SON XƏBƏRLƏR

Sabah 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür

2021.10.20, 07:36
Sabah 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür

Gunaz.tv
Xudeş Əsgərov: "Məhz sərhəd hərəkatı sayəsində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi tarixə düşdü" "Güney və Quzey Azərbaycan arasında artıq bir dəfə yıxılmış sərhədlər bir gün tam yığışdırılacaq" Sabah dünyanın əksər ölkələri yeni ilin gəlişini bayram edəcəklər. Amma 31 dekabr günü Azərbaycan türkləri üçün ikiqat bayramdır. Artıq on yeddi ildir ki, ölkə dekabrın 31-ni həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qutlayır. Həmin münasibətlə məhz bu tarixin seçilməsi isə qətiyyən təsadüfi deyil. Çünki 1989-cu il dekabrın 31-də çar Rusiyası və İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsinin şərtləri əsasında ikiyə bölünmüş Azərbaycan arasında çəkilmiş sərhədlər millətin iradəsilə dağıdıldı. Bununla da 1946-cı ildən sonra dünya yenidən Azərbaycan türklərinin "bölünmüş millət" olmaları faktıyla üz-üzə qaldı. Dünya heyrət içindəydi: Azərbaycan türkləri planetin yarısına hökm edən "şər imperiyası"nın sərhədlərini dağıtmışdı. Bir sözlə, Qərbin 70 ildə bacarmadığı bir işi Azərbaycan türkləri bir neçə saata həyata keçirdilər. Amma tarix öz-özünə yaranmır, onu yaradanlar var. Həmsöhbətimiz 1989-cu il dekabrın 31-də baş vermiş "sərhəd aksiyası"nın təşkilatçılarından biridir. "Əbülfəz Elçibəy bizi möhkəm dayanmağa və çəkinməməyə çağırdı" Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olmuş Xudeş Əsgərov Azərbaycanı ikiyə bölən sərhədlərin dağıdılmasını, başqa sözlə, tarixi ədalətsizliyin bərpası haqda xatirələrini birnəfəsə danışdı: "1989-cu ilin payızında biz cəbhəçilər və başqa yerli sakinlər Şərur rayonunun (o vaxtkı İliç) Kəngərli (indi müstəqil rayondur) ərazisində sərhəddə yerləşən Şahtaxtı kəndində tez-tez görüşüb, müzakirələr aparardıq. Həmin müzakirələrdə Quzey və Güney Azərbaycanı bir-birindən ayıran Sovet-İran sərhədlərinin dağıdılmasının zəruriliyi, bunun vaxtının çatdığı haqda fikirlərimizi bölüşərdik. Zaman keçdikcə bizim artıq sərhəd xəttinin lap yaxınlığında keçirdiyimiz toplantılara ətraf kəndlərin sakinləri daha əzmlə qoşulur və bu niyyətimizi dəstəkləyirdilər. Həmin ərəfədə, noyabr ayında AXC Müdafiə Komitəsinin yığıncağında iştirak etmək üçün Bakıya getdim. Qeyd edim ki, komitənin bölgə üzrə rəhbəri idim. Toplantıda imkan tapıb rəhmətlik Əbülfəz Elçibəyə sərhədləri dağıtmaq niyyətimizi bildirdim. Bəy dedi ki, bu barədə məlumatı var. Hətta onu da dedi ki, sizin bu planınız İran tərəfində narahatlıq doğurub və onlar artıq sovet rəhbərliyinə öz narazılıqlarını çatdırıblar. Mən başa düşdüm ki, bu məsələyə görə respublika rəhbərliyi Əbülfəz Elçibəyə təzyiq göstərməyə çalışıb. Amma o, söhbətimizdə bizi möhkəm dayanmağa və çəkinməməyə çağırdı. Sözsüz ki, bəyin bu mövqeyi bizim qətiyyətimizi daha da artırdı. Geri qayıdan kimi birbaşa Şahtaxtıya yollandım və oradakı mənzərə məni xeyli təsirləndirdi. Bu mövzu indi bəlkə də çoxlarına adi görünür. Amma təsəvvür edin ki, yerli cəbhəçilər Şahtaxtıda, sərhədin lap yaxınlığında çadır qurmuşdular. "Həm sovet, həm də İran sərhədçilərinə ismarıc göndərirdik ki, sərhədlər mütləq dağıdılacaq" Eyni zamanda, ərazidəki sovet sərhəd qoşunlarının şəxsi heyəti və komandanlığı da ayaqda idi. Arazın o tayında da İran təhlükəsizlik qüvvələri sərhəd zonasını möhkəmləndirməyə çalışırdılar. Amma biz həm sovet, həm də İran sərhədçilərinə ismarıc göndərirdik ki, sərhədlər mütləq dağıdılacaq. Hətta bunun tarixini onlara söyləməkdən də çəkinmirdik. Dekabrın son günlərində sərhədin hər iki tərəfində mühafizə tədbirləri xeyli gücləndirildi. Bizim olduğumuz əraziyə xeyli hərbi texnika və əsgərlər yeridildi, ətraf kəndləri sərhədlə birləşdirən yollarda postlar quruldu, əhalinin hərəkəti məhdudlaşdırıldı. Vəziyyət o həddə çatdı ki, dekabrın 31-nə doğru sovet hərbçiləri müxtəlif vasitələrlə sərhəd zolağına daxil olmuş insanları oradan uzaqlaşdırmışdılar. Təzyiqlərə baxmayaraq, mən və daha bir neçə nəfər, o cümlədən, bütün Naxçıvanda tanınan "piket" Həsən oranı tərk etmədik. Biz artıq sərhədləri necə sökmək barəsində düşünürdük və "sınaqlar" aparırdıq. İlk fikrimiz belə idi ki, sərhəd dirəklərinə od vuraq. "1989-cu il dekabrın 31-də baş verənləri xatırlayanda indi də qanım qaynayır" Dirəklərin yanmasını mən yoxladım. Həmin ağacları neftlə islatdım və od vurdum. Dirəklərin yandığını görüb, onları söndürdüm. Geri qayıdanda mənim hərəkətimi izləmiş rus sərhədçi, odu niyə söndürdüyümü soruşdu. Ona dedim ki, hər şeyin vaxtı var. Dirəklər dekabrın 31-də yandıracağıq. Həmin hərbçi ərazidəki əsgərləri və hərbi texnikanı göstərərək, buna imkan verməyəcəklərini dedi. Mən də qayıtdım ki, baxarıq. 1989-cu il dekabrın 31-ni və o gün baş verənləri xatırlayanda inanın ki, indi də qanım qaynayır. Artıq əhali bilirdi ki, ayın 31-də sərhədlər dağıdılacaq. Bir neçə gün əvvəl hərbçilərin ərazidən güclə çıxardığı əhali həmin zonaya elə bir axın etdi ki, hərbçilər bu selin qarşısında bir şey edə bilməyəcəklərini anladılar və müdaxilə etmədilər. Beləliklə də, zonadakı sərhəd dirəkləri söküldü. Araz çayının suyu həmişə sərindir, qış aylarında isə ona əl vurmaq da olmur. Amma minlərlə insan o anda özünü çaya salmaqdan saxlaya bilmədi. Pünhan adlı bir gənc isə nə soyuqdan, nə də hərbçilərdən qorxmayaraq, üzüb o taya keçdi. "Dünya gördü ki, heç nə - nə tarix, nə də güc Azərbaycan türklərinin birləşmək əzmini sındıra bilməz" Güneydəki soydaşlarımız da bu aksiyaya həmin an qarşılıq verdilər. İran sərhədçilərinin yaratdığı maneələrə baxmayaraq, soydaşlarımız bütün postları dağıdıb-keçərək çayın o biri sahilində yer tutdular. Öyrəndik ki, fars rejiminin hərbçiləriylə toqquşmada güneyli soydaşlarımızdan biri öldürülüb və neçəsi də yaralanıb. Amma o an elə bir coşqu yaranmışdı ki, bu haqda fikirləşən də yox idi. Hər iki tərəfdə yerləşən soydaşlarımız səsgücləndiricilər vasitəsilə sözlərini çatdırırdılar. Çox qısa bir vaxtda Güneydən və Quzeydən olan neçə nəfər öz doğmalarını tapdı və bu cəhdlər növbəti günlərdə də davam etdirildi. 20 Yanvar hadisələrindən sonra əraziyə sovet xüsusi təyinatlıları yeridildi və onlar tədricən sərhəd dirəklərini yenidən quraşdırdılar. Bununla belə, 1989-cu ildə sərhədlərin dağıdılmasından sonra onların bərpası "daldan atılan daş"dan başqa bir şey deyil. Bütün dünya gördü ki, heç nə - nə tarix, nə də güc Azərbaycan türklərinin birləşmək əzmini sındıra bilməz. Hər halda, Güney və Quzey Azərbaycan arasında artıq bir dəfə yıxılmış sərhədlər bir gün tam aradan qaldırılacaq. Mənim buna şübhəm yoxdur". "Sərhədlərin KQB-nin planı əsasında söküldüyü haqda iddiaların da heç bir əsası yoxdur" Xudeş Əsgərov sərhədlərin uçurulmasından sonra sovet təbliğat maşınının püskürdüyü dezinformasiyalar və Bakıda səslənən bəzi fikirlərə də toxundu: "O vaxt Naxçıvanda keçirilmiş mitinqdə Moskvanın iddialarına birbaşa cavab verildi ki, "narkoman" və "alkaş" bu böhtanı atanların özləridir. O da bildirildi ki, sərhədlərin KQB-nin planı əsasında söküldüyü haqda iddiaların da heç bir əsası yoxdur. Həmin hadisələrin mərkəzində olmuş şəxslərdən biri olaraq, bunu tam məsuliyyətlə deyirəm. Heç kəsin həmin tarixə böhtan atmağa haqqı yoxdur. Məhz sərhəd hərəkatı sayəsində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi tarixə düşdü. Bu şərəfli tarixə qara yaxmaq yox, onunla fəxr etmək lazımdır". Rahid Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar