Həbs olunanların sayı isə 2 min nəfərə çatır. Məlumata görə, Tehranın Evin zindanında yer olmadığından tutulanların bir qismi ölkənin digər həbsxanalarına köçürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar